Azərbaycan hakimiyyəti məhkəmənin Həsən Kərimovla bağlı verdiyi qərarı icra etmir
Azərbaycan hakimiyyəti yenə ənənəsinə sadiq qalaraq üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmir. Hakimiyyət Avropa Məhkəməsinin Həsən Kərimovla bağlı çıxardığı qərarı icra etmir.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov qəzetimizə açıqlamasında bildirdi ki, 2005-ci ildə keçirilən parlament seçkilərində yol verilən saxtakarlıqla bağlı Avropa Məhkəməsinə etdiyi müraciətə 9 ildən sonra cavab verildi. Keçən il senyabrın 25-də Avropa Məhkəməsinin bu işlə bağlı qərar çıxardığını deyən H.Kərimov vurğuladı ki, qərarda qeyd edilir ki, hakimiyyət 2005-ci ildə H.Kərimova qarşı qanun pozuntularına yol verdiyini etiraf etməli və ona 7500 manat ödəməlidir. Eyni zamanda 2544 avro da vəkilə ödənişin edilməsi barədə qərar çıxardılıb: «Qərara müvafiq olaraq mən Prezident Administrasiyası yanında İnsan Haqları şöbəsinin müdiri Azərbaycanın Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova müraciət etdim. Mənə bildirdilər ki, Beynəlxalq Bankda hesab açaraq onlara ərzə ilə müraciət etməliyəm. Deyilənləri etdim. Mənə bildirdilər ki, qısa müddətdə mənimlə əlaqə saxlanılacaq və pul hesabıma köçürüləcək. Amma bu hadisədən bir ayın keçməsinə baxmayaraq sözügedən məbləğ hesabıma köçürülməyib. Çingiz Əsgərovla yenidən əlaqə yaratmaq cəhdlərim alınmır».
H.Kərimovun sözlərinə görə, görünür belə bir addımın atılmasında müəyyən maraqlar güdülür: «Görünür köçürmənin yubadılmasında Avropa Məhkəməsində işləyən Azərbaycan hakimiyyətinin nümayəndələrinin müəyyən rolu var. Bu olay bir daha göstərir ki, məmurlar meydan sulayırlar. İlham Əliyevin dediyi sözlər sadəcə bir bəyanatdır və onun göstərişləri yerinə yetirilmir. Azərbaycan məmurlarının nəinki daxili qərarlara, hətta Avropa Məhkəməsinin də qərarlarına əməl etmək niyyəti yoxdur. Baş verən AXCP-yə və birbaşa mənə olan münasibətdir. Baş verənləri müşahidə edəndə mənim yadıma 2010-cu ildə Fuad Muradovla olan mübahisəm yadıma düşür. O, bildirdi ki, biz işlərimmizi elə qurmuşuq ki, Avropa Məhkəməsi heç mənim müracəitimə baxmayacaq».
İş üzrə vəkil Əsabəli Mustafayev də bildirdi ki, ödəniş Avropa Məhkəməsinin qərarından sonrakı 3 ay müddətində ödənilməli idi. Bu müddət isə keçən ilin dekabr ayında artıq bitib. Ə.Mustafayev onu da vurğuladı ki, hökumət sözügedən məbləğin ödənilməsində gecikməyə görə də əlavə ödəniş etməlidir. Avropa Məhkəməsinin qərarında 3 ay müddət keçdikdən sonra hər gecikilən aya görə ödənilməli faizin miqdarı da göstərilib.
Xəyal