Onu partiyanın Divanına çağırdılar: “Davranışlarınızın nizamnaməyə uyğun olub-olmadığı müzakirə ediləcək”
Müsavatda qarşı duran tərəflər yollarını rəsmən ayrımaqdadırlar. Daha doğrusu, son açıqlamalar və məlumatlar başda Qubad İbadoğlu olmaqla, partiyadakı narazıların önündə gedənlərin yaxın günlərdə Müsavatdan çıxarılacağını göstərir.
Ötən gün Müsavat başqanı Arif Hacılı partiyada təmsilçiliyini saxlamaqla özünün Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını təşkilatlandıran Qubad İbadoğlu ilə haqq-hesab çəkməklərinin zamanı gəldiyinə işarə vurub. O, özünün facebook səhifəsində yazıb:
“Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampanniyanın lideri olmamışdı. Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.
Bu bəyanatdan aydın görünür ki, Arif Hacılı Qubad İbadoğlunun Müsavatdan çıxarılmalı olduğunu düşünür və ola bilsin, bunun mesajını verir. İstisna deyil ki, Qubad İbadoğlunun Müsavatdan çıxarılması üçün daxili hazırlıqlar görülüb və yaxın günlərdə partiyanın müvafiq qurumu bu məsələyə baxıb, Müsavat başqanının mesajına uyğun qərar verəcək.
Arif Hacılının müavini Səxavət Soltanlının paylaşdığı bir məlumat da bu istiqamətdə əminliyi artırır. Səxavət Soltanlı Müsavat Divanının adından Qubad İbadoğlunu və partiyanın Qadınlar Birliyinin sədri, narazıların başqa bir tanınmış siması Ellada Məmmədlini qurumun 2 fevral iclasına çağırıb. Çağırışda onların məsuliyyəti məsələsinə baxılacağı da xəbərdar olunub: “Sizi 02.02.2015 tarixində saat 14:00-da keçiriləcək Müsavat Partiyası Divanının iclasında iştirak etməyiniz üçün Divan adından rəsmi olaraq dəvət edirik. İştirakınız vacibdir. Davranışlarınızın nizamnaməyə uyğun olub-olmaması müzakirə ediləcək”.
Qubad İbadoğlu Arif Hacılının ona qarşı bəyanatına münasibət bildirməyib. Divanın toplantısına çağırılmasına isə “Yeni Müsavat”da belə münasibət bildirib ki, yaratdığı hərəkatın işləri ilə bağlı rayonlara səfəri nəzərdə tutulub. Fevralın 2-i də səfərdə olacaq. Bu baxımdan qrafikində dəyişiklik olmasa, Divanın 2 fevral iclasına qatıla bilməyəcək. Amma qrafikində dəyişiklik olsa iclasda iştirak edəcək və demək istədiyi xeyli sözləri orada deyəcək: “Qrafikdə heç bir dəyişiklik olmasa, yəqin ki, Divanda iştirak edə bilməyəcəyəm. Amma dəyişiklik olsa, iştirak edəcəyəm. Özüm də Divanın iclasında iştirak etməkdə maraqlıyam. Mənim də Divan üzvlərinə deyəcək sözlərim kifayət qədərdir. Demokratiya tələb edir ki, problemlər müzakirə ediləndə səmərə versin. Mən həmişə olduğu kimi yenə də istərdim ki, müzakirələr daha geniş formada və açıq şəkildə təşkil olunsun. Bağlı qapılar arxasında bir neçə nəfərin iştirakı ilə keçirilən müzakirələr bir çox hallarda partiyanın maraqlarına deyil, bir qrupun maraqlarına xidmət eləyə bilər”.
Müsavat rəhbərliyinin Qubad İbadoğlu və Ellada Məmmədlinin məsuliyyəti məsələsini Divanın gündəliyinə salması həm də bir cavab gedişi sayıla bilər. Belə ki, Qubad İbadoğlu iki gün qabaq açıqlama verərək, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçiriləcək anım tədbirindən sonra Müsavatın qərargahında partiyadakı vəziyyəti müzakirə etmək istədiklərini demişdi. O, bildirmişdi ki, bunu zəruri edən əsas səbəb kimi tanınmış müsavatçı Ənvər Əhmədin Müsavatdan çıxarılmasını görür: “Əsas məsələlərdən biri Ənvər Əhmədin partiyadan çıxarılmasıdır. Təkcə bu yox, partiyadaxili demokratiya məsələsi ətrafında da fikir mübadiləsi aparılmasının tərəfdarıyam”. Qubad İbadoğlu Arif Hacılı və İsa Qəmbəri də nəzərdə tutduqları toplantıya dəvət etmişdi.
azadliq.info