Ölkə başçısından jurnalistlərə ilginc etiraflar
Ölkə başçısı Ilham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurası Idarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə maraqlı açıqlamalar verib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun aznews.az-a bildirdiyinə görə, ölkə başçısı deyib ki, xəbərləri internet üzərindən bilavasitə özü oxuyur:
“Mənim köməkçilərim bəzi məlumatları məndən gizlətməyə çalışırlar, amma onlar görürlər ki, mənim xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”.
Ölkə başçısı həmçinin bildirib ki, idarəetmədə islahatlara ehtiyac var. Ilham Əliyev bu məsələdə medianın dəstəyinə və köməyinə ehtiyac olduğunu bildirib.
Ölkə başçısının bu fikirləri əslində, komandasına nəzarət edə bilməməsinin etirafıdır. Ilham Əliyev açıq mətnlə deyir ki, köməkçiləri ondan nələrisə gizlətməyə çalışır. Doğrudur, ölkə başçısı ad çəkməyib, ümumi danışıb. Lakin ehtimal etmək olar ki, ölkə başçısını informasiya blokadasında saxlamaq, ondan nələrisə cizlətmək cəhdi qruplararası ziddiyyətlərdən doğur. Ilham Əliyev də bunun fərqində olduğundan mediaya ciddi diqqət yetirdiyi və baş verənlərdən xəbərdar olduğunu bildirir. Yeri gəlmişkən, Ilham Əliyev Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı yaradılmış komissiyanın iclasında da ona baş verənlər barədə ziddiyyətli məlumatlar verildiyini bəyan etmişdi.
Ilham Əliyevin idarəetmədə islahatlar aparmaq üçün mediadan dəstək istəməsi də maraqlıdır. Görünür, ölkə başçısı atacağı addımların hədəfinə çevriləcəyindən ehtiyatlanır.