1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olan Riçard Kozlariç “The Washington Post” qəzetinin redaktoruna Azərbaycanla bağlı qəzetdə gedən son yazılar haqda məktub göndərib.
Qəzetin 25 avqust tarixli sayında dərc olunmuş məktubunda Kozlariç yazır ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun cavabına baxmayaraq qəzetin 14 avqust tarixində “Rusiyanın pis təqlidi” adlı baş məqalə həqiqəti əks etdirir.
Kozlariç yazır ki, Azərbaycanın səfiri öz məktubunda Leyla Yunus və Arif Yunusa qarşı Ermənistana casusluq etmək kimi saxta ittihamlara toxunmur. Və yaxud həbsdə Leyla Yunusa dərman verilməməsi və müalicə ilə təmin olunmaması və ya Azərbaycanda həbsdə onlarla siyasi məhbusun olmasına da toxunmur.
Kozlariç hesab edir ki, Leyla Yunus və Arif Yunus Azərbaycanla Ermənistan arasında sülh yaratmaq üçün çox vacib qeyri-hökumət diplomatiyasına cəlb olunublar. Kauzlarichin fikrincə, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həlli üçün zəruri olan kompromissə getməyə hazır deyillər.
Kozlariç yazır ki, qeyri-hökumət diplomatiyası səyləri Azərbaycan hakimiyyətinin yadına onun Dağlıq Qarabağ problemini həll etmək istəməməsini salır: sülh axtaranlar həbsdə olsalar, yaxşıdır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun məktubunu “The Washington Post” avqustun 18-də dərc etmişdi. Orda səfir yazırdı ki, Leyla Yunus və Arif Yunus istintaqa ifadə vermək üçün gəlsəydilər, onlar saxlanmazdılar. Onlar hüquq-mühafizə orqaları ilə bütün ünsiyyəti də rədd edirdilər. Səfir soruşur ki, digər hüquq sistemlərində, o cümlədən ABŞ-da, bu, normal olaraq hüquqi ölçü götürməyə aparmazdımı?
Səfir onu da yazır ki, Leyla Yunusun və Arif Yunusun Azərbaycan və Ermənistana sülh gətirmək cəhdinə gəlincə, Azərbaycan buna nail olmaq üçün Minsk qrupu çərçivəsində işləyir (azadliq.org).