Gözəl Bayramlı: «Hakimiyyət ordudakı mənfi halları aradan qaldırmaq əvəzinə, əsgər ölümlərinə haqq qazandırmaqla məşğuldur»
Demək olar ki, hər gün əsgər ölümləri ilə bağlı xəbərlər eşitməkdəyik. Bu ilin ilk rübündə müdafiə sektorunda itkilər 17 nəfərə çatıb, yaralanan və ya xəsarət alanların sayı isə 25 nəfər olub. Aprel ayında isə ordumuz daha ağır itkilər verib. Aprelin ilk ongünlüyündə 7 hərbi qulluqçu itirdik, xəsarət alanların sayı isə 8-dən artıqdır. Həqiqətən də bu dəhşətli statistikadır və atəşkəs dövründə bu qədər itki vermək faciəli tendensiyadır. Azərbaycan hakimiyyəti isə bu qədər hərbi qulluqçunun ölümünə təbii yanaşır və heç bir tədbir görülmür.
Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, orduda ölüm, intiharlar təbii haldır: “Intihar halları dünyanın bir çox ölkələrinin ordularında olur. Ümumilikdə götürəndə bu hallar dünyanın bütün ölkələrində baş verir. Ən çox intihar halları Amerika və Böyük Britaniyada baş verir. Baxmayaraq ki, bu ölkələrdə döyüşçülər pulla, müqavilə əsasında xidmət edən şəxslərdir. Elə bu yaxınlarda Əfqanıstan ordusunda 20 nəfər intihara cəhd etdi. Mən sovet ordusunda da, Milli Ordu yaradılmamışdan əvvəl özünümüdafiə dəstələrində də xidmət etmişəm. Keçmiş sovet ordusunda ölüm halları həddən artıq çox olurdu. Amma bu faktlar gizlədilirdi. Ordu da cəmiyyətin bir hissəsidir. Mülki həyatda belə hadisələr baş verirsə, əlində silah, düşmənlə üzbəüz duran, təlimlərdə olan şəxslərin arasında da belə halların müşahidə olunması təbii haldır”- deyə Siyavuş Novruzov bildirib.
Faciəli məqam həm də ondan ibarətdir ki, Siyavuş Novruzov Əfqanıstanda və ya sovet ordusunda baş verən ölüm halları ilə ölkəmizdəki vəziyyət arasında fərq görmür. Aydındır ki, dünyanın bütün ordularında ölüm halları baş verir. Ancaq ölüm halları ilə statistika arasında fərq var. Dünyanın hansı ölkəsində atəşkəs şəraitində 3 ay ərzində 24 hərbi qulluqçu həlak olur? Dünyanın hansı ölkəsində günaşırı təsadüfən əsgərlər bir-birini güllələyir? Bir sözlə, bu yarıtmaz idarəetmə nəticəsində hər ay onlarla hərbçinin həlak olmasını hakim partiyanın təmsilçisi təbii qarşılayır. Bu həm də ümumilikdə sistemin münasibətidi,
AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, Siyavuş Novruzov sərgilədiyi mövqe ilə ordudakı özbaşınalığa haqq qazandırır: “Siyavuş Novruzov hakimiyyətin mövqeyini ifadə edib. Ordudakı qanunsuzluğu, özbaşınalığı isə həmişəki kimi ört-basdır etməyə çalışıb və cəmiyyəti aldatmaq yolunu seçib. Dünyanın heç bir ölkəsində atəşkəs dövründə bu qədər itki yoxdur, belə bir statistika məlum deyil. Azərbaycan ordusundakı ölüm hallarının əksəriyyəti qeyri-döyüş şəraitində baş verib və bu da komandirlərin səhlənkarlığı, yarıtmaz idarəetmənin nəticəsidir. Siyavuş Novruzovun yanaşması onu göstərir ki, hakimiyyət neqativ halları aradan qaldırmaq əvəzinə, bu ölümlərə haqq qazandırmaqla məşğuldur. Bu yanaşma hakimiyyətin mahiyyətindən xəbər verir. Uzun illərdir bu ölkədə müşahidə olunan mənfi hallara, hakimiyyət təbii proses kimi yanaşıb. Buna görə də Siyavuş Novruzov gənc əsgərlərin ard-arda həlak olmasını təbii qəbul edir”.
Akif