Partiya meydana bir neçə yüz nəfərlə çıxdı; aksiya vaxtından 1 saat qabaq bitdi
Müsavat Partiyası dekabrın 14-də Bakıda, İnşaatçılar metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirib. Mitinq 10 dekabr – Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə və “Siyasi məhbuslara azadlıq!” şüarı altında təşkil olunub.
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinq, razılaşdırılmaya əsasən, mitinq saat 15:00-dan 17:00-dək keçirilməli olsa da, vaxtından 1 saat qabaq başa çatıb.
Mitinqdə Müsavatın keçmiş və indiki başqanları İsa Qəmbər və Arif Hacılı, siyasi məhbuslar Sirac və Kərimli qardaşlarının atası Rafiq Kərimli, hüquq müdafiəçisi kimi isə Vidadi İsgəndərli çıxış edib.
İsa Qəmbər çıxışında deyib ki, Azərbaycanda dəyişiklər özbaşına olmayacaq: “Fədakarlıq lazımdır. Necə ki, xalq hərəkatı oldu, mübarizə başladı, Azərbaycan müstəqillik qazandı, yenə də elə olacaq. Demokratik qüvvələr içindəki dağınıqlığa son qoyulmalıdır.
İlin əvvəlində bildirmişdik ki, Azərbaycan bütün siyasi məhbusları azad etməzsə, beynəlxalq ictimaiyyəti 2015-ci il Avropa Oyunlarını boykota çağıracağıq. Artıq beynəlxalq birlik Azərbaycanda olanlara reaksiya verir.
İlham Əliyev sözümüzü anlayacaqsa, siyasi məhbuslar azad edilməlidir, ya da Azərbaycan xalqı öz sözünü deyəcək”.
Müsavat fəalları Fərəc və Sirac Kərimli qardaşlarının atası Rafiq Kərimli bildirib ki, siyasi məhbusların iqtidarın özünü qorumaq üçün şərləyib tutduğunu hamı bilir. “Siyasi məhbusların tərkibinə baxın. İnsanların gözünü qorxutmaq üçün edilir bu həbslər. Ancaq alınmayacaq”.
Vidadi İsgəndərli bildirib ki, siyasi məhbuslar azad olacaq, çünki hakimiyyət beynəlxalq təpkidən qorxur: “Əvvəl bizim də şəklimiz burada idi. Onlar azad olunacaq, ona görə ki, hakimiyyət beynəlxalq təpkidən qorxacaq. Azərbaycan xalqına müraciət edirəm – onlar sizin, bizim övladlarımızın gələcəyi üçün ordadırlar. Buna görə də mübarizə aparın”.
Arif Hacılı bildirib ki, siyasi məhbusların azadlığını tələb edənlər bu aksiyada iştirak edənlərlə məhdudlaşmır: “Azərbaycanda böyük hissə demokratiyanı istəyir. Ancaq rejimin yaratdığı xof xalqın öz səsini yüksəltməsinə imkan vermir. Guya insanlar rejimlə barışıb, «avtoritarizmlə mübarizə yoxdur» deyirlər. Bu, yalandır. Ən avtoritar ölkə olan Rusiyada siyasi məhbusların sayı Azərbaycandakından azdır. Bunlar göstərir ki, Azərbaycan demokratiya üçün mücadilə edən xalqlardan geri qalmır. Ancaq belə insanlarla mücadilə güclü olduğu üçün xalqın mübarizəsi zəifləyib. Ancaq dayanmayacaq. İnsan orqanizmi müqavimət göstərirsə, ölməyəcək, Azərbaycan xalqı da müqavimət göstərir”.
Sonda mitinqin qətnaməsi oxunub.
Xalid