Administrasiya rəhbərinin tənqid etdiyi alim «Şərəf» ordeninə necə layiq görüldü
Azərbaycanda elmin, təhsilin, tədrisinn hansı vəziyyətdə olduğu hamya bəllidir. Hətta beynəlxalq reytinq cədvəllərində Azərbaycan Universitetləri sonuncu yerdə qərarlaşır, samballı elmi əsərlər yazılmır, xaricdə təhsil alanlar ölkəyə qayıtmaq istəmir və.s.
Elmin acınacaqlı vəziyyətdə olduğunu hakimiyyət təmsilçiləri də zaman-zaman etiraf edirlər. Sonuncu dəfə isə PA rəhbəri Ramiz Mehdiyev Dövlət Idarəetmə Akademiyasında çıxışı zamanı bu məqamlara toxundu və savadlı kadrların olmamasından, samballı əsərlərin yazılmamasından şikayətləndi. Ramiz Mehdiyev bundan öncə də eyni məzmunlu məqalələr yazmışdı. Hətta bildirmişdi ki, Elmlər Akademiyası bazara çevrilib, fəxri adların verilməsi tamaşa xarakteri daşıyır.
Bütün bunları niyə xatırladıq? Bugünlərdə ölkə başçısı Ilham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyevi “Şərəf” ordeni ilə təltif edib.
Təbii ki, Arif Mehdiyev həyatını elm sahəsinə həsr edib, ziyalıdır və onun “Şərəf” ordeni ilə təltif olunmasına qarşı deyilik. Əksinə, bu günə kimi layiq olmayan o qədər adamlara fəxri adlar verilib ki, bəlkə də Arif Mehdiyevin təltif olunması gecikib.
Söhbət ondan gedir ki, fəxri adların verilməsini şübhə altına alan, elmin bərbad vəziyyətdə olduğunu bildirən Ramiz Mehdiyev, bunun əksini sübut etməyə çalışaraq, fəxri adlar verən Ilham Əliyevdir.
Ölkənin ikinci şəxsi deyir ki, elmi uğurlar yoxdur, birinci şəxs isə elmi fəaliyyətə görə təltif edir.
Biz həmişə yazırıq ki, Elmlər Akademiyasındakı bərbad vəziyyət də, təhsilin aşağı səviyyədə olması da hakimiyyətin yartımaz siyasətinin nəticəsidir. Məsələn, bu yaxınlarda məlum oldu ki, Azərbaycandan olan 248 akademik Türkiyədə fəaliyyət göstərir. O da məlum oldu ki, elm sahəsinə maraq azalıb. Öz karyerasını inkişaf etdirmək istəyənlər isə, ölkə xaricinə üz tutur. Çünki, bu ölkədə elm sahəsi də inhisara alınıb, gənc alimlərə şərait yaradılmır, elm adamları çox əmək haqqı alırlar və alimdən yarınmaq, mədh etmək, həqiqətləri səsləndirməmək tələb olunur.
Bütün bu prosesləri isə hakimiyyətin yuxarı pilləsində oturanlar həyata keçirir. Ona görə də biz Ramiz Mehdiyevin çıxışlarını “kimdən kimə şikayət edirsən” formasında şərh edirdik.
Çünki, bu gün televiziya kanallarının bayağılşaması, tənqidi səslərin boğulması, polemika aparılacaq verilişlərə qadağa qoyulması kimi, elm sahəsindəki vəziyyət də siyasi sifarişin nəticəsidir.
Ancaq indiki məqamda müəyyən ziddiyyət müşahidə olunur. Ya Ilham Əliyev Ramiz Mehdiyevin fikirləri ilə razı deyil, ya Ramiz Mehdiyev əvvəlki tənqidlərində Ilham Əliyevi nəzərdə tuturmuş, ya da tənqidlər və təltiflər siyasi gedişdir.
Istənilən halda Ilham Əliyevin elm adamlarını təltif etməsi, “Şərəf”, “Şöhrət” ordeninə layiq görməsi Ramiz Mehdiyevin palaz boyda məqalələrinə kölgə salmaqdır.
Belə çıxır ki, Ilham Əliyev Ramiz Mehdiyevin fikirlərini əsassız və qeyri-həqiqi hesab edir.
Akif