“Vaşinqton Əliyevə ciddi cavab haqda düşünməldir. Ona bəyanat təsir eləmir”
“Mehdiyevin məqaləsi mühüm dönüş nöqtəsidir, o, Azərbaycan hökumətinin Qərbə münasibətinin arxasında hansı düşüncənin dayandığını faş etdi”
“Bu ölkədə siyasi məhbusların sayı Rusiya və Belarusda olandan iki dəfə çoxdur. Rusiya və Belarusa sanksiyalar tətbiq edirik, Azərbaycan niyə fərqli olmalıdır?”
ABŞ-ın paytaxtı Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı forum keçirib. “ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi?” adı ilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstutunun icraçı direktoru Devid Kramer, AZAD təşkilatının prezidenti Elmar Şahtaxtinski və vitse-prezidenti Qorxmaz Əsgərov çıxış ediblər.
İlk çıxış edən Riçard Kozlariç Azərbaycanda hüquq pozuntularının vüsət almasının ABŞ-Azərbaycan münasibətlərinə təsirindən danışıb. Onun sözlərinə görə, jurnalist Xədicə İsmayılın, hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsləri İlham Əliyev hökumətinin avtoritarizmə doğru irəliləyişində son addımlardır və rəsmi Vaşinqton Əliyevə ciddi cavab vermək haqda düşünməldir.
Jurnalistlərin və hüquq müdafiəçilərinin həbsinin qəbuledilməz olduğunu vurğulayan Kozlariç onun Azərbaycanda səfir işlədiyi dönəmdən bəri çox şeyin dəyişdiyini, insan haqları və demokratiya sahəsində isə durumun bərbadlaşdığını önə çəkib.
“Biz Azərbaycan xalqı ilə təmas qurmağın yollarını aramalıyıq. Ənənəvi metodlar artıq işləmir. Vəziyyət orada günü-gündən pisləşir”, – deyə sabiq səfir Vaşinqtonu Azərbaycanla münasibətlərə yenidən baxmağa çağırıb.
Azərbaycanda prezident administrasiyası rəhbəri Ramiz Mehdiyevin son məqaləsinə toxunan cənab Kozlariç bu yazını ABŞ-Azərbaycan münasibətlərində mühüm dönüş nöqtəsi adlandırıb. Sabiq səfir qeyd edib ki, ABŞ-ı Azərbaycanda siyasi sabitliyə başlıca təhlükə kimi qiymətləndirməklə Mehdiyev Azərbaycan hökumətinin Qərbə münasibətinin arxasında hansı düşüncələrin dayandığını faş etdi.
Riçard Kozlariç əlavə edib ki, ABŞ avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret tədbirləri nəzərdən keçirməlidir. Bunların sırasında o, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğulayıb: “Azərbaycana gedən amerikalılar bilməlidirlər ki, onlar orada izləniləcək, onları orada otel otaqlarında və başqa özəl məkanlarda videokameraya çəkəcəklər. Azərbaycan hökumətinin mediadakı bərbəzəkli reklamlarına baxmayaraq, turistlərə aydın edilməlidir ki, Azərbaycanda onların başlarına pis şeylər gələ bilər”.
Freedom House təşkilatının sabiq direktoru Devid Kramer ABŞ üçün Azərbaycan kimi “artan şəkildə korrupsioner və avtoritar” rejimlə yaxşı münasibətlər saxlamağın çətin olduğunu bəyan edib. Onun sözlərinə görə, “İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan təkcə Qərbə yox, universal dəyərlərə hörmət etmir”.
“Bu ölkədə olan siyasi məhbusların sayı Rusiya və Belarusda mövcud olan siyasi məhbusların sayından iki dəfə çoxdur. Biz Rusiyaya və Belarusa sanksiyalar tətbiq edirik. Axı Azərbaycan niyə fərqli olmalıdır?”, – deyə o bildirib.
Kramer “həyata keçirdiyi siyasi həbslərə görə” İlham Əliyevə “bədəl ödətdirməyin” vacibliyini vurğulayıb. Onun fikrincə, Xədicə İsmayılın həsbi göstərdi ki, belə bir hökumətə bəyanatlar təsir etmir. “Sözdən işə keçmək vaxtı çoxdan gəlib çatıb. Azərbaycan hökumətinə əməllərinin ona baha başa gələcəyini sübut etmək məqamıdır”, – deyə Kramer bildirib. O, konkret olaraq “cənab Əliyevin sevimli hobbisi olan beynəlxalq idman yarışları”nın Azərbaycanda keçirilməsinə nəzər yetirməyin mühümlüyünü qeyd edib: “İlham Əliyev ölkədə mötəbər yarışlar keçirməklə beynəlxalq arenada hörmət qazandığını göstərməyə can atır. Bu kimi yarışların müqabilində ona siyasi məhbusları azad etdirmək lazımdır. Əks təqdirdə, sadəcə ona öz rejimini təşviq etmək imkanı verilir”.
Kramer hazırda demokratiya ilə diktatura arasında müharibə getdiyini, bu müharibədə ABŞ-ın öz prinsiplərinə sadiq qalmalı olduğunu vurğulayan Kramer Azərbaycandakı mövcud rejimin hazırda əks mövqedə yer aldığını bildirib. “Dəyərlərimizi paylaşmayan rejimləri Qərb institularına cəlb etmək səhv yanaşmadır. Onlar bizim dəyərləri qəbul etmək əvəzinə korrupsiyaya uğradırlar. Biz bunun fəsadlarını Avropa Şurasında və başqa qurumlarda görürük. Mən Azərbaycan kimi ölkələrin bu qurumlarda təmsil olunmasını istəmirəm”.
Daha sonra tədbirdə çıxış edən AZAD təşkilatının vitse-prezident Qorxmaz Əsgərov Azərbaycanda siyasi durumun İlham Əliyev hakimiyyətdə gəldiyi gündən bəri davamlı şəkildə pisləşdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan hökuməti son 11 il ərzində siyasi proseslərə yanaşmasında ardıcıllıq nümayiş etdirib – sistematik şəkildə sivil cəmiyyətin hüdudlarını daraldıb. Qərb isə İlham Əliyev hökumətinin basqılarına əsasən real əmələ söykənməyən bəyanatlarla, qarışıq siqnallarla cavab verib. Nəticə Azərbaycandə pisləşən insan haqları və soyuqlaşan ABŞ-Azərbaycan münasibətləri olub.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb (amerikaninsesi.org).