Britaniya mediası ABŞ-ın növbəti prezidenti olmaq istəyən Ceb Buşa qardaşının hansı əməllərini xatırlatdı?
«The Independent»: «Keçmiş prezident Corc Buş repressiv rejimləri beş dəfə «legitimləşdirib»
Gələn il ABŞ-da prezident seçkisi kampaniyası başlayır. Ölkədə formalaşmış siyasi ənənəyə görə, seçki kampaniyasına rəsmən start verilməmişdən xeyli əvvəl iştirak edəcək şəxslər bu barədə mövqelərini ortaya qoyurlar. Prezident seçkisinə namizəd kimi qatılmaq niyyətində olanlardan biri də ABŞ-ın keçmiş prezidenti Corc Buşun qardaşı Ceb Buşdur. ABŞ prezidenti Obamanın kubalı həmkarı Raul Kastro ilə görüşü Ceb Buşun qəzəbinə səbəb olub.
O, sosial şəbəkələrdə Obamanı ittiham edib. Buna cavab olaraq, Böyük Britaniyanın “The Independent” qəzeti Ceb Buşa qardaşı Corcun repressiv rejimlərlə əlaqələrini xatırladıb. Qəzetin bu barədə yayımladığı məqalədə Azərbaycanın dövlət başçısı Ilham Əliyev də “repressiv rejimin rəhbəri” kimi təqdim olunub. “Keçmiş prezident Corc Buş repressiv rejimləri beş dəfə ”legitimləşdirib" başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Barak Obama aprelin 10-da Kuba prezidenti Raul Kastronun əlini sıxmaqla təxminən yarım əsrlik siyasi böhrana son qoydu. Bir çoxları bunu müsbət hadisə kimi qiymətləndirir. Elə Obama özü də bu görüşü “tarixi hadisə” adlandırıb. Amma heç də hamı bu yaxınlaşmadan razı qalmayıb.
Prezidentliyə namizədliyi gözlənilən Ceb Buş (keçmiş prezident Corc Buşun qardaşı) “Twitter”də bu görüşə görə Obamanı ittiham edib. “Repressiv rejimə rəhbərlik edən diktatoru biz niyə legitimləşdirməliyik?”, – deyə Ceb Buş yazıb.
Bunu “Twitter”dəki 175 min izləyicisindən soruşmaqdansa, öz evindən – qardaşından başlaya bilərdi. Qardaşı Corc Buş prezidentliyi dönəmində repressiv rejimlərin başçılarının hərəsilə ən azı bir dəfə görüşüb.
Səudiyyə Ərəbistanı kralı Abdulla
Buş ailəsinin Səudiyyə kralının ailəsilə münasibətlərinin çox yaxşı olduğu bəllidir. Eyni zamanda, Səudiyyə krallığının fundamentalist və hakimiyyətdən açıq-aşkar şəxsi maraqları üçün sui-istifadəsi faktı da hamıya məlumdur.
Buş prezidentliyi dövründə Səudiyyə Ərəbistanının kralı Abdulla ilə dəfələrlə görüşüb.
Kral Abdulla idarəçiliyi dövründə hakimiyyətin ailə üzvlərinə ötürülməsinin təmin edilməsi üçün gizli komissiya yaradıb. O, Ərəb baharından qorxuya düşərək, yüzlərlə islahatçını həbsxanaya göndərib.
İlham Əliyev
1996-cı ildə Buş Texasın qubernatoru olarkən Amerikanın neft şirkətlərinə Bakıda yaratdığı şəraitə görə Ilham Əliyevə “Fəxri Texaslı” adı verib.
2003-cü ildə Ilham Əliyev hakimiyyəti keçmiş KQB generalı olan atasından miras alandan sonra da onların əvvəlki yaxşı münasibətləri dəyişmədi. Hərçənd, onun prezident olduğu seçkidə səsverəni qeyri-hökumət təşkilatlarının izləməsinə imkan verilməmiş, seçkidə çoxsaylı pozuntuları qeydə alınmışdı.
ABŞ-ın o zamankı dövlət katibi Donald Ramsfeld həmin seçkidən cəmi 6 həftə sonra Azərbaycana səfər etdi və Əliyevin qələbəsi münasibətilə badə qaldırdı.
Azərbaycanda ilbəil artan insan haqları pozuntuları da Buşu Əliyevlə dostluq fikrindən daşındıra bilməyib. 2008-ci ildə keçirilmiş saxta seçkidə Əliyev növbəti dəfə prezident olanda Buş onu təbrik edərək demişdi: “Biz Azərbaycanın demokratik institutların möhkəmlənməsinə yönəlik cəhdlərini dəstəkləyirik”.
Hüsnü Mübarək
Mübarək Ərəb baharı zamanı – 2011-ci ildə inqilab nəticəsində devrilərkən təxminən 30 il idi ki, hakimiyyətdəydi.
Misir üsyanından sonra “Human Rights Watch” bəyan etmişdi ki, Mübarək dövründə polislərin vətəndaşlara qarşı qəddar davraşını, işgəncələr bu ölkədə kütləvi etirazların baş qaldırmasında əsas faktorlardan biri oldu.
1993-2008-ci illər arası bu ölkədə işgəncələrlə bağlı 460 hal qeydə alınıb. Bundan başqa, həmin dövrdə 167 nəfər qəddar davranış nəticəsində dünyasını dəyişib.
Buş 2008-ci ildə Mübarəklə görüşərkən demişdi: “Mən sizin ölkənin yaratdığı nümunəni yüksək qiymətləndirirəm”.
General Pərviz Müşərrəf
General Pərviz Müşərrəf dövlət çevrilişi nəticəsində Pakistanı öz nəzarətinə götürmüşdü. O, idarəçiliyi dövründə iki dəfə konstitusiyanı qüvvədən salıb, təxminən 10 min nəfər tənqidçinin həbsinə göstəriş verib. Müşərrəf Bəlucistanın liderinin, eləcə də Pakistanın keçmiş baş naziri Benazir Bhuttonun ölümündə ittiham olunurdu.
Corc Buş bütün isə bütün bunlara göz yummaq cəsarətində bulundu və hətta onu “böyük cəsarət və düşüncə sahibi” adlandırdı. Buş generalın xahişilə hətta bir gecə qonaq da qalmış, həmçinin 2003-cü ildə Müşərrəfi Kemp-Devidə dəvət etmişdi.
Islam Kərimov
Uzun illərdir ki, ABŞ Özbəkistanda Islam Kərimov rejiminin törətdiklərini tənqid edir. Bu ölkənin iqtisadiyyatı əhəmiyyətli dərəcədə uşaq əməyi və məcburi əməkdən asılıdır. Kərimov rejiminin təhlükəsizlik xidməti hədsiz geniş səlahiyyətləri və qəddarlığı ilə tanınır.
Hər şey Nyu-Yorkda 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra dəyişdi. 2002-ci ildə Buş Özbəkistana 500 milyon dollarlıq yardım edib. Bunun da 79 milyonu təhlükəsizlik xidmətlərinə sərf olunub. Buş Özbəkistanın hüquq-mühafizə orqanı əməkdaşlarının dəstəklənməsinə dair deklarasiyanı imzalamağa da getdi…
Siyasət şöbəsi