Bizim məhkəməmiz qurtarıb, indi Rauf Arifoğlunun məhkəməsi başlayacaq
Həyat insanı çox sınaqlara çəkir. Bəzən, elə yerdə elə hərəkət edirsən ki, özün də məətəl qalırsan. Məsələn, nə vaxtsa ağlımıza da gəlməzdi ki, “Yeni Müsavat”ın “fədakar”lığına görə hökumətə təşəkkür edəcəyik. Həqiqətən də Tağı Əhmədovdan, Kəbirə Məmmədovadan sonra Rauf Arifoğlunun “Azadlıq”ı məhkəməyə verməsi alqışlanmalıdır. Hətta hökumət də “Azadlıq”ın məhv edilməsini birbaşa öz üzərinə götürmək istəmir. Tağıların, kəbirələrin “tələ”sindən çıxmış qəzeti “media kapitanı”na həvalə edirlər. Görünür, ona “kapitan” rütbəsini redaksiyada veriblər. Çünki hökumət onunla sıravi əsgər kimi davranır.
Amma narahat olmaya bilər. Bu məhkəmədən sonra tarix ona elə bir rütbə verəcək ki, çiynində yox, cibində də gəzdirsə, gizlədə bilməyəcək.
Əslində, “Azadlıq” üçün məhkəmə çoxdan qurtarıb. “Azadlıq” zamanın məhkəməsindən keçib və uzun illərdir “dustaq” həyatı yaşayır. Rauf Arifoğlunun şikayəti ilə uzaqbaşı “srok”u artıra bilərlər.
“Azadlıq”ın xoşbəxtliyi bilirsizmi nədədir? “Azadlıq”a uduzmuş bütün qüvvələr onu məhkəməyə verir. Zatən “Azadlıq”a qalib gələ bilsəydilər, heç vaxt məhkəməyə müraciət etməzdilər.
İndi əsas oyunu uduzmuş Rauf əfəndi, sifarişli oyunu udsa nə olacaq? Bu məhkəmədə hakim “Azadlıq”a “ölüm hökmü” oxusa, Rauf Arifoğlu qalib gələcəkmi?
Bu məhkəmədə qalib gəldiyi təqdirdə Rauf Arifoğludan muştuluqmu istəyəcəklər?
Dədə Qorqud filmində bir səhnə var. Həmin səhnədə Bəyburanın övladı dünyaya gəlir və adamlar “muştuluq, Bəybura, oğlun olub” deyirlər. Belə görünür ki, Rauf Arifoğlu bu məhkəməni udduğu təqdirdə “muştuluq, Rauf, “oğul” öldürdün” deyəcəklər. Yəni, Bəyburanı doğuluşa görə muştuluqlayırdılarsa, Rauf əfəndini “ölümə” görə muştuluqlayacaqlar. 25 yaşlı bir cəngavərin “sui qəsd”inə görə muştuluq almağı, Allah heç kimə nəsib etməsin.
Təbii ki, “Azadlıq” qəzeti bu dəfə də haqlıdır və bunu sübut etmək çətin deyil. Amma Rauf Arifoğlunun pənah apardığı məhkəmələr sübutları yox etdikdən sonra hökm çıxarmağa öyrəniblər.
Hətta belə olmasaydı da biz “Yeni Müsavat”ı məhkəməyə vermək haqqında düşünməzdik. Çünki, qalibin məğlubdan şikayətçi olması ədalətsizlik olardı.
Bir sözlə bizim məhkəməmiz qurtarıb. İndi Rauf Arifoğlunun məhkəməsi başlayacaq.
İlham