İctimai fəallar Leyla Yunus, Xədicə İsmayıl və Emin Hüseynov haqqında yazılanları pislədi
“Yeni Müsavat”ın səsləndirdiyi iddialar Prezident Administrasiyasından verilən tezislər əsasında hazırlanmış sifarişli məqaləyə bənzəyir”
“Hansısa sifarişlə belə yazılar verən KİV-i kənardan necə görünməsi narahat etməlidir”
Fevralın 27-də “Yeni Müsavat” qəzetində Leyla Yunus, Emin Hüseynov və Xədicə İsmayılla bağlı məqalə dərc olunub. Məqalədə iddia olunur ki, hər üç şəxs Qərb dairələrinə hansısa gizli hesabatlar göndərib. Bu hesabatlar və onların Qərb dairəlləri ilə başqa gizli yazışmaları hakimiyyətin əlinə keçib. İddiaya görə, hakimiyyət bu “məxfi sənədlər” sayəsində L.Yunus və X.İsmayılı həbsdə saxlayır, E.Hüseynovun isə ölkədən çıxmasına imkan vermir. Bildirilir ki, hökumət Qərbi həmin yazışma və hesabatlar barədə məlumatlandırıb, bu üzdən də Qərb rəsmi Bakıya bu şəxslərlə bağlı təzyiq edə bilmir.
Qəzetin adını açıqlamadığı mənbəyə istinadla yaydığı bu iddialar Azərbaycan hakimiyyətinin həbs etdiyi ictimai fəallara qarşı “xaricə işləmək” ittihamı ilə səsləşir. Bəs ölkənin vətəndaş cəmiyyəti nümayəndələri bu iddianı necə qarşılayır?
“Bu həbslərə başqa don geyindirmək məntiqdən kənardır”
Jurnalist Aynur İmranova hesab edir ki, “xarici qüvvələrə işləmək” ittihamı ölkədə insan haqları və demokratiya uğrunda mübarizə aparan, hökumətin korrupsiya əməllərini ifşa edən fəalları qarşı şərləmək üçündür:
“Xarici qüvvələrə bağlılıq ayrı məsələdir, ölkəndə demokratiya istəmək, Avropa dəyərlərinin tətbiq olunmasına çalışmaq, korrupsiyasız, rüşvətsiz, zorakılıqsız, dövlətin müdafiə elədiyi bir vətəndaş cəmiyyəti qurmaq uğrunda mübarizə aparmaq ayrı məsələdir. Azərbaycanda elə gün olmur ki, insan haqları pozulmasına, məmur özbaşnalığına, rüşvət faktlarına rast gəlməyək. Bunlarla mübarizə aparmaq hər bir aydının, ziyalının borcudur. Heyif ki, hər kəs bu missiyanı şərəflə daşımır. Hakimiyyət isə bu missiyanı daşıyanları şərləyir, ya narkotik ittihamı ilə, ya xarici qüvvələrə işləməklə, ya pul mənimsəməklə. Hazırda həbsdə olan bütün siyasi məhbuslar kimi Xədicə İsmayılın, Leyla Yunusun və Emin Hüseynovun durumunun da bir məntiqli acıqlaması var. Hakimiyyətə qarşı tənqidçi mövqedə durmaq, siyasi məhbus siyahısının hazırlanması, beynəlxalq təşkilatlara Azərbaycanda insan haqları ilə bağlı məlumtaların çatdırılması, Avropa İnsan Haqları Məhkəməsindəki işlər və s. Bu həbslərə bundan başqa don geyindirməyə çalışmaq məntiqli görünmür”.
Guya Azərbaycan hakimiyyətinin əlindəki hansısa “faktlara” görə Qərbin konkret halda L.Yunus, X.İsmayıl və E.Hüseynovu müdafiəsiz buraxmasına gəlincə, A.İmranova bunu yalan hesab edir: “Hesab edirəm ki, beynəlxalq təşkilatlar əlindən gələn qədər çalışırlar. Hesabatlar, bəyənatlar, roliklər, Azərbaycandakı insan haqlarının vəziyyəti ilə bağlı dinləmələr keçirilir. Məncə, bu adamlar daha çox bəzi istisnalarla, yerli ictimaiyyət və mətbuat tərəfindən müdafiəsiz buraxılıb, nəinki beynəlxalq ictimaiyyət. Mübarizəni yarı yolda buraxanlar, geri çəkilənlər hazırda həbsdə olan fəalların işinin layiqincə davam etdirilməməsinə gətirib çıxardı. Heç bir xarici dövlət gəlib bizim ölkənin içində insan haqları üçün mübarizə aparmayacaq, bu, bizim işimizdir. Hansı mətbu orqanın nə yazdığı önəmli deyil, o yazının ictimaliyyət arasında necə qəbul edilməsi önəmlidir. Sağlam düşüncəli adamlar oxuyur, analiz edir. Ümumiyyətlə, son günlər KİV-də müxtəlif xarakterli, həqiqətə uyğun olmayan və ya fikir yayındırmağa xidmət edən yazılar çox dərc olunur. Belə yazıları dəqiqləşdirmədən və ya hansısa sifarişlə verən KİV-i kənardan necə görünməsi narahat etməlidir”.
“Yeni Müsavat” hakimiyyətin ideoloji xəttini təblig edir”
Jurnalist Əfqan Muxtarlı isə “Yeni Müsavat”da yer alan məqaləni hakimiyyətin sifarişi hesab edir. Əfqan Muxtarlıya görə, bu qəzet Azərbaycan hakimiyyətinin ideoloji xəttini müdafiə edən, sifarişlə yazılar yazan bir media qurumudur:
“Azərbaycanda insan haqqları ugrunda mübarizə aparan şəxslərin xarici ölkələrlə bağlılıqları barədə iddalar hakimiyyət tərəfindən səsləndirilir. Leyla Yunus, Arif Yunus və Rauf Mirqədirov xarici ölkələrin kəşfiyyatına işləməkdə təqsirlədirilərək həbs ediliblər. Azərbaycan adına ləkə olacaq istintaq isə hələlik yekunlaşmayıb. “Yeni Müsavat” qəzeti Azərbaycan hakimiyyətinin ideoloji xəttini ardıcıl olaraq təblig edən media qurumudur. Bu baxımdan “Yeni Müsavat”ın ölkə aydınlarını qaralaması gözlənilməz deyil. Xatırlayırsizsa, bu qəzet bir zamanlar Emin Milli və Adnan Hacızadəni də ABŞ-a işləməkdə suclamışdı. Xədicə İsmayılın, Leyla Yunusun xaricə işləməkdə suclanaraq həbs edildiyini söyləmək üçün isə hec bir əsas yoxdur. Bu, hakimiyyətin təbligatını aparmaqdan, ictimaiyyəti çaşdırmağa cəhddən başqa bir iş deyil”.
Əfqan Muxtarlı da beynəlxalq təşkilatların siyasi məhbuslara etinasızlığı barədə iddiaları qəbul etmir: “Beynəlxalq təşkilatlar, eləcə də yazıda adı cəkilən ölkələr davamlı olaraq Azərbaycanda insan haqqlarına, söz və mətbuat azadlığına basqıların durdurulmasını tələb edib və etməkdədir. ABŞ Dövlət Departamenti son aylar ərzində dəfələrlə Azərbaycan hakimiyyətini sərt tənqid edən bəyanatlarla cıxış edib. ABŞ, Avropa Birliyi siyasi məhbusların, o cümlədən Xədicə İsmayılın, Leyla Yunusun, İlqar Məmmədovun və digərlərinin dərhal azadlığa buraxılmasını tələb edib. Xədicə İsmayıl və digər siyasi məhbuslar dünyanın qabaqcıl insan haqqları təşkilatları tərəfindən vicdan məhbusu elan edilib. O cümlədən, Emin Hüseynovun təhlükəsiz şəkildə ölkədən cıxması üçün səylər davam etdirilməkdədir. “Yeni Müsavat”ın səsləndirdiyi iddialar tamamilə əsasızdır və daha çox Prezident Administrasiyasından verilən tezislər əsasında hazırlanmış sifarişli məqaləyə bənzəyir”.
“Məqalə həm də ictimaiyyətin diqqətini yayındırmağa hesablanıb”
Jurnalistin fikrincə, bu məqalənin dərc olunmasında bir neçə məqsəd var ki, onlardan biri də ictimaiyyətin diqqətini son zamanlar ölkədə baş verən, hakimiyyətə qəzəbi artıran hadisələrdən yayındırmaq cəhdidir: “Düşünürəm ki, bu məqalə coxhədəflidir. Məqalədə adları cəkilən şəxslər barədə düzgün olmayan informasiyanın verilməsi eyni zamanda, dünyanın aparıcı ölkələrini nüfuzdan salmağa yönəlib. Digər tərəfdən, son həftə ərzində Azərbaycan hakimiyyətinin dayaqlarını sarsıdacaq faktlar ortaya cıxıb. Manatın məzənnədən düşməsi, ölkədə görünməmiş bahalıq fonunda Avropa Oyunlarında iştirak edəcək xarici idmançıların xərclərini Azərbaycanın ödəyəcəyi ciddi narazılığa səbəb olub. Məqalə həm də belə ciddi məqamların üstünü örtməyə, ictimaiyyətin diqqətini yayındırmağa hesablanıb”.
“Boş və mənasız yazıdır”
Məqalədə adı çəkilən Emin Hüseynovun qardaşı, tanınmış blogger Mehman Hüseynov isə məqaləni “sifarişli və düşük” adlandırır: “Boş, mənasız yazıdır. Əslində, belə uydurmalara heç bir münasibət bildirmək istəmirəm, öyrәşmişik belә düşük yazıları görməyə. Mәqsәd, gündәmin әsas movzusundan yayınmaqdır. Amma deyim ki, bu dəfə də alınmadı. Çünki yalandır, uydurmadır .Ümumiyyətlə, hesab edirəm ki, bu yazı sifarişlə yazılıb”.
“Onlar peşə fəaliyyətlərinə görə həbs olunublar”
Hüquq müdafiəçisi Samir Kazımlı da məqalədəki iddiaların inandırıcı olmadığını, adları çəkilən şəxslərin konkret peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirib: “Mən bu məqalədə yer alan iddiaları inandırıcı saymıram. Leyla Yunus insan haqları sahəsində göstərdiyi fəaliyyətə, Xədicə İsmayıl isə araşdırmalarına görə həbsə atılıb”.