«Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk qrupu, demək olar, mahiyyətini itirib»
Razi Nurullayev: «Hakimiyyətdəki fərqli yanaşma başa düşülən deyil»
Azərbaycan hakimiyyətinin davranışlarında maraqlı məqamlar nəzərə çarpmaqdadır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, dövlət başçısı Ilham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı qaldıqlarını bəyan etsələr də, hakimiyyətdə bu mövqeyə qarşı çıxanlar da var.
“Qoy ATƏT-in Minsk qrupunun nümayəndələri etimadı gedib ermənilərə öyrətsinlər”. “Trend” xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
Baş nazirin müavini bildirib ki, ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidirlər: “Bizə etimaddan danışan Minsk qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar”.
Ə.Həsənov bildirib ki, Azərbaycan artıq onlara inanmır: “Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib”.
Baş verən proseslərdə diqqət çəkən daha bir məqam Azərbaycan hakimiyyətinin həmsədrlərin təşəbbüsü ilə realaşdırılmalı olan Paris görüşünə razılıq vermir. Rəsmi Bakının bu addımı birmənalı qiymətləndirilmir.
AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, hazırda regionumuzda baş verənlərə Rusiya-Qərb qarşıdurması fonunda baxmaq lazımdır. Ukraynadakı olaylardan sonra Rusiyanın oxşar addımları cənubi Qafqazda da edə biləcəyindən narahatçılıq keçirdiyini düşünən R.Nurullayev vurğuladı ki, Qarabağ danışıqları ilə bağlı hakimiyyətdə fərqli mövqeyə baxmayaraq, ən əsas XIN-in mövqeyi götürülməlidir: “Hakimiyyətdəki fərqli yanaşma başa düşülən deyil. Əli Həsənov baş nazirin müavinidir və görünür ki, hakimiyyət tərəfindən ona belə bir imkan yaradılıb ki, o, Minsk qrupunun həmsədrlərini tənqid etsin. Amma Qarabağ danışıqlarında əsas kimi Xarici Işlər Nazirliyinin mövqeyi götürülməlidir”.
Hazırda ABŞ-ın Qarağbağ danışıqlarının bərpasına çalışdığını deyən R.Nurullayev vurğuladı ki, Vaşinqton bu məsələdən də Rusiyanın manipulyasiya obyekti kimi istifadə etməsini istəmir. Hakimiyyətin Paris danışıqlarından imtinasına gəlincə isə R.Nurullayev bunun bir neçə səbəbinin olduğunu söylədi: “Əsas səbəb budur ki, bu danışıqlar prosesi cəmiyyətdə birmənalı qarşılanmır. Çünki baş verənlər hakimiyyətə qarşı insanların fikrini dəyişdirir. Ona görə hakimiyyət ciddi səbəb olmadan Ermənistan tərəfi ilə görüşməkdən çəkinir”.
Xəyal