Partiya üzvlərinə qarşı seçki dövrü repressiyalarla bağlı bəyanat verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkisi dövründə üzvlərinin məruz qaldığı təzyiq və həbslərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan hakimiyyəti 9 oktyabrda keçirilmiş prezident seçkisinin nəticələrini saxtalaşdırmaqla və xalqın səsini oğurlamaqla kifayətlənməyərək, seçki dövründə müxalif fəallara qarşı basqılar da göstərib. Hakimiyyətin illərdir yürütdüyü repressiv siyasəti seçki dövründə də davam etdirməsi seçkinin nəticələrinə dair ATƏT DTİHB-in ilkin rəyində və ABŞ Dövlət Departamentinin bəyanatında da əksini tapıb.
Seçki kampaniyası müddətində, seçki günü və ondan sonra Azərbaycanın onlarla müxalif fəalı zorakılığa məruz qalıb, 10 gündən 1 aya qədər müddətə inzibati həbs cəzası alıb.
AXCP bu xüsusda öz üzvlərinə qarşı hakimiyyətin aşırı qəddarlığını ayrıca vurğulamağı vacib bilir.
Belə ki, seçki kampaniyası dövründə AXCP-nin gənc fəallarından olan Rahib Hacıyev uydurma narkotik ittihamı ilə saxlayıb, barəsində istintaq müddəti üçün 2 aylıq həbs-qətimkan tədbiri seçilib, bu müddət bitəndən sonra isə həbs müddəti daha 1 ay artırılıb. R.Hacıyevin həbsinin gerçək səbəbi isə onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt tənqidlərlə çıxış etməsidir.
AXCP Ali Məclisinin üzvü, tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli uydurma silah qaçaqmalçılıqı ittihamı ilə MTN tərəfindən həbs edilib və bu qurumun istintaq təcridxanasında saxlanılır. Özünün, ailə üzvlərinin və vəkillərinin verdiyi məlumata görə, ondan AXCP sədri Əli Kərimlinin əleyhinə böhtan xaraxterli ifadə tələb olunur, əks halda azadlığa buraxılmayacağı, hətta özünü öldürmə həddinə belə çatdırılacağı ilə hədələyirlər. Bu da həbsin siyasi motivli olduğunu və AXCP-yə zərbə vurmaq məqsədi güddüyünü göstərir.
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Sabirabad seçicilərilə görüşü zamanı YAP-ın təxribatçı dəstəsi və polislər AXCP üzvləri Türkel Əlisoya və Orxan Səlimzadəyə xəsarət yetiriblər. T.Əlisoyun 2 dişi sınıb, O.Səlimzadənin isə barmağı çıxıb. AXCP Qəbələ rayon şöbəsinin Məclis sədri Tehran Musayev Cəmil Həsənlinin posterlərini yapışdırarkən saxlanılıb və 25 sutka həbs cəzası alıb. Milli Şuranın 22 sentyabrda keçirdiyi seçkiqabağı təşviqat mitinqindən sonra AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və iki dostu (onlardan biri – Çoşqun Salahov AXCP fəalıdır) saxlanılaraq uydurma ittihamla 25-30 sutka inzibati həbs cəzasına məhkum ediliblər. Seçki günü AXCP Beyləqan şöbəsinin sədri Fizuli Qəhrəmanlını müşahidəçi olduğu məntəqədə döyüb, burnunu sındırıblar və məntəqədən çıxarıblar.
Seçkisonrası dövrdə, oktyabrın 12-də Milli Şuranın mitinqi başa çatandan sonra hüquq-mühafizə orqanları əməkdaşlarının törətdiyi təxribat nəticəsində AXCP üzvləri Türkel Əlisoy və Sərvər Abdullah döyülərək saxlanılıb. Onlar həmin gün cərimə olunaraq sərbəst buraxılsalar da, 2 gün sonra – oktyabrın 14-də yenidən məhkəməyə aparılıb və T.Əlisoya 15, S.Abdullaha 10 sutka inzibati həbs cəzası verilib.
Oktyabrın 17-də isə daha 2 gənc AXCP fəalı – Zaur Məmmədov və İqbal Dəmirli uyudurma ittihamlarla saxlanaraq, 15 sutka inzibati həbs cəzasına məhkum ediliblər.
AXCP hesab edir ki, üzvlərinə qarşı bu repressiv hərəkətlər hakimiyyətin 9 oktyabr seçkisində iflasa uğramasında partiyanın oynadığı rola görədir. Milli Şura məhdud imkanlara baxmayaraq, uğurlu seçki kampaniyası təşkil edə və hakimiyyətin namizədini faktiki məğlubiyyətə uğrada bildi. Bu prosesdə AXCP-nin əsas donor təşkilatlardan biri olduğu isə danılmazdır.
Bundan başqa, Əliyevlər hakimiyyətinin Xalq Cəbhəsinə qarşı kökü az qala 20 il əvvələ gedib çıxan nifrət və ədavətini də xatırlatmaq yerinə düşər.
AXCP hakimiyyətdən üzvlərinə qarşı repressiv addımları dayanadırmağı tələb edir. AXCP bəyan edir ki, belə üsullarla onu mübarizədən çəkindirmək və zəiflətmək mümkün deyil. Bu partiya uzun illərdir ən ağır sınaqlardan və məhrumiyyətlərdən belə, güclənərək və mətnləşərək çıxdığını sübut edir. Seçki kampaniyası dövründə və ondan sonra partiyaya üzv yazılmaq üçün xüsusən gənclərədən ibarət olmaqla, onlarla insanın müraciət etməsi hakimiyyətin bu mərhələdəki təzyiqlərinin də effektsiz qaldığını göstərir.
AXCP hakimiyyəti öz “NKVD” metodları ilə müasir dövrün tələblərindən çox geri qaldığını və artıq tarixin arxivinə qovuşmalı olduğunu anlamağa çağırır. AXCP bəyan edir ki, bundan sonra da Azərbaycanın demokratikləşməsi mübarizənin önündə gedəcək və bu mübarizənin bütün ağırlığını üzərinə götürməyə, məhrumiyyətlərinə sinə gərməyə hazırdır”.