Rahim Hacıyev Ramiz Mehdiyevin ittihamlarına münasibət bildirdi
«Hökumət öz məsuliyyətini mətbuatın üzərinə yıxmaq istəyir»
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin avqustun 29-da Kütləvi Informasiya Vasitələrinin rəhbərlərilə görüşündə bu qəzetin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib.
Ramiz Mehdiyev xaricdə anti-Azərbaycan şəbəkəsinin mövcud olduğunu və bu şəbəkənin ölkədə ayrı-ayrı QHT-lər, KIV-lər vasitəsilə Azərbaycanın əleyhinə 5-ci kolon yaratdığını da vurğulayıb. O qeyd edib ki, anti-Azərbaycan şəbəkəsi Azərbaycan dövlətini gözdən salmaq kampaniyası aparır. Bu tip KIV-lərdən danışarkən Ramiz Mehdiyev “Azadlıq” qəzetinin və “Azadlıq” radiosunun adını çəkib. Deyib ki, bu və digər müxalif KIV-lərin fəaliyyətinə nəzər salanda sanki Azərbaycanda müsbət heç nə olmadığı təəssüratı yaranır.
Prezident Administrasiyasının rəhbəri bəzi dairələrin Azərbaycan Silahlı Qüvvələrinin gözdən salınması yönündə iş apardığını da bildirib. Ehtiyatda olan zabitlər Üzeyir Cəfərovun, Isa Sadıqovun Silahlı Qüvvələrin gözdən salınması kampaniyasında iştirak etdiyini, “Azadlq” qəzeti, “Azadlıq” radiosu və bəzi başqa KIV-lərin onların əsassız iddialarını tirajladığını qeyd edib.
Qəzetin ünvanına səslənən fikirlər haqda “mediaforum”a açıqlama verən “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, Azərbaycanda çoxdan sərt rejim formalaşıb və belə bəyanatlar da bunun daha bir təsdiqidir: “Hakimiyyət hesab edir ki, kimin nə yazmalı olduğunu o müəyyənləşdirməlidir. Bu, birbaşa konstitusiyamızın pozulması deməkdir. Heç bir dövlət orqanı mətbuata onun necə fəaliyyət göstərməli olduğunu deyə bilməz. Mətbuat orqanı öz xəttini özü müəyyənləşdirir. Kimsə gecə-gündüz hökuməti tərifləməklə, kimsə də sərt şəkildə tənqid etməklə məşğul ola bilər. Azərbaycan hakimiyyəti isə medianı göstərişlə idarə etmək istəyir.
Indiyə qədər yazdığımız tənqidi materialların mütləq əksəriyyəti düz çıxıb, illər keçdikcə təsdiqini tapıb. Məsələn, həmişə korrupsiyadan yazmışıq, hökumət də həmişə bizim yazdığımıza cavab olaraq deyib ki, belə hallar yoxdur. Amma ölkənin prezidenti dəfələrlə deyirsə ki, korrupsiya ilə mübarizə aparılır, deməli, korrupsiya doğrudan da var.
Azad mətbuat ona görə azad adlanır ki, adamlar gördüyünü yazır. Hakimiyyət isə mediadan jurnalist peşəsinin müqəddəs prinsiplərindən imtina olunmasını tələb edir. Necə, hansı əsasla təkzib etmək mümkündür ki, Azərbaycanda siyasi məhbus yoxdur, jurnalistlər, siyasi fəallar saxta ittihamlarla həbs olunmur? “Azadlıq” qəzetində ölkənin problemlərilə bağlı verilən materiallar konkret faktlara söykənir. Amma bu, hakimiyyətə sərf etmir. Çünki təbliğat siyasətində başlıca prinsip “hər şey yaxşıdır” prinsipidir. Bu baxımdan tənqidçilərə münasibətin pis olması təbiidir”.
Rahim Hacıyev media sahəsində vəziyyətin daha da pisləşəcəyi, KIV-lərə təzyiqlərin artacağı qənaətindədir: “Açıq-aşkar təklif edilir ki, jurnalistlər hakimiyyətin istədiyi kimi fəaliyyət göstərsinlər. Ya ”hər şey yaxşıdır” yazmalı, ya da əhəmiyyətli məsələlər yüngül formada tənqid edilməlidir. Belə çərçivələrin qoyulması vətəndaşların obyektiv informasiya almaq hüququnun məhdudlaşdırılması deməkdir. Biz Avropa Şurasının üzvüyük, insan hüquq və azadlıqlarına hörmət edəcəyimiz haqda öhdəlik götürmüşük. Azərbaycan insan hüquq və azadlıqları ilə bağlı xeyli sayda beynəlxalq konvensiyalara qoşulub. Hakimiyyətin media qarşısında qoyduğu tələblər isə onlardan imtina deməkdir. Bircə o qalıb ki, rəsmi şəkildə “biz bu konvensiyalardan imtina edirik” desinlər. Azərbaycan hökuməti faktiki olaraq beynəlxalq aləm qarşısında üzərinə götürdüyü öhdəliklərdən imtina edir.
Azad mətbuata neçə illərdir olduqca ciddi problemlər yaradılıb. Jurnalistlərə peşə borcunu yerinə yetirməyə faktiki imkan verilmir, jurnalistin hüquqlarının pozulmasına qanun pozuntusu kimi baxılmır. Son illər ərzində xeyli jurnalistə, mətbuat orqanına qarşı müxtəlif qanun pozuntuları olub. Amma bu pozuntuları edənlərə qarşı heç bir tədbir görülmür. Açıq-aşkar görünür ki, hakimiyyət bundan sonra da azad medianın fəaliyyətini kəskin şəkildə məhdudlaşdırmaq istəyir”.
Rahim Hacıyev hesab edir ki, mətbuat orqanı heç vaxt böyük təhlükəyə çevrilə bilməz: “Medianın nə böyük səlahiyyəti var ki? Hakimiyyətin təqdim etdiyinin əksinə olaraq, medianın bu sahədə böyük imkanları yoxdur. Jurnalist, media orqanı hansısa qanun pozuntusu edə bilər, buna da qanuna uyğun münasibət göstərilməlidir”.
Rahim Hacıyevin fikrincə, Silahlı Qüvvələr haqda, eləcə də atəşkəsin davamlı şəkildə pozulduğu vaxtlarda mediada gedən bəzi xəbərlərdə qüsurlara yol verilməsinin günahkarı təkcə jurnalistlər deyil: “Jurnalistin işi məlumatı əldə edib yaymaqdır. Əgər hakimiyyət orqanlarında çalışan vəzifəli şəxslərin işinin öhdəsindən gəlməməsi, peşəkarlığının aşağı olması nəticəsində hansısa məlumat ortaya çıxırsa, buna görə məsuliyyət jurnalistin üzərinə qoyula bilməz. Hakimiyyət orqanları bu və ya digər problem baş verəndə ictimaiyyəti dərhal məlumatlandırmalıdır ki, başqa versiyalar yaranmasın. Avqust ayında cəbhə bölgəsində gərginlik güclənəndə qəzetlərdə, saytlarda, sosial şəbəkədə çoxlu versiyanın ortaya çıxmasının bir səbəbkarı da hökumətdir. Çünki media, ictimaiyyət operativ şəkildə məlumatlandırılmırdı.
Hökumət öz məsuliyyətini açıq şəkildə mətbuatın üzərinə yıxmaq istəyir, mətbuat orqanlarını təhlükə kimi təqdim etməyə çalışır. Bu da söz və mətbuat azadlığını məhdudlaşdırmaq məqsədi güdür. Mətbuat azadlığının məhdudlaşdırılması heç bir ölkəyə xeyir gətirməyib. Mətbuat problemləri görür, işıqlandırır. Hakimiyyət də problemlərin həllini istəyirsə, onun həlli ilə məşğul olur”.