Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser Azərbaycana səfərinə yekun vurarkən bir sıra maraqlı açıqlamalar verdi. Ölkədəki çatışmazlıqlara toxunan Brasser vurğulayıb ki, ölkədə güclü müxalifətin fəaliyyət göstərməsi üçün qanunverici zəmanətlər yoxdur. Bunsuz isə ölkədə demokratiya mümkün deyil. O, eyni zamanda Azərbaycanın seçki sistemindəki çatışmazlıqlara diqqəti yönəldib.
Onun sözlərinə görə, parlamentə seçkilərin yalnız majoritar yolla keçirildiyi şəraitdə arxasında güclü qurumların olmadığı şəxslər qanunverici orqana düşmürlər. Odur ki, Azərbaycanda güclü müxalifət yoxdur. “Bu baxımdan ”Seçki Məcəlləsi” dəyişdirilməlidir”. Brasserə görə, parlamentin rolu yalnız qanun qəbulundan ibarət olmamalıdır, həm də hökumətə nəzarəti həyata keçirməlidir. Bu olmasa, demokratiya da olmayacaq.
Redaksiyamıza daxil olan məlumata görə, öz təşəbbüsü ilə səfər proqramına dəyişiklik edən Brasser parlamentdə təmsilçiliyi olan və özünü müxalifət kimi təqdim edən partiyaların təmsilçiləri ilə də görüşüb. Lakin görüş zamanı Brasser həmin şəxslərin mövqeyinin hakimiyyətin yanaşmasından fərqli olmadığını görüb. Bəzi ehtimallara görə, Brasserin parlamentdə müxalifətin təmsil olunmadığı ilə bağlı bəyanatı verməsinə məhz bu təəssürat təsir edib.
Bəs Brasserin açıqlaması növbəti parlament seçkilərinin keçirilmə şəraitinə necə təsir edə bilər? Ümumiyyətlə, AŞ PA prezidentinin bu cür mövqedən çıxış etməsi nəyə işarədir?
Həsən Kərimov: «Artıq AŞ PA və digər qurumlara gözəl bəllidir ki, Azərbaycan parlamentində real müxalifət yoxdur»
AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, AŞ PA prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan reallığını əks etdirir. Müxalifət adı altında parlamentdə hakimiyyətin “cib müxalifətinin” əyləşdiyini deyən H.Kərimov vurğuladı ki, həmin şəxsləri beynəlxalq qurumlara real müaxlifət kimi təqdim etməyə çalışırlar: “Artıq AŞ PA və digər qurumlara da gözəl bəllidir ki, Azərbaycan parlamentində real müxalifət yoxdur. Hakimiyyət ona edilən xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır. Növbəti parlament seçkiləri demokartik keçirilərsə, hazırkı hakimiyyət partiyasından parlamentə keçən olmaz. Real seçkilər demokartik qüvvələrə qələbə vəd edir”.
İbrahim İbrahimli: «Seçkilər ərəfəsində bu gerçəkliklərin dilə gətirilməsi doğru siyasətdir»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ibrahim Ibrahimli bildirdi ki, bütün normal, demokartik ölkələrdə parlamentlərdə müxalifət təmsil olunur. Ölkənin taleyi ilə bağlı diskussiya və müzakirələr isə məhz parlament daxilində baş verir. Azərbaycan hakimiyyətinin isə müxalifətin parlamentdə təmsilçilik imitasiyası həyata keçirdiyini deyən I.Ibrahimli vurğuladı ki, bu prosesləri bütün dünya diqqətlə izləyir: “Beynəlxalq təşkilatlar Azərbaycan müxalifətinin parlamentdə təmsil olunmadığını gözəl bilir. Partiyalar siyasi sistemdən kənar fəaliyyət göstərir. Siyasi sistemdən kənarda olan müxalifət partiyaları isə ciddi təzyiqlərə məruz qalır. Avropa və nüfuzlu beynəlxalq təşkilatlar bu reallığı dilə gətirirlər. Bunun vurğulanması gözəl haldır. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Seçkilər ərəfəsində bu gerçəkliklərin dilə gətirilməsi doğru siyasətdir”.
Azərbaycanda bir neçə aydan sonra bələdiyyə seçkilərinin keçiriləcəyinə baxmayaraq, seçki ab-havasının hiss olunmadığını vurğulayan I.Ibrahimli qeyd etdi ki, bu baxımdan AŞ PA prezidentinin açıqlaması birmənalı dəyərləndirilməməlidir.
Xəyal