Dövlət başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı üzrə Praqa sammitində iştirak edəcək. Bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib. Praqa sammiti 24-25 apreldə keçiriləcək və Şərq Tərəfdaşlığı proqramımın 5-ci ildönümünə həsr edilib. Xatırladaq ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı 6 ölkəni əhatə edir – Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan. Proqram sözügedən ölkələri Avropa ilə birləşdirəcək iqtisadi və siyasi islahatların keçirilməsini nəzərdə tutur. Son zamanlar Qərblə Rusiya arasında Ukrayna məsələsində baş verənlər nəzərə alınarsa, bu sammitdən müəyyən addımlar gözləməyə dəyər. Yəni bu sammit vasitəsilə Avropa Birliyi postsovet məkanında nüfuzunu daha da genişləndirmək niyyətində oluduğunu bəyan edə bilər.
Gültəkin Hacıbəyli: «Praqa sammiti keçən il Vilnüsdə keçirilən tədbirlə 2015-ci ildə keçiriləcək Riqa görüşü arasında bir körpü rolunu oynamağa xidmət edir»
Praqa sammitinin «Şərq Tərəfdaşlığı» proqramının işə başlamasının 5-ci ildönümünə həsr edildiyini deyən Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli bildirdi ki, Şərq Tərəfdaşlığı 2009-cu ilin mayında məhz Praqada keçirilən görüş zamanı elan olunub. Tədbir çərçivəsində Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan dövlətlərin və Avropa Birliyinin bir sıra ölkələrinin rəhbərlərinin biraraya gələcəyini söyləyən G.Hacıbəyli hesab edir ki, məqsəd proqramla bağlı son vəziyyəti dəyərləndirməkdir: «Xüsusilə məqsəd ukraynada baş verən son olaylardan sonra Şərq Tərəfdaşlığı ilə bağlı ümumi müzakirələr aparmaqdır. Eyni zamanda bu proqramın üzvü olan dövlətlərin rəhbərləri ilə ikitərəfli məsləhətləşmələr aparılacaq. Ümumilikdə isə bu sammit keçəni ilin noyabrında Vilnüsdə keçirilən tədbirlə 2015-ci ildə keçiriləcək Riqa görüşü arasında bir körpü rolunu oynamağa xidmət edir. Əsas vurğu da Ukrayna hadisələrindən sonra yaranmış situasiyaya baxış olacaq».
G.Hacıbəyli vurğuladı ki, Praqa görüşündə Gürcüstanla, Moldovanın Avropa Birliyi ilə assosiasiya və azad ticarət sazişini ən qısa zamanda imzalamasıyla bağlı müzakirələr gedəcək. Eyni zamanda Azərbaycan, Ermənistan, Belarusla da AB-nın intensiv məsləhətləşmələr aparması gözlənilir. Amma konkret olaraq bu sammitdə Azərbaycanla AB arasında əməkdaşlıq istiqamətində bir addımın atılacağına inanmayan G.Hacıbəylinin qənaətincə, amma istənilən halda Azərbaycan rəhbərliyi AB ilə əməkdaşlıqda maraqlı olduğunu bəyan edəcək: «Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqda strateji tərəfdaşlıq təklif edir. Bu istiqamət Avropa Birliyi ilə əməkdaşlıqda Azərbaycanın üzərinə, xüsusitlə insan haqları və demokratiya sahəsində heç bir öhdəlik qoymayan yoldur. Bu baxımdan Azərbaycan bir daha Avropa Birliyi ilə əməkdaşlığın dərinləşməsində maraqlı olmadığını göstərməklə, əslində münasibətlərin səthi davam etməsinə çalışacaqdır. Amma geosiyasi durum özü gec-tez Azərbaycanı Avropa Birliyi istiqamətində ciddi addımlar atmağa vadar edəcək».
Xəyal