Avqustun 19-da Sabirabadda AXC(P)-nin yerli şöbəsinin yaradılmasının 25 illiyi qeyd olunub. Partiyanın rayon şöbə rəhbərliyi və fəalları yerli qərargahda toplaşaraq bu tarixi hadisəni yada salıblar. Tədbriə AXCP-nin Bakıdakı rəhbərliyindən sədr müavini Nurəddin Məmmədli də qatılıb.
Dövlət himni ilə başlayan mərasimdə öncə AXCP Sabirabad şöbəsinin sədri Sətdar Şahlarovun məruzəsi dinlənilib. O, şöbənin yaranma tarixindən, həm Qarabağ döyüşlərində, həm də milli azadlıq hərəkatında oynadığı roldan danışıb.
Şöbənin Məclis üzvü Sahib Rüstəmli dünyasını dəyişmiş cəbhəçilərin ruhuna “Fatihə” verib və özünün necə cəbhəçi olmasından danışıb.
Şöbənin Rəyasət Heyəti üzvü Əflan Ağayev də cəbhəçiliyin məziyyətlərindən danışıb, aparılan mübarizədə demokratiya tərəfdarlarına qələbə arzulayıb.
Yerli fəallardan olan Eldar Salamov da şöbənin Milli Azadlıq Hərəkatında xüsusi rolunun olduğunu önə çəkib ayrı-ayrı cəbhəçilərin fədakarlıqlarından danışıb.
Veteran cəbhəçi Bəyzadə Quliyev də Sabirabad cəbhəçilərinin Qarabağ döyüşlərində aktiv iştirakını xatırladıb.
Çıxış edənlərin əksəriyyəti Xalq Cəbhəsinin Sabirabad şöbəsinin təşkilində Qurban Məmmədovun da danılmaz xidmətlərindən danışıb. Bundan sonra həbsxanaya, Qurban Məmmədova təbrik göndərmək də qərara alınıb.
Məlumat üçün bildirək ki, 1989-cu ilin iyun ayında Azərbaycan Xalq Cəbhəsi təsis ediləndən qısa müddət sonra, onun Sabirabad rayon şöbəsi yaradılır və Qurban Məmmədov onun sədr seçilir.
Sonda Nurəddin Məmmədli AXCP sədri Əli Kərimlinin və bütün rəhbərliyinin salamlarını Sabirabad cəbhəçilərinə çatdırıb onlara öz təşəkkürünü bildirib.
Tədbir meydan himni olan Uvertura sədaları altında başa çatıb.