Milli Şuranın mitinqində terror təşkilatının bayrağını qaldıran üzəduran imiş
Milli Şuranın “Azad et” mitinqində Iraq Şam Islam Dövlətinin (IŞID) bayrağının qaldırılması gündəmin əsas mövzularındandır. Qeyd edək ki, elə mitinqdəcə bunun təxribat olduğu aydınlaşmışdı. Aksiya iştirakçılarının həmin şəxsləri meydandan uzaqlaşdırandan sonra onların yenidən IŞID-in bayrağı ilə peyda olması baş verənlərin hüquq-mühafizə orqanlarının nəzarəti altında həyata keçirilən təxribat olduğu bəlli olmuşdu. Hər halda IŞID-in bayrağını qaldıranlar polisə təhvil verilmişdi və məntiqlə bu məsələ ciddi araşdırılmalı, həmin şəxslər barədə müvafiq tədbirlər görülməli idi. Amma bunun əksi baş verdi. Həmin şəxslər barəsində tədbir görməkdənsə, onlar yenidən meydana buraxılmışdı.
“Onu hal şahidi qismində görmüşəm”
Dünən isə məsələ ilə bağlı yeni faktlar üzə çıxıb. Tanınmış vəkil Osman Kazımov Azadlıq Radiosuna bildirib ki, IŞID-in bayrağını qaldıranlardan birini tanıyır: “Məhkəmədə çıxdığım işlərdən birində hal şahidi qismində görmüşəm. Sadəcə, həmin işi xatırlaya bilmirəm. Indi işlərə baxıram. Hal şahidləri polisin ştatdankənar əməkdaşlarıdır. Bir çoxu onlara xidmət edir, demək olar, 10-dan 9-u. Orda maraqlı olan nədir, aksiya iştirakçılarından biri nəsə etsə, dərhal tutub polisə aparardılar, amma bu adamı tutub polisə verirlər, o da çıxıb gedir. IŞID-in hansı cinayəti törətdiyi bütün dünyaya bəllidir. Amma Azərbaycan polisi onu sakitcə yola salır.
Ən azından saxlayıb araşdırma aparmalı idi. Bəlkə o adam doğrudan terrorçudur? Yəni gözləyirlər haranısa partlatsın, sonra həbs etsinlər? Bəlkə üzərində partladıcı qurğu vardı? Deməli, bu uydurmadır. Belə hərəkətsiz dayanmağın səbəbi odur ki, özləri təşkil ediblər".
“Arif, işin yoxdur onunla. Dəymə ona”
Polis IŞID bayraqdarlarından daha birini (“aznews.az” saytının yazdığına görə, adı Ramil Quliyevdir) apararkən, həmkarları onu saxlayır. Bu dəfə də “Azadlıq Radiosu”nun kamerası belə bir görüntünü yaxalayır: “Arif, işin yoxdur onunla. Dəymə ona”. Kadrlardan görünən budur ki, polis əməkdaşları onunla bağlı məlumatlıdırlar.
Ramil Quliyev olduğunu deyən həmin şəxs isə “aznews.az”a açıqlamasında deyib ki, onun polis bölməsinə aparsalar da, sonradan buraxıblar.
“Bilirdim bunu soruşacaqsınız”
Bəs IŞID bayrağını Milli Şuranın aksiyasında qaldıranlar kimlərdir? Onlar həqiqətən bu təşkilatla bağlıdırlar, yoxsa mitinq təşkilatçılarının söylədikləri kimi, təxribatçılardır? Azadlıq Radiosu günboyu bu suala cavab tapmağa çalışıb. Daxili Işlər Nazirliyindən bildiriblər ki, saxlananlar Yasamal rayon Polis Idarəsinə aparılıb, bu haqda onlar məlumatlıdırlar. Idarədən onu da deyiblər ki, bu haqda ancaq nazirlik danışa bilər. Nazirliyin mətbuat xidmətindən Ehsan Zahidovsa “bilirdim ki, bunu soruşacaqsınız, Bakı Baş Polis Idarəsi ilə əlaqə saxlayın” deyib. Oradansa günortadan sonra məlumat verəcəklərini söyləyiblər. Deyilən vaxt çatandan sonra nə mətbuat xidmətindən soraq çıxıb, nə də oradakı telefonların dəstəyini qaldıran tapılıb.
“Bunların təxribatları da özləri kimi primitivdir”
AXCP sədri Əli Kərimli də baş verənlərə münasibət bildirib. O, “facebook” səhifəsində “IŞID-çi”lərdən birinin AXCP fəalları tərəfindən meydandan uzaqlaşdırılan zaman çəkilən fotosunu yayıb və yazıb: “Bunların təxribatları da özləri kimi primitivdir. Milli Şuranın mitinqindən çox narahat idilər. Nə sanksiyaların qapının ağzında durduğu bir vaxtda mitinqi qadağan edə bilirdilər, nə də onun normal qaydada keçirilməsini həzm edə. Ona görə də mitinq ərəfəsi çoxlu təxribatlar etdilər. Biz özümüz o təxribatlar haqda məlumatları geniş yaymadıq ki, siz narahat olmayasınız. Amma öz ”dərin ağılları" ilə təxribatın birini mitinqdə reallaşdırdılar. Mitinq zamanı hansısa (sonradan özünün dediyi kimi kredit borcu olan) muzdluya tapşırdılar ki, mitinqdə IŞID bayrağı qaldırsın. Həmin adamlar IŞID bayrağını qaldırdılar və dərhal da mitinq iştirakçıları tərəfindən tutularaq meydandan çıxarıldılar.
Paylaşdığım şəkildə çox aydın görünür ki, “IŞID-çi”ni tutub aparıb polisə verənlər AXCP fəalları Dəyanət bəy və Elşən bəydir. Polis də nə etdi bu “IŞID-çi” ilə? Şəxsiyyət vəsiqəsini yoxlayıb buraxdı, baxmayaraq ki, terrorun təbliği cinayət məsuliyyəti yaradır. Sonra da utanmaz-utanmaz televiziyalarında deyiblər ki, müxalifətçi IŞID fəalını MTN əməkdaşları zərərsizləşdirib. Nə qədər böyük simasızlıq!
Indi gördünüz bu ölkəni kimlər, hansı baş və mənəviyyatla idarə edir?
Amma belə yaxşıdır. Yaxşı ki, bunlar ağılsızdır. Allah ədalətlidir. Bunların pulu, vəzifəsi, silahlı gücü var. Üstəlik ağılları da olsaydı, bu xalq batmışdı. Yaxşı ki, ağılları yoxdur. Hər addımda özlərini ifşa edib, sonlarını yaxınlaşdırırlar".
“Hakimiyyət onları qəsdən ora göndərmişdi”
Mitinq komitəsinin rəhbəri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da özünün “facebook” səhifəsində yazıb ki, aksiyanın mühafizə dəstəsi IŞID bayrağını qaldıramağa cəhd göstərənləri 5 dəfə anındaca saxlayıb meydandan çıxardılar və polisə təhvil verdilər. Ancaq mühafizəçilərin meydandan çıxardığı bir “IŞID-çi”ni polis ikinci dəfə sərbəst buraxıb, meydana yenidən daxil olmasına şərait yaradıb. “Demək, bu bayrağı qaldıranlar heç də gerçək IŞID üzvləri deyildilər, hakimiyyət onları qəsdən ora göndərmişdi ki, aksiyanı hörmətdən salsınlar. Ancaq alınmadı”, – deyə Qəhramanlı qeyd edib.
“Milli Şuranın dünənki mitinqində bayraq haqqında detallar var, o bayraq necə istehsal olunub, necə yaranıb? Bütün bunlar hamısı ip ucudur”.
Bunu isə Hafta.az-a açıqlamasında Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (TAM) rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki Ilham Ismayıl deyib. TAM rəhbərinin sözlərinə görə, bu məsələyə hüquq-mühafizə orqanları tərəfindən təcili aydınlıq gətirilməlidir:
“Bunlara aydınlıq gətirilməyənə, susqunlağa qədər təxribat kimi dəyərləndirilməlidir. Həm də medianın buna haqqı var”. Ilham Ismayıl IŞID qruplaşması üzvlərinin paytaxtın mərkəzində rahat şəkildə bayraq qaldırmasının ölkənin ciddi milli təhlükəsizlik məsələsi olduğunu deyib.
“Azadlıq”a daxil olan məlumata görə, saxta “IŞID”-çilərdən biri ötən il Cəmil Həsənlinin seçicilərlə görüşlərinin birində təxribatla məşğul olub. Məsələ ilə bağlı araşdırmalarımız davam edir.