Misir hökumətinin yeni paytaxt üçün xərclədiyi vəsaiti Azərbaycan hökuməti ofşorlara daşıyıb
Ötən gün xəbər saytlarında Misirlə bağlı bir informasiya tirajlandı. Məlum oldu ki, Misir hökuməti ölkə paytaxtını Qahirədən 45 kilometr şərqdə yerləşəcək yeni şəhərə köçürmək niyyətindədir. Yeni paytaxt layihəsini ictimaiyyətə açıqlayan Misir hökumətinin üzvü Mustafa Madbuli bildirib ki, yeni şəhər ölkənin əsas ticarət arteriyası sayılan Süveyş kanalına Qahirədən daha yaxın olacaq. “Hazırda Qahirədə 20 milyona yaxın insan yaşayır. Proqnozlara görə, bu rəqəm 40 ildən sonra iki dəfə artacaq. Bunu nəzərə alaraq dövlət idaretmə sistemini rahatladacaq alternativ paytaxtın tikintisini planlaşdırmışıq. Yeni şəhərin tikintisi təxminən 45 milyard dollara başa gələcək, əhalisi isə 5 milyon nəfərə çatacaq”,- deyə M.Madbuli əlavə edib.
Göründüyü kimi, Misir hökuməti yeni paytaxtın tikintisi üçün 45 milyard vəsait xərcləyəcək. Bəs, Azərbaycanda bu vəsaitlə nələr edilir?
Təkcə Avropa oyunlarına 8 milyarddan artıq vəsait xərclənib. Yəni Misirdə yeni paytaxt üçün nəzərdə tutulmuş vəsaitin 5-də bir hissəsinə, Azərbaycanda mənasız tədbir keçirilir. Təkcə “Azəri-Çıraq-Günəşli” yatağından 110 milyard gəlir gəlib və bu vəsait xərclənib. Rəsmi məlumata görə, son 10 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard investisiya yatırılıb. Deməli, təkcə “Azəri-Çıraq-Günəşli” yatağından gələn vəsait hesabına 3 yeni şəhər salmaq mümkün imiş.
Azərbaycan hakimiyyəti isə bu qədər vəsait hesabına yalnız binaların üz qabığını dəyişdirib, park salıb, idman kompleksi tikib. Hələ də ölkənin əksər yerlərində qaz, su, kanalizasiya sistemi yoxdur. 500 min gənc ailə evsizdir. Işsizlik yüksək həddə çatıb. 13500 şəhid ailəsinin sosial sığorta haqqı ödənilmir. Dövlət Universitetlərinin 65 faizi ödənişli əsaslarla fəaliyyət göstərir, yerli istehsal bərbad vəziyyətdədir və pulların böyük əksəriyyəti xərclənib.
Yəni Misir hökumətinin 5 milyon insanın yaşayacağı şəhər üçün xərclədiyi vəsaiti hökumətimiz havaya sovurub. Nəinki 5 milyon, 5000 vətəndaş da bu pulun bəhrəsini görməyib.
Belə nəticəyə gəlmək olur ki, bugünə qədər Azərbaycana axan vəsait hesabına Bakı şəhərini yenidən tikmək olardı.
Ən dəhşətlisi isə budur ki, Azərbaycandan yalnız ofşorlara daşınmış vəsaitlə yeni paytaxt yaratmaq mümkün imiş. Bəli, ofşorda gizlədilmiş 48 milyard 5 milyon insanın sığınacağı ola biləcək məbləğdi.
Reallıq budur ki, Misir hökumətinin 5 milyon üçün xərclədiyi vəsaiti Azərbaycan hakimiyyəti 5-10 nəfərin arasında bölüşdürüb. Xalq isə bu bölüşdürmə prosesində bölünə-bölünə xırdalanıb.
Bugünə qədər ölkəyə daxil olan vəsait böyük fürsət idi və bu fürsət yalnız hakimiyyət komandası üçün dəyərləndirildi.
Təkcə Misir nümunəsi göstərdi ki, bu ölkədə xırda oğurluqlar olmayıb, dövlətin bugünü və sabahı, vətəndaşın taleyi oğurlanıb.
Akif