Qubad İbadoğlu və Vurğun Əyyub ona sərt cavab verdi
“Əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir”
“İsa Qəmbər kimin yanındadır – müsavatçıların, ya hakimiyyətin?”;
“O, bununla göstərdi ki, baş verənləri nəinki izləyir, hətta idarə edir”
Müsavat daxilində qurultaydan sonra yaranmış gərginlik artmaqdadır. Partiya rəhbərliyinin narazılara qarşı cəza tədbirlərinə, o cümlədən üzvlükdən çıxarmalara əl atması münasibətləri daha da korlayıb. Son olaraq Müsavatın başqanlığına keçmiş namizəd Səxavət Əlisoy “pozuculuq fəaliyyətinə” görə partiyadan çıxarıldı, Hikmət Hacızadə və Əlövsət Talışxanlı kimi təşkilatın tabnınmış simaları isə buna etiraz olaraq istefa verdi.
Başqanlığa keçmiş namizədlərdən digəri, narazıları lideri kimi çıxış edən Qubad İbadoğlu da “Meydan TV”yə müsahibəsində partiyadan çıxarıla biləcəyini mümkün sayıb. “Bu gedişatla Vurğun Əyyub və sizin də partiyadan çıxarılmağınız reallaşa bilərmi?” sualına cavab olaraq İbadoğlu deyib:
“Əgər qanun, nizamnamə yoxdursa, yaxud bu istiqamətdə müzakirələr yalnız siyasi məqsədlərə, bir qrupun maraqlarına xidmət edirsə, hər şey gözləmək mümkündür. Bunu həm də o məqsədlə edirlər ki, partiyada tanınmış, üzdə olan bir neçə şəxsin cəzalandırılması və partiya sıralarından xaric olunması həmin şəxslərin tərəfdarlarında müəyyən sakitlik, müəyyən dövr üçün öz iddialarından geri çəkilmə instinkti yaratsın. Yəni adamlar özlərinin də cəzalanmasından qorxaraq fəallıqlarını azaltsınlar. Yanaşma bundan ibarətdir ki, əgər 10-15 nəfər cəzalanacaqsa, bu, son nəticədə digərlərinin susmasına gətirib çıxaracaq. Burda məqsədlərdən biri digər üzvlərin susdurulmasıdır. Qarşı tərəfin sayı müzakirələrə qoşulanların sayı ilə eyni deyil. Bizim mövqeyimizi bölüşənlərin sayı qarşı tərəfdən xeyli çoxdur”.
Q.İbadoğluna görə, hazırda Müsavat rəhbərliyi partiyanın nizamnamə tələblərinə məhəl qoymur: “Baş verənləri təhlil edəndə görəcəyik ki, qəbul edilən qərar üzvlərin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Partiya üzvü partiyanın əməli fəaliyyəti ilə bağlı mətbuat səhifələrində, yığıncaqlarda azad müzakirə aparıb tənqidlər edib təkliflərini verə bilər. Yəni nizamnamə buna icazə verir. Amma bu hüquqla ortaya çıxan mövqeləri partiyanın siyasi xəttinə əks xətt olaraq qiymətləndirməklə üzvlərin təşkilatdan xaric olunması, yaxud digər cəzaların verilməsi partiyadaxili demokratiyanın olmaması, həm də tənqidi fikirlərə dözümsüzlüyün mövcudluğu və siyasi plüralizmin partiya daxilində tətbiq imkanlarının məhdudluğunu göstərir. Bu qərarlar nizamnaməni kobud şəkildə pozulması ilə bərabər, həm də birtərəfli qaydada aparılır…
Olanlar göstərdi ki, Müsavat Partiyası demokratik düşüncəli insanların toplandığı siyasi təsisat olsa da, avtoritar üsullarla idarə olunur. Bu da partiya daxilində narazılığın artmasına gətirib çıxarır”.
Q.İbadoğlu deyib ki, Müsavatda son zamanlar yalnız siyasi yox, mənəvi mühit də korlanıb və bundan narahatdır.
İbadoğlu partiyanın keçmiş başqanı İsa Qəmbərin baş verənlərə susqun yanaşmasına da münasibət bildirib. “Düşünmürəm ki, İsa bəy məsələlərdən xəbərsizdir və olanlara laqeyd yanaşır. Sadəcə, indiki məqamda öz mövqeyini təqdim etmək və onu ictimailəşdirmək məqsədəuyğun deyil, amma hesab edirəm ki, yaxın zamanda İsa bəyin bu istiqamətdə mövqeyi ilə tanış olacağıq”, – deyə o, qeyd edib.
İsa Qəmbərin mövqeyini isə çox gözləmək lazım gəlməyib. O, noyabrın 19-da facebook səhifəsində partiya daxilində baş verənlərə işarə etdiyi açıq sezilən bir qeyd paylaşıb: “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir”.
İ.Qəmbərin bu qeydi partiyadakı narazılara ünvanlanmış kimi qiymətləndirilib. Elə narazılar da bunu belə qarşılayıb və buna cavab verib.
Narazıların önündə gedənlərdən biri, Müsavatın Məclis üzvü Vurğun Əyyub “Hafta.az”a müsahibəsində deyib ki, İsa Qəmbərin özü kimlərin yanında olduğuna aydınlıq gətirməlidir: “Ümumilikdə götürəndə bəli, mübarizə müsavatçılarla hakimiyyət arasında gedir. Sadəcə olaraq, biz müsavatçılar partiyanın demokratik bir şəkildə, nizamnaməyə uyğun idarə edilməsinin tərəfindəyik. Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub-olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?”.
Qubad İbadoğlu da İsa Qəmbərin açıqlamasına cavab verib. “İsa Qəmbər yenə də tərəf kimi çıxış etdi. O, bununla göstərdi ki, baş verənləri nəinki izləyir, hətta idarə edir. Eyni zamanda ənənəvi yanaşması ilə partiyada baş verənlərin məsuliyyətini hazırkı rəhbərliyin üzərindən atmaq niyyəti güdür və partiyadaxili represiyalara haqq qazandırır. Buna çox təəssüf etdim”, – deyə o, “teleqraf.com”a bildirib. İbadoğlu hesab edir ki, deyilənlər minlərlə müsavatçının apardığı mübarizənin üzərinə kölgə salmağa yönəlib: “Kökündən yanlışdır. Bizim mübarizəmiz məfkurə mübarizəsidir. Odur ki, Müsavat Partiyasının nizamnamə ilə idarəçiliyinə çalışırıq, onun günclənməsi ilə bağlı təkliflər paketi ilə çıxış etmişik. Buyursunlar açıqlamalarını təsdiq edən bircə dənə də olsun fakt təqdim etsinlər”.
Bu arada Qubad İbadoğlu və Vurğun Əyyubun Müsavatdakı narazılarla birlikdə təşkilatdan ayrılıb yeni partiya – “Azad Müsavat Partiyası” yaradacağı barədə iddialar yayılmağa başlayıb. Lakin adı çəkilən hər iki müsavatçı bunu təkzib edib.
Qubad İbadoğlu APA-ya açıqlamasında bu tip informasiyaların bir mərkəzdən yayıldığını və heç bir əsasının olmadığını deyib: “Bunlar yalandır və eyni mərkəzdən məlum məqsədlərlə yayılan məlumatlardır. Hətta mənim əvvəllər işlədiyim İqtisadi Tədqiqatlar Mərkəzinə məxsus ofis qeyri-qanuni olaraq bağlanıb. Müsavat Partiyasından getmək, başqa siyasi partiyada təmsil olunmaq və ya yeni partiya yaratmaq fikrimiz yoxdur. Belə bir müzakirə heç vaxt olmayıb”.
Vurğun Əyyub da yayılan informasiyaları təkzib edib: “Hər hansı bir partiya yaradılması istiqamətində müzakirələr getmir. Biz Müsavat Partiyasının üzvləriyik və partiyanın demokratik şəkildə idarəçiliyində maraqlıyıq, fəaliyyətimizi də buna yönəltmişik”.