“Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov qardaşı Murad Ədilovun həbsi ilə bağlı yeni açıqlama yayıb. Natiq Ədilov “facebook” səhifəsində yazır:
“Kürdəxanıda saxlanılan qardaşım Murad Ədilovla telefonla danışdım. Mənəvi-psixoloji vəziyyəti yaxşıdır. Baş verənləri tam dərk edir və narahat deyil. Hələ qəzetlər ona çatmır, çöldə ona olan dəstəkdən tam hali deyil, bunu bilsə, yəqin, gücü daha da artar. Onu müdafiə edən hər kəsə çoxlu salamı var.
Muradın dediyinə görə, o, Sabirabadda saxlanılarkən Bakıdan gedən dəstə tərəfindən 1 saata qədər döyülüb. Saxlaılnan kimi Sabirabad rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi Vüsal Şəbəndiyev Murada mənə görə həbs edildiyini deyib və etirafedici ifadə verməyə məcbur edib. Murad etmədiyi cinayətlə bağlı öldürülsə də, heç nə deməyəcəyini bildirib. Bundan sonra o, Şəbəndiyevin və rəis müavini Əlfağa Kazımovun iştirakı ilə döyülüb, işgəncələrə məruz qalıb.
Qardaşımın mətanəti məni çox fərəhləndirir. Mən onunla fəxr edirəm. Azərbaycan hökumətini təmsil edən insanlar xəcalət çəkməlidir ki, bu cür mətn insanları şərləmək, sındırmaq üçün nələri edir…”.
Natiq Ədilov daha sonra hakimiyyətə səslənib və qardaşının tutulmasında iştirakçı olan yerli polis rəhbərliyi barədə müəyyən məlumatlar paylaşıb.
“Bədbəxtlər, başa düşmürsüz ki, bu cəmiyyətdə Murad kimi insanlar olmasa, sonumuz hara gedər? Bu ölkənin məsuliyyətini çəkən, tez-tez pafosla dediyiniz işğalçı, düşmən qüvvələrdən onu qoruyan Murad kimilər olacaq, yaltaq, boşqabdibi yalayanlar yox…
Və yuxarıda qeyd etdiyimiz adları da unutmayacağıq. Bu şəxslər repressiya maşınının vintləridir, buna baxmayaraq, onlar uzun illərdir xalqın dəyərli ziyalılarını şərləməklə, onlara işgəncə verməklə yaşayırlar. Onlar cavab verəcək! Mütləq! Bu adamlar xalqın mühakiməsindən qurtara bilməyəcəklər.
Əlfağa Kazımov barədə bir dəfə sizə məlumat vermişəm. O cənub zonasında nüfuzlu din xadimi Seyyid Fəramizi və daha 7 ləyaqətli şəxsi (onlardan biri jurnalist Ayaz bəydi) şərləyən biridir. Bu onun dırnaqarası qəhrəmanlığının kiçik hissəsidir.
Sabirabad rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi Vüsal Şəbəndiyev isə vaxtı ilə Bəxtiyar Hacıyev saxlanarkən ona işgəncə verənlərdəndi”, – deyə Natiq Ədilov yazıb.