Səxavət Əlisoy: “Onlar azad fikrə qarşı dözümsüz olduqları və səsləndirilən tutarlı faktlar qarşısında çıxılmaz vəziyyətdə qaldıqları üçün repressiyalara əl atdılar”
Müsavatın sentyabr ayında keçirilən VIII qurultayından sonra partiyada narazılıqlar müşahidə olunmağa başlayıb. Başqanlığa digər namizədlər seçkinin gedişində kütləvi pozuntulara, saxtakarlığa yol verildiyini, İsa Qəmbər tərəfindən qeyri-obyektivlik və ədalətsizlik nümayiş etdirilərək, Arif Hacılıya açıq-aşkar dəstək verildiyini bildiriblər. Bu narazılıqlara partiya rəhbərliyinin biganə yanaşması isə bir qrup müsavatçının təşkilat daxilində fraksiya yaratmağa cəhd göstərməsi ilə nəticələnib. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayıblar. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu da yaradıblar. Lakin Müsavatdakı narazılıqlar bununla da səngiməyib. Partiya rəhbərliyinin ünvanına səsləndirilən ittihamlara cavab olaraq, bəzi müsavatçıların, o cümlədən başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiya sıralarından kənarlaşdırılması isə tanınmış Müsavat üzvlərinin istefası ilə nəticələnib. Təkcə son iki gün ərzində Hikmət Hacızadə, Əlövsət Talışxanlı partiyadan istefa veriblər. Bundan əvvəl isə tarixçi-alim Nəsib Nəsibli, divan üzvü Tofiq Hüseynli, gənclər təşkilatının sədri Əhliman Abbas və başqaları partiya ilə yollarını ayırıblar. Müsavatda yaşanan proseslər, narazıların atacağı addımlar, növbədənkənar qurultayın çağırılması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını başqanlığa keçmiş namizəd, partiyadan xaric edilən Səxavət Əlisoy cavablandırır.
– Səxavət bəy, qurultaydan sonra mətbuata verdiyiniz açıqlamalarda yeni başqanın legitimliyini tanımadığınızı, seçkilərdə kütləvi saxtakarlıq hallarına yol verildiyini dilə gətirirdiniz. Belə fikirlər səsləndirərkən, ehtimal edirdinizmi ki, Sizi partiyadan kənarlaşdıra bilərlər?
– Təxminən bir həftə bundan öncə, bundan əvvəlki Divan toplantısından bir gün sonra dəqiq məlumatımız var idi ki, bizə qarşı hansı hərəkəti edəcəklər. Biz əvvəlcədən bilirdik ki, Divana mənimlə Əlövsət Talışxanlının partiya sıralarından xaric edilməsi göstərişi gəlib. Bizdən sonra da Vurğun Əyyub və Qubad İbadoğlununun cəzalandırılması ssenarisi reallaşdırılacaqdı. Bunun kimin göstərişi olduğunu da bilirik. Lakin Divanın toplantısından iki gün əvvəl Hikmət Hacızadə açıqlama verərək, partiyada repressiyalara son qoyulmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi. Onun bu bəyanatı Arif Hacılı başda olmaqla Müsavatın indiki saxtakarlar qrupunun bizə qarşı olan fikrini, planını bir qədər dəyişdirdi. Guya onlar siyasi gediş edərək, məni partiyadan uzaqlaşdırdılar, Talışxanlıya da “töhmət” verdilər. Göründüyü kimi Arif Hacılının dəstəsi azad fikrə, azad sözə qarşı dözümsüz olduqlarından, səsləndirilən tutarlı faktlar qarşısında çıxılmaz vəziyyətdə qaldıqlarından cəza metoduna keçdilər, repressiyalara əl atdılar. Əlövsət bəy də, Hikmət bəy də buna etiraz olaraq istefa verdilər. Hələlik Divanın qərarı məndə yoxdur. əsas səbəb kimi nəyi göstərdiklərini, hansı əsasla məni partiyadan kənarlaşdırdıqlarını bilmirəm. Arif Hacılının sözçülərindən biri olan Elman Volodya oğlu Fəttah mətbuata açıqlamasında deyib ki, guya mən, partiyanın siyasi kursunun ziddinə getmişəm və buna görə də partiyadan uzaqlaşdırılmışam. Reallıq budur ki, indiki partiya rəhbərliyi və onun dəstəsi mənim çıxışlarımı həzm edə bilmir, səsləndirdiyim fikirlərdən qəzəblənirdilər. Ona görə də məcburiyyət qarşısında qalıb bu cür addım atdılar. Guya bununla digərlərinə də nümunə göstərib, dərs vermiş oldular. Ancaq Əlövsət Talışxanlı və Hikmət Hacızadənin davranışı bir daha sübut etdi ki, burada hər hansı qorxudan, geri çəkilmədən söhbət gedə bilməz. Bizi qorxutmaq istəyənlər indi özləri qorxu içindədirlər.
– Söhbət hansı kabinetdən, kimin göstərişindən gedir?
– Biz bu barədə detallara qədər məlumatlıyıq. Yaxın günlərdə Qubad İbadoğlu ilə birlikdə mətbuat konfransı keçirib bu barədə ictimaiyyətə daha ətraflı məlumat verəcəyik. Həmin tədbirdə partiyada baş verənlərə aydınlıq gətirəcək, gələcəkdə görəcəyimiz işlər barədə də danışacağıq.
– Sizi partiyadan kənarlaşdırarkən ünvanınıza müəyyən ittihamlar səsləndirilib. Siz Müsavatın nüfuzuna xələl gətirən fəaliyyətdə, partiya strukturlarına qarşı heç bir fakta əsaslanmadan ittihamlar irəli sürməkdə, Nizamnaməni kobud şəkildə pozmaqda təqsirli bilinibsiniz. Bu ittihamları nə dərəcədə əsaslı sayırsınız?
– Sadaladıqlarınız Elman Volodya oğlu Fəttahın mətbuata söylədikləridir. Amma partiyanın rəsmi açıqlamasında qeyd olunur ki, guya mən partiyanın siyasi xəttinə zidd fəaliyyət göstərdiyim üçün Müsavatdan xaric edilmişəm. Bu arqument məni daha çox ilgiləndirir. Rəsmi qərarı alandan sonra bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Müsavat Partiyası Avropaya inteqrasiyanı prioritet elan edib. Məni partiyadan azad edərkən gətirilən səbəbin “siyasi xəttə zidd fəaliyyət” göstərilməsi belə bir fikir yaradır ki, guya mən Avrointeqrasiyanın əleyhinəyəm. Bu, absurd bir səbəb, arqumentdir. Məgər mən haradasa partiyanın siyasi kursunu dəyişib Avropaya deyil, Şimala – Rusiyaya inteqrasiya etməsi barədə fikir səsləndirmişəmmi? Göründüyü kimi, Arif Hacılının dəstəsi o qədər çaşqınlıq içindədir ki, qəbul etdikləri qərarı da əsaslandırmağı bacarmır, mükəmməl bir iş ortaya çıxara bilmirlər. Çünki ortada faktları yoxdur. Mən isə konkret olaraq faktları dilə gətirir, onlara əsaslanaraq fikir bildirirəm. İndiyə qədər həm mətbuata verdiyim açıqlamaların, həm də sosial şəbəkədə yazdıqlarımın bu gün də arxasında dayanır, onların nöqtə-vergülünə kimi cavabdehliyini daşıyıram. Bir daha bəyan edirəm ki, qurultayın nəticələrini tanımıram. Buna səbəb qurultaydan öncə və sonra kütləvi saxtakarlıqlara yol verilməsidir. Bu barədə müvafiq arayış hazırlayıb MNTK-ya təqdim etmişik. Onların bizə verdiyi cavab rəyində təkrar hansı səhvlərə, Nizamnamə pozuntusuna yol verildiyini də açıq-aşkar, fakta əsaslanaraq bildirmişik. Qarşı tərəf isə buraxdığı kobud səhvi aradan qaldırmaq əvəzinə, onu ört-basdır edir, bunun üçün hətta cəza tədbirlərinə əl atır. Arif Hacılının təfəkkürü demokratiya ilə daban-dabana ziddir. O və ətrafındakı qaraguruh dəstə saxtakar yollarla partiya rəhbərliyini işğal edib. Bu gün Müsavat Partiyasında maliyyə şəffaflığı yoxdur. Rayon təşkilatlarının 80 faizi iflic vəziyyətindədir. Partiyada təşkilati və maliyyə məsələlərinə birbaşa cavabdeh Arif Hacılı olduğu üçün, sadalanan faktların, çatışmazlıqların məsuliyyəti də məhz onun boynuna düşür. Mən bununla bağlı faktlar sadalayır və qarşı tərəfdən qeyd edilənlərə aydınlıq gətirməsini tələb edirəm. Onlar isə cavab vermək əvəzinə cəza tədbirlərinə əl atır, müxtəlif nağıllar danışırlar.
– Əlövsət Talışxanlı mətbuata açıqlamasında bildirib ki, partiyada son qərarlar İsa Qəmbərin göstərişi ilə verilib. Maraqlıdır, partiyanın başqanı Arif Hacılı olduğu halda, Müsavatı yenə də İ.Qəmbər idarə edir?
– Əlövsət bəy yalnız faktlara söykənib danışan mübariz insanlardan biridir. Bu gün Müsavatda ağlı başında olan hər kəs bilir ki, partiyada həyata keçirilən tədbirlər, atılan önəmli addımlar barədə Arif Hacılı əvvəlcədən İsa Qəmbərlə məsləhətləşir. Bunu onun özü də inkar etmir və müsahibələrində tez-tez dilə gətirir. Son hadisələrdən qabaq da Arif Hacılı İsa Qəmbərlə mütləq məsləhətləşib və addım atıb. Ona görə də Talışxanlının səsləndirdiyi bütün fikirlərlə şərikəm.
– Müsavatda növbədənkənar qurultayın çağırılması da gündəmdədir. Belə bir addım atmağa partiya Nizamnaməsi yol verirmi? Bunu necə reallaşdırmağı düşünürsünüz?
– Partiya Nizamnaməsi buna yol verir. Məclis üzvlərinin üçdə birinin, rayon təşkilatlarının beşdə birinin, qurultay iştirakçılarının isə 50+1 faizinin səsi növbədənkənar qurultay keçirilməsi üçün kifayət edir. Bizim əlimizdə hər üç resurs var. Hazırda 15-ə yaxın rayon təşkilatı Arif Hacılının idarəçiliyinə etiraz edir, bununla bağlı bəyanat vermək niyyətini gizlətmirlər. Biz onlarla söhbət etmişik. Bu həftənin sonu onlarla yenidən məsləhətləşmələr olacaq. Atacağımız addımları bir daha qətiləşdirdikdən sonra mətbuata açıqlama verəcəyik. Bəzi dostlarımız fraksiya yaradılmasını da vacib sayırlar. Ancaq hələlik bunu arxa plana çəkmişik. Bütün bunlar birlikdə müzakirə edilir. Müzakirələr həftə sonuna kimi davam edəcək və növbəti həftə qərarımızı ictimaiyyətə açıqlayacağıq.
– Qurultaydan sonra partiyada narazı qalanların, istefa verənlərin, xaric edilənlərin yeni siyasi təşkilatda, partiyada bir araya gəlməsi nə dərəcədə realdır? Belə bir niyyət varmı?
– Əksər müsavatçı dostlar yeni hərəkatın yaradılması ideyasını irəli sürürlər. Hətta partiya yaradılmasından da söhbət gedir. Fikir var ki, yeni yaradılacaq partiyada hər kəs cəmlənsin. Belə söhbətlər gündəmdədir. Mən bu yaxınlarda qərb rayonlarımızda olmuşam. Təxminən 6 rayonda müsavatçılarla görüşüb müzakirələr aparmışam. Arif Hacılı və qaraguruh dəstəsinin zehniyyətini qəbul etməyən müsavatçılar bizim atacağımız addımları tam dəstəkləyirlər. Onlar yeni hərəkat, partiya yaranacağı təqdirdə bizə tam dəstək verəcəklər. Hazırda dostlarımız bir sıra rayonlarda görüşlər keçirir. Müsavatda indiki rəhbərliyin zehniyyətini qəbul etməyən insanlarla özəl görüşlər keçirirlər. Həftənin sonuna kimi bu görüşlərin, müzakirələrin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra son qərar hər kəsə məlum olacaq.
– A.Hacılının sədrlik etdiyi Müsavat Partiyasının gələcəyini necə görürsünüz?
– Arif Hacılı Müsavat Partiyasını saxtakarların dəstəyi ilə işğal edib. Bir anlıq təsəvvür edin, Nəsib Nəsibli, Hikmət Hacızadə, Qara Tofiq (Tofiq Hüseynli), Gənclər və Qadınlar təşkilatlarında təmsil olunanlar, ümumilikdə yüzlərlə müsavatçı partiyanı tərk edib, bir qismi də tərk etmək niyyətindədir. Təbii ki, Müsavatın bu halı bizi ağrıdır. Amma birlikdə fəaliyyətin, dialoqun qeyri-mümkünlüyü göz önündədir. Çünki burada zehniyyət uyuşmazlığı var. Arif Hacılının Müsavat Partiyasını idarə etməyə nə yetərincə savadı, nə də etik səviyyəsi yoxdur. Birgə fəaliyyət o zaman mümkün olardı ki, bir qrup tərəfindən partiya işğal olunmasın. Lakin faktiki olaraq Arif Hacılının dəstəsi tərəfindən Müsavat işğal olunub. Onların yanında dayananlara, həmin şəxslərin kimliyinə də nəzər yetirin, əks cəbhədə dayananlara, narazılara da. Azərbaycan cəmiyyəti hər iki cəbhədə təmsil olunanların kimliyinə nəzər yetirəndə partiyanın necə yazıq günlərə düşdüyünü dərhal anlayır, yazıqlar olsun deyir. Avtoritar düşüncəli Arif Hacılı üçün böyük, güclü Müsavat önəmli deyil. Şəxsiyyətə pərəstiş formalaşdıran bu adam üçün Müsavatın kiçik bir sex şəklinə salınması, alternativ fikir olmadan idarə olunması daha məqbuldur. Arif Hacılı üçün Müsavat Partiyası sadəcə gəlir mənbəyidir. Mənliyinə, şəxsiyyətinə, özünə hörmət qoyan insanlar onun ətrafında uzun müddət dayana bilməyəcəklər.