Qubad İbadoğlu növbədənkənar qurultay çağıracaqlarını dedi, başqan müavinləri ona qarşı çıxdı
Müsavat Partiyasının sentyabrda keçirilən qurultayının rəsmi nəticələrindən narazı qalan, həmin qurultayda başqan postuna namizəd olmuş Qubad İbadoğlu “Media forum” saytına bildirib ki, partiyanın yeni rəhbərliyi rəqiblərini cəzalandırmaq kursuna keçib və bu da Müsavat daxilində gərginliyi artırır, rəhbərliyə etimadı azaldır: “Vəziyyət belə davam etsə, biz növbədənkənar qurultay çağıra bilərik. Növbədənkənar qurultayın çağırılması Müsavat Partiyasının nizamnamə normalarından biridir”.
Sayt Müsavat başqanının müavinləri Gülağa Aslanlı, Elman Fəttah və Səxavət Soltanlının növbədənkənar qurultayın çağırılması niyyətinə münasibətini öyrənib.
Gülağa Aslanlı bildirib ki, Müsavat Partiyasında növbədənkənar qurultaya ehtiyac yoxdur: “Partiyanın nizamnamə və proqramına əlavə və dəyişikliklər edilməsi üçün sonuncu qurultaydan sonra növbədənkənar qurultay çağırılması məsələsi nəzərdə tutulurdu. Lakin bu məsələnin müzakirə olunmasına vaxt imkan vermədi. Başqa məsələlərlə bağlı növbədənkənar qurultayın çağırılmasına isə ehtiyac görmürəm”.
Müsavatın nizamnaməsində növbədənkənar qurultayın keçirilməsinin nəzərdə tutulduğunu xatırladan Elman Fəttah deyib ki, hər bir müsavatçı nizamnamə çərçivəsində növbədənkənar qurultay çağırılması üçün təşəbbüs irəli sürə bilər: “Lakin mən hazırda növbədənkənar qurultayın keçirilməsinə ehtiyac görmürəm. Çünki Müsavat Partiyası artıq sentyabrda yüksək səviyyədə qurultayını keçirib”.
Səxavət Soltanlı da növbədənkənar qurultaya ehtiyac görmədiyini vurğulayıb: “Müsavat Partiyası möhtəşəm qurultay keçirib. Qurultay demokratik keçdiyinə görə növbədənkənar qurultayın çağırılmasına ehtiyac qalmır”.
Sentyabrın 27-də Müsavat Partiyasının 8-ci qurultayında partiyaya yeni başqan seçilib. Seçkinin rəsmi nəticəsinə görə, başqanlıq yarışında Arif Hacılı qalib gəlib. Qubad İbadoğlu ondan 28 səs az toplayıb. Qubad İbadoğlunun tərəfdarları seçkinin nəticələrini qəbul etmirlər.
Müsavatın nizamnaməsinə görə, partiyanın ali orqanı onun qurultayıdır. Qurultaylar 4 ildən bir Məclis tərəfindən çağırılır. Növbədənkənar qurultaylar Divanın və ya rayon (şəhər) təşkilatlarının 1/5-nin, yaxud Məclis üzvlərinin 1/3-nin və ya MNTK-nın, ya da partiya başqanının təşəbbüsü ilə Məclisdə qərar qəbul edildikdən sonra çağırılır. Məclisin fövqəladə qurultay çağırmaq səlahiyyəti var. Fövqəladə qurultay 1 ay ərzində partiyanın son qurultayı nümayəndələrindən ibarət tərkibdə çağırılır.