Eyni arqumentlər, eyni ittihamlar və özünüifşalar
Bir qayda olaraq Azərbaycanla bağlı tənqidi hesabatlar yayılanda, beynəlxalq tribunalardan Azərbaycan həqiqətləri səslənəndə, YAP hakimiyyəti əks hücuma keçir və baş verənlərdə “erməni izi” axtarır. Təbii ki, “ölkəmizdəki inkişafı gözləri götürmür”, “bizi müxtəlif bloklara qoşmaq istəyirlər” kimi “arqument” lər də səsləndirilir və daxili auditoriyaya xitab edilir.
Ötən gün isə, ABŞ prezidenti Barak Obama Azərbaycanda vətəndaş cəmiyyətinə olan basqılardan söz açıb:“Rusiyadan tutumuş Çinə, Venesuelayadək amansız basqılar görürük. Hökumətlər fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”, – deyə Obama bildirib.
ABŞ prezidenti çıxışında avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını deyib. Bildirib ki, bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir və insanların rifahına əngəl olurlar.
ABŞ prezindentinin bu fikirləri Azərbaycan hakimiyyətinin “təzyiq”ini qaldırdı və hökumət sözçüləri Barak Obamanı tənqid atəşinə tutdu. Dünənə qədər Azərbaycandakı söz azadlığından, tolerantlıqdan, tənqidə dözümlülükdən danışıb, Qərbi inandırmaq istəyənlər, bu gün ABŞ prezidentinin tənqidinə aşırı reaksiya göstərməklə mahiyyətlərini bir daha ortaya qoydular.
Sarkisyana imic düzəltəmk siyasəti
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov ənənəsinə sadiq qalaraq ABŞ prezidentini də “ermənipərəst” çıxardıb: “Birincisi, çıxış etmədən öncə Obama ya özü, ya da köməkçiləri Azərbaycanda qeyri-hökümət təşkilatları haqda qanunları oxumalı idi ki, bilsinlər söhbət nədən gedir. Azərbaycandakı QHT-lər haqdakı qanunlar dünyanın hər bir ölkəsindəki qanunla eynidi. Burada söhbət o QHT-lərdən gedir ki, qeyri-şəffaf yolla ayrı-ayrı xarici ölkələrdən qrantlar alıb, təyinatına uyğun olmayaraq istifadə edib. Obamanın yanlış informasiya ilə çıxış etməsində də erməni lobbisinin rolu var. Obamanın çıxışı Azərbaycanın reallığını əks etdirmir. Ölkədə olmayan, yalan informasiyalar əsasında verilən bəyanatdır. Bunda da erməni lobbisinin və sapı özümüzdən olan baltaların xüsusi rolu var. Obama həm Ukraynanı, həm də ərəb dünyasın qatıb bir-birinə, indi də terrorçuların öhdəsindən gələ bilmir. Bununla məşğul olmaq əvəzinə gəlib Azəraycanda QHT-lərlə məşğul olur”-deyə Siyavuş Novruzov bildirib.
Göründüyü kimi Azərbaycan qanunlarını tapdaq edənlər, Obamadan Azərbaycan qanunlarını oxumağı tələb edirlər. Guya, Obama hər gün oturub, Milli Məclisdə qəbul edilən mənasız qanunları oxumalı imiş. Şəxsi istəklər əsasında qanunlara edilən əlavə və dəyişikliklər heç bir demokratik dövlət üçün mötəbər sayıla bilməz. Belə çıxır ki, sabah Milli Məclis qanuna dəyişiklik edib, fərqli fikir səsləndirənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar versə, Obama bunu alqışlamalıdır.
YAP-çıların hesablamalarına görə dünyada ermənipərəst olmayan adam qalmayıb. Özü də bu “ermənipərəst”lik elə bir xəstəlikdir ki, Azərbaycan hakimiyyətini tənqid etdikdən sonra yaranır. Siyavuş Novruzov Barak Obamanı da bu “siyahı”ya salmaqla, ermənilərin təbliğatını yüksək səviyyədə aparmağa davam edir. Belə çıxır ki, YAP-çıların balanslı siyasətindən fərqli olaraq, ermənilərin xarici siyasəti ağ evin içərilərinə qədər irəliləyə bilib. Reallıq ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinin müdafiə olunmaq üçün heç bir arqumenti qalmayıb və son çarə kimi dünyanı “erməniləşdirməyə” qərar veriblər. Amma başa düşmürlər ki, bu addımlarla Sarkisyanı Obamadan da yüksəyə qaldırırlar.
Kim kimi şirnikləndirir?
ABŞ prezidenti Barak Obamanın öz çıxışında Azərbaycanla bağlı məsələni qabartması, xüsusi olaraq da QHT-lər üzərində dayanmasının başlıca mənası geopolitik bir məsələdir və bu rəsmi Bakıya qarşı bir təzyiq metodur” – bu sözləri isə deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, Obamanın çıxışı qətiyyən daxili amillərlə bağlı deyil: “Çünki özlüyündə hər hasnsı bir problem ölkənin ümumi xarici siyasətinin fövqünə qaldırılırsa, xüsusən də burada söhbət dünyanın aparıcı dövlətlərindən gedir, o zaman burada mühüm bir məqsəd var. Hazırki dövrdə də Qərb dövlətlərinin Azərbaycanla bağlı münasibətlərində ikili xətt sezilməkdədir. Birincisi, müxtəlif vasitələrlə Azərbaycanı şirnikləndirib və stimullaşdırıcı addımlar atıb öz tərəflərinə çəkməkdir. İkinci xətt isə ondan ibarətdir ki, biz antiterror koalisiyasına stimullaşdırma yolu ilə qoşa bilməyəndə bunu təzyiq vasitəsi ilə həyata keçirirlər. Əminəm ki, Obamanın ABŞ-ın siyasi gündəliyini həddən artıq sıx və gərgin məsələlərin olduğu bir vaxtda Azərbaycanla bağlı məsələlərin qabardılması təsadüfi deyil. Amerika bundan sonra maksimum çalışacaq ki, Azərbaycan kəskin bir şəkildə Rusiya əleyhinə proseslərə qoşulsun”.
Zahid Oruc demək istəyir ki, Ukraynada, Suriyada problemləri həll etməmiş, bizdəki qanunsuzluqları görmək düzgün deyil. Bəli, deputat QHT-lərin sııxışdılrıldığını, ölkədə siyasi məhbusların olduğunu inkar etməyib. Sadəcə olaraq deyib ki, bir belə problemin içində, nə məcburdur ki, bizim bostanımıza girirsiniz. Təkcə bununla da kifayətlənməyib və iddia edib ki, Qərb ölkələri Azərbaycanı şirnikləndirmək istəyir. Biz, Qərbin Azərbaycanı necə şirnikləndirməsi haqqında məlumatsızıq. Söhbət demokratiya vədindən gedirsə, bunu həmişə açıq şəkildə ifadə ediblər. Ancaq, Azərbaycan hakimiyyətinin Qərbi necə şirnikləndirdiyi haqda “dastan”lar çoxdur. Kürü diplomatiyası, müxtəlif ölkələrdə xeyriyyə layihələri həyata keçirmək, lobbiçilərə milyonlar xərcləmək də bu “dastan” lara daxildir. Yəni, bu illər ərzində ölkə vətəndaşlarına “bizim öz yolumuz var” söyləyib, ölkədən kənarda “bütün yollar”a qulluq edən bu hakimiyyət olub.
Bütün arqumentlər urvatdan düşdükdən sonra isə, “Azərbaycanı Rusiya əleyhinə prosesə qoşmaq istəyirlər” şüarı aktivləşib. Bir sözlə, həqiqəti etiraf etməmək üçün, bütün yalanlara istinad edilir.
ABŞ-da demokratiya yoxdur
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Obamanın fikirlərini əsassız adlandırıb: ”ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndəsi tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Azərbaycanla bağlı ifadə etdiyi fikir, obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir”.
Göründüyü kimi Əli Həsənov daha da irəli gedərək məsləni kökündən “həll” edib və bildirib ki, heç ABŞ-da da demokratiya yoxdur. Siyavuş Novruzovun “erməni”, Zahid Orucun “şirnikləndirmə” arqumentlərindən sonra, Əli Həsənov “demokratiya” silahına sarıldı. Əli Həsənov həm də bildirib ki, jurnalistin, bloqqerin həbs olunması başqa ölkələrdə də baş verir və bunu təbii qarşılamaq lazımdır. Yəni, hökumətin mövqeyi bundan ibarətdir ki, Azərbaycanda qanunsuz həbslər, təqiblər, QHT-lərə qdağalar var. Sadəcə olaraq biz bunu etiraf edə bilmərik. Həm də bunları etiraf etməmək üçün dünyanın müxtəlif ölkələrində milyonlarla pul xərcləyiblər.
Ona görə də “Hüseynova bacıları” kimi, yenidən başlamaqdan başqa çarə yoxdur. Yəqin ki, bundan sonra da “Obama tərənə”ləri eşidəcəyik və “sveji ittiham”lar üzə çıxacaq. Ancaq, həqiqətin böyüklüyü ondadır ki, ona qarşı gedənlər mütləq ifşa olunur.
Akif