Vəfa Quluzadə yaranmış geosiyasi vəziyyəti şərh etdi
Rusiyanın Ukrayanya qarşı aqressiv siyasəti, Krımın ilhaqı və digər bu kimi hadisələr sanki dünyada yeni bir canlanma yaratdı. Yaranmış mənzərə onu deməyə əsas verir ki, dünyada bir anti- Rusiya mövqeyi formalaşıb və eyni zamanda Qərbin şərqdə möhkəmlənməsi prosesi gedir.
Bir neçə gün öncə Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə nazirləri Naxçıvanda görüşdülər və bəzi məqamları müzakirə etdilər. Hər üç ölkənin birgə strateji əhəmiyyətli layihələr həyata keçirdiyini deyən Gürcüstan müdafiə naziri bildirib ki, Avropa Birliyi və NATO-nun marağında olan bu layihələri böhran anında müdafiə etmək lazımdır.
“Əfqanıstandan çıxarılacaq NATO yükləri Aəzrbaycan, Gürcüstan və Türkiyədən keçən tranzit yoldan istifadə ediləcək. NATO-nun Rusiya ilə münasibətlərinin korlandığı bir vaxtda tranzit yolun təhlükəsizliyii təmin etmək vacib məsələrlərdən biridir”, – deyə müdafiə naziri bildirib.
Avqustun 22-də isə ölkə başçısı Ilham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Cozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunub. Görüşdə həmçinin Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə gələn ay NATO-nun Uelsdə sammiti keçiriləcək və bu anti-Rusiya sammiti kimi tarixə düşəcək. Sessiya Ukraynanın, Güney Qafqaz ölkələrinin (Gürcüstan, Azərbaycan) və Moldovanın təhlükəsizliklərini gücləndirməyə həsr olunacaq.
ABŞ Müdafiə Departamentinin beynəlxalq təhlükəsizlik üzrə katibi Derek Kollet deyib ki, NATO-nun simvolik ittifaq olmadığını və bütün üzvlərin fəallığını göstərmək üçün Uels sammitində konkret təşəbbüslərə önəm veriləcək. Onun sözlərinə görə, ABŞ prezidentinin 2015-ci il büdcəsi üçün Konqresə göndərdiyi planda Şərqi Avropada mövqelərin möhkəmlənməsi üçün 1 milyard dollar nəzərdə tutulub.
Bütün bunları xatırlatmaqla onu diqqətə çatdırmaq istəyirik ki, NATO-nun, Avropa Birliyinin Şərqdə genişlənməsi prosesi gedir və Azərbaycan da bu prosesin tərkib hissəsidir. Qeyd etdiyimiz kimi həm nazirlərin Naxçıvan görüşü, həm Ilham Əliyevin ABŞ Nəqliyyat komandanlığını qəbul etməsi, həm də gələn ay keçiriləcək Uels sammiti məhz onun göstəricisidir ki, qarşıda Azərbaycanı ciddi sınaq gözləyir və Azərbaycan demokratik dünya ilə inteqrasiyaya məhkumdur. O da aydın görünür ki, həm anti-terror əməliyyatlarında, həm təhlükəsizlik məsələlərində, həm də iqtisadi sahədə Azərəbaycanın əsas partnyoru ABŞ, NATO, Avropa Birliyidir.
Təbii ki, Qərbin son dövrlər kəskinləşən siyasəti, anti-Rusiya layihələrinin həyata keçirilməsi və NATO-nun regionda möhkəmlənmək istəyi Rusiyanı narahat edir. Təsadüfi deyil ki, Iran prezidenti Həsən Ruhani gələn ay Rusiyaya səfər edərək Xəzər sammitinə qatılacaq. Iranın Press TV-nin məlumatına görə, sammit sentyabrın 29-da Astraxanda, Azərbaycan, Iran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək.
Göründüyü kimi Rusiya da qarşıdan gələn təhlükəni hiss edir və bu ölkələri Qərbin çətirindən məhrum etmək üçün müəyyən addımlar atır. Xəzər dənizinin hüquqi statusu da həssas məsələdi və Rusiya Xəzər amilindən istifadə edərək öz niyyətini həyata keçirmək istəyir.
Ümumiyyətlə, NATO-nun regionda möhkəmlənmək siyasəti və Rusiyanın buna münasibəti Azərbaycan üçün nə vəd edir?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanı gərgin sınaq gözləyir və ölkəmiz qərb seçimi edəcək: “Rusiyanın Ukraynaya hücumuna qədər Qərb sanki eyforiyada idi. Çünki, əsas rəqib hesab edilən SSRI çökdü və kommunust ideologiyası dağıdıldı. Ona görə də qərb özünü çox rahat hiss edirdi və Rusiyadan təhlükə gözləmirdi. Hətta Abxaziya və Osetiya işğal ediləndə də Qərb oyanmadı. Ancaq, Rusiya Ukraynaya hücum edəndən sonra qərb anladı ki, həqiqətən də Rusiya SSRI-ni bərpa etmək istəyir və dünya üçün təhlükəyə çevrilir. Indi qərb qarşısındakı düşməni görür və mübarizəni gücləndirəcək”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycan bu prosesdə düzgün qərar verməli, qərb isə Azərbaycanı real təhlükədən qorumaldır: “ABŞ dünyanın ən güclü ölkəsidir və bir qayda olaraq potensialının hamısından istifadə etmir. Həlledici məqamda isə, tam gücünü qoyur. Indi bu nəhəng oyanıb və NATO-da bu nəhəngin bir hissəsidir. Azərbaycan balans siyasəti dövründə özünü daha konfortlu hiss edirdi. Indi isə vəziyyət dəyişib və seçim qarşısındayıq. Hər dəfə seçim anı gələndə təhlükə də yaxınlaşır. Istənilən halda Azərbaycan qərb seçimi etməlidir. Qərb isə Azərbaycanı Rusiya təhlükəsindən qorumalıdır. Rusiyada keçirilən Xəzəryanı dövlətlərin sammitində də Rusiya tələb edəcək ki, Xəzərin səthi ümumi olsun və sərhəd olmasın. Çünki, belə olduqda Rusiyanın hərbi donanması istənilən kimi hərəkət edir. Qarşıda gərgin döyüş var və ümid edirəm ki, Azərbaycan bu döyüşdən salamat çıxacaq”.
Akif