Son bir ildə öz peşə fəaliyyəti ilə bağlı 66 jurnalist öldürülüb. Sərhədsiz Reportyorlar Təşkilatı belə bir məlumat yayıb. Bildirilir ki, 2013-cü ilin göstəricisi ilə müqayisədə 7 faiz azalma müşahidə olunur. Qurum onu da qeyd edir ki, jurnalistlər təhlükə ilə daha çox münaqişə zonalarında fəaliyyət göstərərkən üzləşirlər.
Dekabrın 16-da açıqlanan hesabata görə, «jurnalistlərin bütün dünyanı lərzəyə salacaq dərəcədə qəddarcasına öldürülməsi hallarına az təsadüf edilir».
Adam oğurluğu halları isə 37 faiz artıb, 119-a çatıb, onlardan 33-ü Ukraynaya aiddir.
Hesabata görə, jurnalistlərin ən çox öldürüldüyü ölkə Suriyadır (15), daha sonra Fələstin (7), Ukrayna (6) və İraq (4). Jurnalistlərin ən çox həbs olunduğu ölkə isə Çindir (29). Bu siyahıda növbəti yeri Eritreya (28) və İran (19) tutur.
Hesabatda Azərbaycan «Avropanın media işçiləri üçün ən böyük həbsxanası» adlandırılıb və hazırda istintaq təcridxanasında saxlanan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın adı xüsusi vurğulanıb. (azadliq.org)