Ölkə başçısının Davosda çox mühüm görüşü uğursuz alındı; görüşdən dərhal sonra sərt açıqlama gəldi
Corc Soros görüşdə Əliyevi vətəndaş cəmiyyətinə qarşı repressiyaları, beynəlxalq təşkilatlara qarşı kampaniyanı dayandırmağa çağırıb
Açıq Cəmiyyət İnstitutunun – Soros fondunun rəhbəri Corc Soros bu gün Davosda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdən dərhal sonra Soros Fondu Azərbaycandakı repressiyalarla bağlı bəyanat yayıb. Bu isə onu deməyə əsas verir ki, Sorosla Əliyev arasındakı görüş gərgin keçib, qaldırılan məsələlərlə bağlı razılıq əldə olunmayıb.
Bəyanatda qeyd olunur ki, Corc Soros Əliyevlə görüşdə də onu rəhbərlik etdiyi ölkədə repressiyalara son qoymağa çağırıb: "Açıq Cəmiyyət İnstitutu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı aparılan, o cümlədən hüquq müdafiəçilərinin həbsilə müşayiət olunan repressiya siyasətindən dərin narahatlığını bildirir. Son aylar ərzində Azərbaycan hakimiyyəti onlarla siyasi fəalı, hüquq müdafiəçilərini, jurnalistləri, bloqçuları və vəkilləri saxta ittihamlarlarla həbs etdirib. Həbs olunanlar arasında Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayıl kimi tanınmış şəxslər var.
2014-cü ilin aprel ayında Azərbaycan hakimiyyəti Soros Fondunun yerli təşkilatını hədəfə aldı. Təşkilatın bank hesabları bağlandı, kompüterləri müsadirə olundu. Fondun əməkdaşları istintaqa cəlb olundu. Soros Fondu ona qarşı irəli sürülən ittihamları rədd edir.
Corc Soros İlham Əliyevlə görüşdə onu vətəndaş cəmiyyətinə qarşı repressiyaları, eləcə də beynəlxalq təşkilatlara qarşı kampaniyanı dayandırmağa çağırıb".