Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsindən və ABŞ prezidenti Barak Obamanın ölkəmizdə insan haqlarının pozulmasını rəsmən bəyan etməsindən sonra iqtidar düşərgəsi Qərbə qarşı hücumlarını gücləndirib. Hakimiyyətin nəzarətində olan KIV-lər demək olar ki, hər gün Qərbi ittiham edən materiallar yayımlamaqla məşğuldur.
Lakin hədəfdə təkcə Qərb deyil. Hakimiyyət azad yazarları, vətəndaş cəmiyyəti institutlarını və müxalifəti də hədəfə alıb. Əlbəttə ki, ittihamlar ənənəvi xarakter daşıyır. Azərbaycanda demokratik dəyişiklik istəyən, məmurların korrupsiya əməliyyatlarını ifşa edənlər erməni dəyirmanına su tökməkdə ittiham olunur.
Hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzeti bu kampaniyada ön sıraları tutur. Bu qəzet hər gün ən absurd ittihamlarla hakimiyyəti ifşa edən jurnalistləri, ictimai-siyasi xadimləri hədəfə alır. Iqtidarda düşünürlər ki, bu kampaniya ilə həmin şəxsləri susdurmağa nail olacaqlar. Lakin proseslər göstərir ki, hakimiyyət bununla yanılır. Əksinə, bu kampaniya cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır və əks-effekt verir.