İqtidarın nəzarətində olan media orqanları jurnalistə qarşı “erməni kartı” ilə hücuma keçib
“Məni ermənilərlə işbirliyində suçlayan Rauf Arifoğlu müharibədən yayınanda könüllü olaraq Şuşaya getmişəm”
Hökumət mediasında jurnalist Əfqan Muxtarlının ermənilərlə işbirliyində olması barədə materiallar yer alıb. Həmin materiallarda Əfqan Muxtarlının ermənilərlə işbirliyində olmasına sübut kimi onun Britaniya Hərb və Sülh İcmalları Təşkilatına məxsus olan iwpr.net saytında Armen Karapetyan adlı erməni jurnalisti ilə müşətərək məqalə yazması göstərilir. Əfqan Muxtarlı isə “Azadlıq”a açıqlamasında iddiaların əsassız olduğunu, barəsində böhtan yazıldığını deyib: “Yeni Müsavat” qəzetində barəmdə yazılan böhtan dolu məqalə, bu qəzetin baş redaktoru Rauf Arifoğlunun mənə olan münasibətindən qaynaqlanır. Bir necə gün əvvəl “Yeni Müsavat” qəzetində məni təhqir edən başqa bir yazı da dərc edilmişdi. Məni ermənilərlə iş birliyində suçlayan Rauf Arifoğlu müharibədən yayınanda könüllü olaraq Şuşaya getmişəm. Azərbaycanın Milli Qəhramanı Ramiz Qəmbrovun taborunda xidmət etmişəm. 1992-1997-ci illər ərzində Azərbaycan Ordusunda xidmət etdiyim dövr ərzində, Şuşa, Lacın, Qubadlı, Füzuli və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm və yaralanmışam”.
Armen Karapetyan adlı erməni jurnalisti ilə müştərək yazılan məqaləyə gəlincə Əfqan Muxtarlı bildirib: “Armen Karapetyan adlı erməni jurnalisti ilə birlikdə iki məqalə yazmışam. Həmin materiallar iwpr.net saytında dərc edilib. Britaniya Hərb və Sülh İcmalları Təşkilatına məxsus olan bu saytda dünyanın bir çox ölkələri barədə məqalələr dərc edilir. Müəllifi olduğum hər iki məqalə Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədədir. Hər iki məqalədə Dilqəm Əsgərovun və Şahbaz Quliyevin öz doğma yurd yuvalarına getdiklərini, Kəlbəcərin ermənilər tərəfindən işğal edildildiyini, Kəlbəcər və işğal olunmuş rayonlarımızla bağlı BMT-nin qətnamələrinin olduğunu bildirmişəm. Eyni zamanda məqaləmdə qeyd etmişəm ki, girovlar üzərində qurulan məhkəmə qeyri-leqitmdir və beynəlxalq hüquq normalarıziddir. Məqalələrimdə Azərbaycan ictimaiyyətinin tanınmış simalarının eləcə də Azərbaycan hökümətinin mövqeyini vermişəm.
Sadəcə savadsız və qərəzli insanlar qarayaxma cəhdləri edir. Bununlada Azərbaycan hakimiyyətinin Batumidə törətdiyi biabırçılığı arxa plana salmağa cəhd edirlər.
Fəaliyyətim tam şəfaf olub və istənilən qrum tərəfindən yoxlanıla bilər”.
Hökumət mediasının Əfqan Muxtarlını hədəfə alması sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Bir çox jurnalistlər və ictimai-siyasi fəallar bunu Əfqan Muxtarlı qarşı kampaniya kimi qiymətləndirib və baş verənləri pisləyib. Bu barədə facebook-da yazılan bəzi statusları təqdim edirik.
Jurnalist Aynur Elgünəş: “Kül olub başımıza, Əfqan Muxtarlı Qarabağda vuruşanda tuman altına girənlər indi onu erməni ilə işbirliyində suçlayırlar. Şəxsən mənim də birgəyaşayışa xidmət edən yazılarım var. Buyurun, çıxarın ortaya, bizdən yaxşı vətənsevər, torpaqsevər olun”.
Jurnalist Aytən Fərhadova: “Adı Azərbaycan oxucusuna soyunma və zorlama xəbərləri ilə bəlli olan saytın, elə öz iş yoldaşlarının diliylə adlandırdığı “yeriyən, danışan, yazan məxluqu” cavab yazıb. Əfqan döyüşə gedəndə bu məxluq hardaydı? Suallar çox oldu deyəsən…”
Müsavat başqanının müavini Elman Fəttah: “Əfqan Muxtarlı Qarabağ döyüşçüsüdür. Qabiliyyetli jurnalistdir. Onun haqqında “ermənipərəst” qarayaxması yazacaq qədər böhtançılığın dibinə enmək özünü ifşadır”.
Jurnalist Xədicə İsmayıl: “İngilisdilli mətbuatda Kəlbəcərli girovlar haqqında Azərbaycanın da mövqeyini əks etdirən cəmi iki məqalə olub. Birində mənim statusumu istifadə ediblər, o biri məqaləni isə Əfqan Muxtarlı İWPR üçün yazıb. Həmin məqalədə erməni tərəfin də mövqeyini erməni jurnalist yazıb. Amma işğal faktı, adamların girov olduğu barədə fikirlər məhz Əfqanın sayəsində əksini tapıb. İndi bu yaltaq sürüsü (teleqraf yazır, yeni müsavat təkrar dərc edir) Əfqanı o yazıya görə ermenilərlə işbirliyində suçhlayır. Vətənşüvənliyinizi sevsinlər sizin, savadsızlar! Bunların yaltaqlıqda bir-biri ilə rəqabətinə baxmaq da bir əyləncədir”.
Müsavat fəalı Azər İsmayıl: “Bir dəfə demişəm, mən dostlarımla fəxr edirəm. Hər biri ilə. Xüsusi ilə Əfqan Muxtarlıyla. Onun haqqında mənfi rəy formalaşdırmaq istəyən kəs qum təpəsi əvəzinə peyinlikdə eşələnən cocuq kimidi”.
Jurnalist Könül Şamilqızı: “Əfqan Muxtarlı ilə neçə ildi heç bir haqq-salamım yoxdu, amma bu, Əfqan Muxtarlıya “ermənipərəst” damğası vurmağın vicdansızlığın və Allahsızlığın böyüyü olduğunu söyləməmə əsla mane ola bilməz. Əfqan Muxtarlının vətənpərvərliyini isbat eləməyə ehtiyacı yoxdu – adam bu ölkənin bütövlüyü üçün, torpağı üçün, Qarabağ üçün erməniylə vuruşub çünki. Əlinizdə bayraq elədiyiniz o yazıda da girovlarla bağlı Azərbaycanın mövqeyini ifadə edib, işğal faktını dilə gətirib. Siz neynəmisiz, şahsevenler?”
Jurnalist Alya Yaqublu: “Əfqan Muxtarlıya ermənipərəst deyə bilmək üçün vicdan yoxsulu olmalısan”.