Nurəddin Məmmədli: «Bu gün Azərbaycan Qərbin sanksiyalarına məruz qalacaq ölkələrdən biridir»
“Azərbaycan xarici siyasətində nə konseptual yanaşma, nə ardıcıllıq, nə də hər hansı məntiqə söykənmək var. Heydər Əliyev dönəmindən bu yana gündəmdə saxladığı və rəhbər tutduğu balanslaşdırılmış xarici siyasət əslində, Azərbaycan hakimiyyətini bütün ölkələrdən asılı vəziyyətə salıb.
Bunlar situasiyadan asılı olaraq, gah Şimalın, gah Qərbin, gah da Şərqin sevimlisi kimi davranmağa çalışırlar. Bəzən Iranı bütün regional münasibətlərdə Qərbə qarşı qoyur və bundan bəhrələnməyə çalışırlar, gah da Rusiya ilə bu cür davranırlar. Belə başa düşürlər ki, bu cür siyasətlə uğur qazana bilərlər” – bunu AXCP sədrinin müavini Nurəddin Məmmədli Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “müxtəlif qüvvələr və ölkələr bizə təsir etməyə çalışırlar, müxtəlif piar kampaniyalar keçirilir” fikrinə münasibət bildirərkən deyib.
Polad Bülbüloğlu sözügedən açıqlamasında onu da qeyd edib ki, Moskva ilə Bakı strateji müttəfiqdir.
Nurəddin Məmmədli isə deyir ki, Azərbaycanın xarici siyasətində bu cür tendensiyaya üstünlük verməsi, hamının nəzərində qeyri-ciddi, situasiyadan asılı olaraq davranan bir ölkə imicinin formalaşmasına səbəb olur: “Indi Azərbaycanda vəziyyət çox mürəkkəbdir. Xüsusilə, Rusiya ilə Qərb arasında münaqişənin dərinləşdiyi şəraitdə Azərbaycanın Rusiyaya yaxınlaşması da böyük problemlər yaradır, Qərbə birmənalı şəkildə dəstək verməsi də. Bu gün Azərbaycan prinsip etibarilə, Qərbin sanksiyalarına məruz qalacaq ölkələrdən biridir. Çünki Azərbaycan açıq şəkildə Qərbin Rusiyaya yönəlik iqtisadi boykotunu aradan qaldırmaq üçün addımlar atır. Maliyyə əlaqələrini genişləndirir, Rusiya bazarlarını kənd təsərrüfatı məhsullarıyla təmin edir. Bir sözlə, bu gün Azərbaycan faktiki, Qərbin Rusiyaya qarşı koalisiyasının istəklərini baltalayan bir ölkə kimi çıxış edir. Indiki siyasət sonda ciddi sanksiyalara gətirə bilər. Düzdür, Azərbaycan enerji resurslarıyla Qərbi şantaj etməyə çalışır. ”Neft-qaz veririk, bizdən başqa heç nə tələb edə bilməzsiz” yanaşmasından çıxış edir. Ancaq bu gün dünyanın düzəni tamamilə başqa cürdür. Azərbaycandan ardıcıl, birmənalı, balanslaşdırılmamış siyasət tələb olunur. Bu da indiyə qədər davam edən tendensiyaların aradan qaldırılması deməkdir”.
Ramin