Eldəniz Quliyev: «Şəxsən mənim üçün onların dedikləri milçək vızıltısından başqa bir şey deyil»
Qurban Məmmədov: «Məqsədi, niyyəti bəlli olmayan, qüvvələrin dialoq oyununda öz sıralarına Milli Şuranı da qoşmasına imkan vermək olmaz»
Hakimiyyətin dialoq ssenarisində iştirak edən təşkilatlar ünvanlarına yönələn tənqidlərə aqressiv reaksiya veməkdədirlər. Hakimiyyətin yürütdüyü imtasiya siyasətinin iştirakçısı olan təşkilatlar əksinə atdıqları addımın cəmiyyətin maraqlarına cavab verdiyi düşüncəsindədirlər. Dialoq iştirakçısı olan bir neçə partiya tənqidlərə əsaslı arqumentlərlə cavab vermək əvəzinə Milli Şuranı hədəf seçmək kursunu tutublar. Buna səbəb isə Milli Şuranın hakimiyyətin bu təşəbbüsünü birmənalı qimyətləndirməməsi olub.
«Yeni Müsavat» qəzetinə açıqlamalarında KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Şuranın ünvanına bir sıra ittihamlar səsləndiriblər. Hətta bu ittihamlar zamanı hakimiyyətlə mövcud formatda dialoq tərəfdarları absurdda da varıblar. ADP sədri Milli Şuranı İŞİD terror təşkilatı, Ukraynadakı separatçılarla belə müqayisə edib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev hesab edir ki, əslində bu cür açıqlamalar ilə kimin-kim olduğu açıqlanır: «Hakimiyyətin kiçik məmuru ilə dialoq adına monolqa qulan asmağa qaça-qaça gedən «müxalifət» istədiyi şeyi deyə bilər. Çünki bunların ürəklərində bu var imiş. Xalqa yazıqlar olsun ki, maskalanmış bu qurumlara uzun illər müxalifət deyib. Milli Şura yeganə ictimai-siyasi güc olaraq, ləyaqətlə, vicdanla, Azərbaycan ictimai-siyasi fikrini təmsil edir. Əgər dialoqa getmək lazım olsa və bu proses cəmiyyəti narahat edən problemləri çözməyi qarşısına məqsəd kimi qoysa, Milli Şura yalnız ölkə başçısı ilə dialoqa gedə bilər. Milli Şura ən azından hakim partiyanın bütün rəhbərliyi iştirak etdiyi dialoqa qatıla bilər. Sərdar Cəlaloğlunun dedikləri çox zaman «gecə vaxtı ulduza deyilən sözlər» silsiləsindəndir. İqbal Ağazadə hamının tanıdığı bir məsələdir. Əgər bu şəxslər Azərbaycan müxalifəti funksiyasını daşımağı öhdələrinə götürürlərsə, bu yalnız sifarişli müxalifət ola bilər. Bunların da dialoqları yalnız imitasiyaya, kimisə yamsılamağa hesablanıb».
E.Quliyev Milli Şuranın ünvanına səslənən absurd ittihamlara əhəmiyyət verməməyə məsləhət verdi. «Şəxsən mənim üçün onların dedikləri milçək vızıltısından başqa bir şey deyil. Amma çox istərdim ki, bu siyahıdan KXCP sədri Mirmahmud Mirəlioğlunu istisna edim. Bizi ittiham edənlərin işi ayağısürüşkən qadının özünü haqlı çıxarmaq üçün qışqırmasına bənzəyir», deyə E.Quliyev vurğuladı.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov bildirdi ki, hansı əsasla dialoqa gedənlər bu dialoqdan imtina edənləri ittiham edir: «Mən bir məqamı anlaya bilmədim Milli Şura məgər hər hansı bir partiya qarşısında dialoqa getmək öhdəliyi götürüb? Məgər dialoqa insanı zorla aparmaq olar? Mən yalnız o zaman dialoqa gedə bilərəm ki, orada mənim maraqlarıma cavab verən məsələlər müzakirə olunacaq. Dialoqa gələn tərəfləri hakimiyyəti İlham Əliyev, Milli Şuranı da hörmətli Cəmil Həsənli, Əli Kərimli təmsil etsin».
Q.Məmmədli bildirdi ki, əgər hakimiyyət cəmiyyəti narahat edən məsələlərin müzakirəyə ehtiyacı olduğunu düşünürsə, o zaman buyursun, təkliflərini Milli Şuraya təqdim etsin: «Məhz müzakirə olunacaq məsələlər təklif olunandan sonra Milli Şura qərar verə bilər ki, bu məsələlərlə bağlı müzakirəyə getmək olar, ya yox. Yoxsa məqsədi, niyyəti bəlli olmayan, bir çoxlarına siması aydın olan, prezident seçkilərində namizədliyini verib, lakin İlham Əliyevi dəstəkləyən və özünü müxalifət adlandıran qüvvələr öz sıralarına Milli Şuranı da qoşaraq insanları siyasətdən iyrəndirmək istəyirlərsə, buna yol vermək olmaz».
Azərbaycanda dialoqun həyatı zərurət olduğunu düşünən Q.Məmmədov bildirdi ki, indiki siyasi situasiyanın davamı Azərbaycan kor təbbi xalq üsyanı ilə nəticələnə bilər. Bu isə Azərbaycanın milli maraqlarına uyğun deyil. «Bu Azərbaycan xalqının, müxalifətin də mənafeyinə uyğun deyil. Hadisələrin bu cür gedişatı o cümlədən xarici banklarda böyük ehtiyatı olan hakimiyyətin də maraqlarına ziddir. «Amma dialoqu da siyasi qaydalara uyğun aparmaq lazımdır. Bu gün iqtidarla müxalifətin dialoqun müzakirə mövzusuna çevirə biləcəyi məsələ siyasi məhbus probleminin çözümüdür. Digər bir mühüm məsələ isə Seçki Məcəlləsinin müzakirəsi, qarşıdan gələn parlament seçkilərində demokratik seçkinin keçirilməsinə nail olmaqdır», deyə Q.Məmmədov vurğuladı.
Xəyal