"Bu, Cəmil Həsənlinin apardığı mübarizəyə hakimiyyətin cılız və səviyyəsiz, qurşaqdan aşağı cavabıdır"
Milli Şura qurumun rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənli ilə bağlı ədalətsiz məhkəmə hökmünə etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: "20 fevral 2015-ci il tarixdə Yasamal rayon məhkəməsində hakim Aqşin Əfəndiyevin sədrliyi ilə keçən məhkəmə prosesində Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində ittiham hökmü çıxarılıb. Hökmə görə Günel xanımın azadlığı bir il altı ay müddətində məhdudlaşdırılmalı və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Milli Şura bu ədalətsiz, əsasasız və vicdansız hökmü qətiyyətlə pisləyir və onun əslində Cəmil Həsənlinin son prezident seçkilərində prezidentliyə namizəd və Milli Şuranın sədri kimi apardığı prinsipial, ardıcıl siyasi mübarizəyə hakimiyyətin cılız və səviyyəsiz, qurşaqdan aşağı cavabı kimi qiymətləndirir. Təbii ki, hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Lakin Günel Həsənli məhz atasının siyasi fəaliyyətinə görə cəzalandırılaraq cinayət məsuliyyətinə cəlb edilib, aşırı sərt və ədalətsiz cəza alıb. Belə ki, Günel xanıma qarşı cinayət işi hüquq-mühafizə orqanları tərəfindən fakt üzrə qaldırılıb, məhkəmənin zərərçəkən kimi tanıdığı, lakin faktiki olaraq hadisə zamanı heç bir xəsarət almayan 86 yaşlı xanım məhkəmədə Günel Həsənlidən şikayəti olmadığını bildirib. Günel xanımın himayəsində iki azyaşlı övladı var. Bu şərtlər daxilində Günel Həsənliyə verilən qeyri-adekvat sərt cəza Azərbaycan Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş Bərabərlik, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin ehtiva etdiyi Ədalətli mühakimə hüquqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan məhkəmə praktikasında hətta ağır xəsarətlə nəticələnən yol qəzalarına görə qadınlara, bir qayda olaraq, azadlığın məhdudlaşdırılması ilə bağlı cəzalar təyin edilmir. Bu hökm heç şübhəsiz ki, məhkəmənin Günel Həsənliyə təyin etdiyi cəza deyil, validenylərin müxalifətçi mövqeyinə görə övladların cəzalandırılmasını artıq sınanmış idarəetmə metoduna çevirmiş siyasi hakimiyyətin Cəmil Həsənlidən qisas almasıdır. Bu məhkəmə qərarı recimin gerçəkdə dialoq tərəfdarı olmadığının, əksinə, siyasi opponentlərə qarşı qisasçılıq mövqeyindən çıxış etdiyinin, qanun qarşısında hər kəsin bərabərliyi prinsipinin yalnız deklarativ xarakter daşımasının, recimin öz siyasi rəqiblərini cəzalandırmaq, onları susdurmaq üçün məhkəmələrdən, dövlətin imkanlarından, inzibati resurslardan sui-istifadə etməsinin bariz göstəricisidir. Milli Şura olaraq Azərbaycan hakimiyyətini nəinki ictimai-siyasi münasibətlərə sağalmaz zərbə vuran, onsuz da rüsvayçı durumda olan məhkəmə-hüquq sistemini daha da ifşa edən, hətta cəmiyyətimizin milli-məvəvi mühitini zəhərləyən, əxlaq və mənəviyyat normaları ilə bir araya sığmayan bu davranışlarına son qoymağa çağırırıq".