Beynəlxalq aləm YAP hakimiyyətindən imtina edir
Baş verənlər bir daha təsdiqləyir ki, Azərbaycan hakimiyyətinin xarici siyasəti “qəza”ya uğrayıb və “sərnişin”lər koma vəziyyətindədir. Bəli, yalnız şəxsi maraqlar üzərində qurulmuş, ümumbəşəri dəyərlərdən imtina edərək yürüdülən siyasətin sonu məhz belə olmalıydı. YAP hakimiyyəti yalnız tərif eşitməyin, mədh olunmağın axtarışındadır.
Haqlı tənqidlərə, obyektiv iradlara qarşı isə düşmən münasibəti sərgiləyir. Bugün Azərbaycanda korrupsiyanın, siyasi məhbusların, monopoliyaların, seçki saxtakarlığının, hüquqsuzluğun olduğu aksiomadır. Beynəlxalq aləm də bütün bu neqativlərdən imtina etməyi, öhdəliklərə hörmətlə yanaşmağı tələb edir. Amma hakimiyyət hamının gördüyü həqiqəti gizlətməyə cəhd edir və bütün dünyaya “ermənipərəst” damğası vurur.
Son günlər isə hakimiyyət komandası tamam təşviş içindədir və Qərb təhlükəsindən danışırlar. PA rəsmisi Novruz Məmmədov “Bizə elə kütləvi hücum başlayıb ki, Bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz. Azərbaycanın hazırda üzləşdiyi beynəlxalq təzyiqin miqyası olduqca genişdir” söyləyir.
Digər tərəfdən, Con Kerrinin Azərbaycanda dövlət çevrilişi planından söhbət açılır və hökumət mətbuatı bunu müxtəlif rakurslardan əsaslandırmağa çalışır. Bundan əlavə, ABŞ əleyhinə dinləmələr keçirilir, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılacağının anonsu verilir. Yəni Azərbaycan hakimiyyəti panika içərisindədir və dünyadakı etimad limitinin bitdiyini dərk edirlər.
Əslində, hakimiyyətin bu narahatlığı əsassız deyil. Həqiqətən də Azərbaycan hakimiyyətinə qarşı demokratik dünyada ümumi mövqe müəyyənləşib və heç kim bu hakimiyyətlə münasibətləri davam etdirmək istəmir. Ölkə ictimaiyyətindən fərqli olaraq beynəlxalq aləm bu yalanlara göz yummaq, kobud şəkildə aldadılmaq istəmir.
Ölkə başçısı səviyyəsində siyasi məhbuslarla bağlı “Işçi qrup”un yaradılması məsələsi razılaşdırıldı. Sonra məlum oldu ki, bu “Işçi qrup” işləməmək üçün yaradılıb və siyasi məhbus məsələsində dünyanı aldatmaq üçün bir “priyom”dur. Çünki, bu qrup yaradılandan sonra bir neçə əfv fərmanı imzalansa da, demək olar, siyasi məhbusları əhatə etmədi. Sonra Viktoriya Nulandla razılaşdırıldı ki, birgə komitə yaradılacaq və bu məsələlərin həlli üçün birgə səy göstəriləcək. Bu ideya da havada qaldı və hər hansı irəliləyiş müşahidə olunmadı. Əslində bunlardan öncə də Azərbaycan hakimiyyəti dəfələrlə beynəlxalq aləm qarşısında öhdəliklər götürüb, “sendviç” bəhanəsi səsləndirib, manevrlər hesabına vaxt udmağa çalışıb və s. Amma bütün hallarda aldadıb, yalanı üzə çıxıb. Indi Yaqlandın məqaləsində yazdığı kimi, “bıçaq sümüyə dirənib”.
Baş verənlər eyni zamanda hakimiyyətin “uğurlu xarici siyasət yürdülür və dünya bizimlə hesablaşır” iddiasını darmadağın etdi. Indi hakimiyyət etiraf edir ki, dünyanın aparıcı ölkələrinin heç biri ilə səmimi münasibət yoxdur və Qərb dünyası Azərbaycanı güvəniləcək müttəfiq saymır. Avtoritar Rusiyanın çadırına sığınmaq, bütün bəşəri dəyərləri pula satmaq, öhədliklərdən yayınmaq siyasətinin axırı belə olmalıydı. Bu gün acından ölən, heç bir təbii sərvəti olmayan Ermənistanın xarici siyasəti, təbliğatı daha uğurludur. Və Azərbaycan hakimiyyətinin milyonlar xərclədiyi dövlətlər də Ermənistanın xeyrinə qərar verirlər. Bu illər ərzində Azərbaycanın pulları ölkənin təbliğatına, səmimi dostların tapılmasına xidmət etmədi. Çünki, hakimiyyət milyonları şəxsi təbliğatına xərclədi, fərdlər səviyyəsində öz imicini yaxşılaşdırmağa çalışdı. Amma bu xərclər də nəticə vermədi və hakimiyyəti tərif edənlər təpki ilə qarşılaşır.
Hətta “Avropa oyunları” adı altında 1000-lərlə insana xidmət göstərmək cəhdi də uğursuzluqla nəticələnir və hər gün beynəlxalq aləmdən Azərbaycan hakimiyyətinə qarşı tənqidlər yağdırılır.
Bəli, Ilham Əliyevin analoqsuz siyasəti dalana dirəndi. Daha doğrusu Əliyevin yanlış siyasəti bu dalanı zərurətə çevirdi. Vətəndaşı şərləyərək həbs etməyin, beynəlxalq tribunalardan “ağ yalan” danışmağın, dünyanı enerji ilə təhdid etməyin məntiqi sonluğu budur. Indi Qərb dünyası Əliyev avtoritarzmindən imtina edir.
Məsələ burasındadır ki, Novruz Məmmədovların, Əli Həsənovların “bizi sıxırlar” çağırışı da effektsizdir. Çünki bu, ayrı-ayrı fərdlərin deyil, geniş bir dairənin mövqeyidir.
Əliyev hakimiyyətinin “siyasəti" Azərbaycanı dünyadan təcrid etməklə nəticələnir və bu siyasət davam etdikcə “tupik” daha da daralacaq.
Azad