Çayı keçənə qədər “İŞİD-çi”yə dayı deyənlərə həsr olunur
Milli Şuranın “Azad et” adlı mitinqi hakimiyyət üçün “özünü rüsvay et” məzmununda oldu. O nəzərdə tutulur ki, ucuz və bəsit “İŞİD-çi”lik təxribatı ilə hakimiyyət özünü ağıl və dərrakəsi başında olan hər kəs qarışında rüsvay elədi.
Bu ona bənzədi ki, biri başqasının üzərinə zibil tökmək istəyir, ayağı, əli büdrəyir, zibili öz təpəsinə əndərir. İndi bütövlükdə hakimiyyət quraşdırdığı terrorçu təxribatının zir-zibili içindədir. Bir-iki qırmızı yalan danışmaqda ixtisaslaşan YAP-çını çıxmaq şərti ilə indi kimsə çıxıb Milli Şuranın İŞİD və onun kimilərə simpatiya bəslədiyini deyib, özünü hörmətsiz eləməz. Əksinə, hər gün ortaya çıxan yeni faktlar milli yapsifət “İŞİD-çi”lərlə hakimiyyətin candan bir bağlı olduğunu sübut edir. Bu yazıda onlardan biri barədə söz açacağıq.
Milli Şuranın mitinqində İŞİD bayrağı qaldıranlardan biri – Ramil Quliyevin facebook profili ötən gün bəlli olub. Həmin profili (www.facebook.com/ramario.quliyev) incələyəndə bir sıra vacib qənaətlər ortaya çıxır. Onlar hansılardı?
Birincisi, profil göstərir ki, Fizuli rayonunda doğulan bu şəxs maddi baxımdan zəif deyil. O xırda bizneslə məşğul olub. Hətta bir neçə Ərəb dövlətində səfərdə də olub. Bu məqamı ona görə vurğuladım ki, adətən müxalifətə qarşı hakimiyyət təxribatçı olaraq ucuz işçi qüvvəsindən, məsələn, bomjlardan, dayanacaq işçilərindən, JEK-lərin texniki heyətlərindən və s. istifadə edir. Bəs belə bir adamın təxribata cəlb edilməsinə səbəb nə olar bilər?
Aşağıda bunu öyrənə biləcəyik.
İkincisi, profildən aydın olur ki, bu şəxs sələfidir, yaxud özünü belə qələmə verənlərdəndir. Ən azı keçən ildə facebookdakı incə məqamlar (bığsız, saqqallı fotoları, ona spesifik “əxi” müraciətlərinin edilməsi və s.) göstərir ki, bu adam təsadüfü şəxs deyil. Eləcə də aydın olur ki, bu adam sələfilərin qeyri-radikal qoluna, anlaşılan dillə yazsaq Qamət Süleymanovun çevrəsinə daxildir. Qamət Süleymanovun özü də etiraf edib ki, bu şəxs onun qayınıdır.
Bu yerdə vacib suallar meydana çıxır. Məsələn, Qamət Süleymanov və onun tərəfdarları hətta icazə verilmiş kütləvi aksiyaları fitnə adlandırdığı, belə aksiyalarda iştirak etməyi məqbul saymadığı halda bu adam niyə mitinqə gəlib?
Bu mümkünsüz bir olaydır.
Başqa bir sual budur: İŞİD-ə simpatiya bəsləyən azərbaycanlı sələfilərin hamısı eyni zamanda Qamət Süleymanov və onun çevrəsini düşmən, kafir gözündə görür. O halda necə olur ki, bu adam – Ramil Quliyev onu kafir görən qüvvənin bayrağını qaldırır? Bir anlıq düşünək ki, o, düz deyir, bayrağı heç özü gətirməyibmiş, yanındakı kimsə verib qaldırsın. O halda yenə sual yaranır: Bu adam necə sələfidir ki, bütün dünyanın əzbərinə çevirilən bayrağı tanımayıb?
Vəkil Osman Kazımovun bu adamın ştatlı üzəduran olduğunu yazmasını da yuxarıdakıların üzərinə gələndə aydın olur ki, bu cavan insan nə sələfidir, nə “İŞİD-çi”. O, sadəcə olaraq, dini obraza girib, müxtəlif agentura və provakasiya işlərində istifadə olunan yapsifətdir.
Natiq