Məhkəmə prosesi keçirilmədən, məhkəmə qərarı peyda oldu
AXCP Gənclər Komitəsinin Sabirabad rayon şöbəsinin sədr müavini Mirağa Abbasov polisə müqavimət və hərbi xidmətdən yayınma ittihamı ilə 25 sutka azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Abbasov sosial şəbəkələrin fəal iştirakçısıdır və tənqidi statuslar yazır. Bundan öncə də ona xəbərdarlıqlar edilmişdi. Dekabrın 17-si axşam saatlarında Sabirabad polis bölməsinin əməkdaşları onun evinə gələrək zorla bölməyə aparıblar. Bir neçə saat saxlandıqdan sonra Mirağa Abbasovun istifadə etdiyi noutbuk və telefon da polis idarəsinə gətirilib. Yaxınlarına saxlanması ilə bağlı heç bir məlumat verilməyib. Bir sutka polis bölməsində saxlandıqdan sonra valideynlərinə məlumat verilib ki, oğlunuz məhkəmənin qərarı ilə 25 sutka həbs cəzası alıb.
Mirağa Abbasovun əmisi “Azadlıq” a açıqlamasında bildirdi ki, heç bir məhkəmə prosesi keçirilmədən qərar qəbul edilib: “Mirağa Abbasov hələ də polis bölməsində saxlanılır. Onun məhkəməsinin nə vaxt keçirildiyi, hansı hakimin sədrliyi ilə keçirildiyi, harada keçirildiyi məlum deyil. Sadəcə polis bölməsinə məhkəmə qərarı təqdim olunub. Bu həbs tamamilə qanunsuzdur”.
Bu həbs bir daha göstərdi ki, ölkədə qanun, hüquq adına heç nə qalmayıb. Belə ki, hələ məhkəmə hökmü elan edilməmişdən 5 saat öncə hökumət saytları qərarı elan etmişdilər. Yəni, məhkəmədən öncə nəticə məlum olmuşdu.
“Polisə müqavimət” ittihamına gəlincə, bu ittiham cəbhəçi gənclərin “ənənəvi cinayət dosyesi” nə çevrilib. Artıq cəbhəçi gənc həbs olunanda onun nədə ittiham olunacağı aydın olur.
Onu qeyd edək ki, Mirağa Abbasovun hərbi xidmətdən yayınması ittihamı ikiqat absurddur. Çünki, Mirağa Abbasovun görmə qabiliyyəti 60 faiz məhduddur və onun hərbi xidmətə yararsız olması haqqında tibbi arayış var.
AXCP gənclər Komitəsi bəyan edir ki, Mirağa Abbasovun həbsi partiyaya qarşı repressiya dalğasının davamıdır və siyasi sifarişin göstəricisidir.