AXCP Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində Yasamal rayon məhkəməsinin çıxardığı qərarla bağlı bəyanat verib. Bəyanatda deyilir:
"Azərbaycan hakimiyyəti növbəti dəfə özünün irticaçı, repressiv mahiyyətini nümayiş etdirə bildi. Bu dəfə hökumətin sifarişlə qəbul etdirdiyi bir məhkəmə qərarı ciddi ictimai qınaqla qarşılaşmaqdadır və bu, belə də olmalı idi. Söhbət ondan gedir ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı, 2 uşaq anası Günel xanım 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edilib. Günel xanım haqqında hökmün çıxarılmasına isə guya guya 6 ay bundan əvvəl baş vermiş bir avtomobil qəzası bəhanə kimi istifadə edilib. Bu dırnaqarası «avtoqəza» zamanı isə nə şikayətçi var, nə xəsarət alan, nə də belər bir hökm çıxarmaq üçün istifadə ediləcək hər hansı cinayət hadisəsi. Bütün ictimaiyyətə, həm də dəfələrlə mətbuat vasitəsilə elan edilib ki, məhkəmənin istifadə etdiyi həmin hadisə baş verən zaman zərərçəkmiş 86 yaşlı Ədilə Səlimovanı xəstəxanaya aparıb, həkim müayinəsi nəticəsində bəlli olub ki, hər hansı sınıq, ağır və az ağır xəsarət izləri olmadığı üçün Ədilə xanım evinə buraxılıb. Sözü gedən məhkəmə prosesində isə Ədliyyə Səlimova yazılı və şifahi olaraq təsdiq edib ki, heç bir şikayəti yoxdur. Əlbəttə, bu uydurma «cinayət» faktı hakimiyyətin əlinə həm istintaq, həm də məhkəməyə sifariş verərək öz əsas opponentlərindən biri, 2013-cü ildə prezident seçkiləri zamanı İlham Əliyevi məğlubiyyət uğradan və eyni zamanda seçki kampaniyası zamanı milyonlarla insana səslənərək rejimin cinayətlərini sadalamaqla xalqın sevimlisinə çevrilmiş Cəmil Həsənlini cəzalandırmaq üçün fürsət kimi düşüb. Azərbaycanın avtoritar rejimi birinci dəfə deyil ki, ataların siyasi fəaliyyətinə görə onların övladlarını da cəzalandırmaq kimi yaramaz üsuldan istifadə edir. Bu, əlbəttə, siyasətə və idarəetməyə Stalinizm metodlarının tətbiq edilməsidir. Xalq Cəbhəsi partiyası bu cür yaramaz və milli mənəviyyat normaları ilə daban-dabana zidd olan üsullarlarla siyasət yürüdülməsini qətiyyətlə pisləyir. AXCP belə hesab edir ki, Cəmil Həsənliyə qarşı bu iyrənc siyasi təzyiq onun Milli Şuranın sədri kimi prinsipal siyasi mövqeyinə və mübarizəsinə görə təbiq edilən bir repressiya metodudur. AXCP hakimiyyəti öz opponentlərinə qarşı bu cür təqib və təzyiq üsullarından imtina etməyə və nəhayət, sivil siyasi rəqabət normalarını mənimsəməyə çağırır".