Milli Şuranın sədri, professor Cəmil Həsənli hakimiyyətə yaxın mediada tarixçi həmkarı Altay Göyüşova qarşı təbliğatın aparılmasına sərt şəkildə etiraz edib. Cəmil bəyin facebook səhifəsində yazdıqlarını təqdim edirik:
“Hakimiyyətin nəzarətində olan, bilavasitə korrupsiya rejiminin sifarişi ilə yazan bir sıra saytlar indi də ölkənin ən vicdanlı, ən namuslu və ən vətənpərvər intellektuallarından biri kimi Altay bəyi hədəfə alıb. Kölə təbiəti ilə namuslu adamlar haqqında “Azadlıq dastanı” yazmaq bu gün kiçik istisnalarla Azərbaycan mətbuatının kredosuna çevrilib. Bir də görürsən ki, keçmiş azadlığına “Xəzər” televiziyasından həsrətlə baxan Azər adlı birisi keçmiş Sovet ideologiyasına xas olan bir tərsliklə (daha doğru ifadəni etika xətrinə işlətmədim) Qərb ölkələrində təhsilin, mədəniyyətin böhranı, mətbuatın hakim zümrəyə xidmət etməsi, Avropa və Amerikada haqsızlığın ərşə dayanması haqqında difosqen püskürür. Saytların hansındasa onun yekə papaqlı bir şəklini görəndə ilk ağlıma gələn bu oldu ki, vallah o papaq bu zaatın başına çox yekədir. Zənnim doğru çıxdı. Belələrinin sayı çoxaldı və yalan dəyərlər burulğanında boğulan hakimiyyət özünün media siyasətini bu yekə papaqlı bəylərin və özlərinin keçmiş müxalifətçiliyinə yaşmaq tutan xanımların üzərinə transfer etməklə xalqla “təmas” imkanı qazandı.
İndi haqqa virtual aləmdən qovuşmaq (əslində soxulmaq) istəyən belələri Altay Göyüşov kimi vətandaşlıq mövqeyi olan və bu mövqeyi ifadə etməyə iradəsi və intellektual potensialı çatan bir ziyalı, bir müəllim və bir alim haqqında “azadlıq nəğməsi” oxumağa başlayıblar. Azad olmayan adamların kölə təbiətindən cırlaşmış səsləri Altay kimi böyük ideyaların daşıyıcısı olan az saylı vətən fədailərinə münasibətdə cırcırama fəryadından o tərəfə keçə bilməz. Altayın atası rəhmətlik Rəşid müəllim mənə, mən də Altaya dərs demişəm. Fəxr edirəm ki, bir zaman dərs dediyim tələbələrin içərisindən belə istedadlı alimlər, tələbələrinin sevimlisinə çevrilən müəllimlər, dürüst həyat mövqeyi olan vətəndaşlar yetişdi. Bir tarixçi kimi onun iki əsəri mənim üçün əvəzsizdir: “Azərbaycanda İttihadçılıq” və “1917-1920-ci illərdə Şimali Qafqaz Dağlılarının azadlıq uğrunda mübarizəsi”. Hər iki kitab Azərbaycan tarix elminə yenilik gətirdi, ölkə tarixşünaslığında böyük bir boşluğu doldurdu. “Altay Göyüşovun min möhtəşəm yalanı”ndan dəm vuran bədbəxtlər nəinki buna yaxın nə isə yazmaq, öz kölə təbiətləri ilə azadlıq ruhundan mayalanmış belə əsərləri heç oxumaq haqqına da malik deyillər. İndi Altayın Birləşmiş Ştatların Əfqanıstan, İraq siyasətini müdafiə etməsini “yanki təssübkeşliyi” hesab edənlər deyəsən Əfqanıstana hərbi yüklərin Azərbaycan üzərindən hakim ailəyə məxsus “Silk Way Airlines” vasitəsi ilə daşınmasından, yaxud rəsmi Bakının İraqa və Əfqanıstana məhdud sayda hərbi kontingent göndərib, bundan “iftixar hissi” keçirməsindən bixəbərdirlər.
Tarixdə belə şeylər çox olub. Yazısının aşağısına imzasını qoymağa cəsarəti çatmayanlar bir qayda olaraq “AZADLIQ” haqqında difiramblar oxuyurlar. İndi bu xorda solo oxumaq, səsin yaltaqlıq tembri üzərində xüsusi solficio hazırlığı tələb edir. Əks təqdirdə “xoruz buraxmaq” təhlükəsi çox böyükdür. Ona görə, solficio dərsinə gedin, yekə papaqlı bəylər və yaşmaqlı xanımlar. Sonra gec olar”.