Bakıda səfərdə olan Latviyanın dövlət katibi Bakını tədbirə yüksək səviyyədə qatılmağa çağırıb
Fuad Qəhrəmanlı: «Almaniyada Azərbaycanın üzərinə Riqa sammitində müəyyən addımlar atmaqla bağlı öhdəlik qoyulub»
Bakıda səfərdə olan Latviyanın dövlət katibi Adriys Pildeqoviç Bakıda mühüm mesajlar verib. Dövlət katibi Avropa Birliyinin bu ilin mayında keçiriləcək toplantısına toxunaraq bildirib ki, təşkilatçılar Azərbaycanın müzakirələrdə yüksək səviyyədə iştirakını gözləyirlər. Bununla artıq neçənci dəfədir Azərbaycana mesaj ünvanlanır ki, Avropa Birliyi Azərbaycanla münasibətlərdə növbəti mərhələyə adlamaq istəyir. Amma Azərbaycan bu çağırışların müqabilində bəyan edir ki, təşkilatla geniş əlaqələrə getmək niyyətində deyil. Azərbaycan AB ilə yalnız heç bir öhdəlik vəd etməyən “strateji əməkdaşlıq və modernləşdirmə” lahiyəsini təklif edir.
Maraqlıdır ki, vaxtilə eyni mövqedən Ukrayna prezidenti Yanukoviç də çıxış edirdi. Amma artıq bu bir faktdır ki, “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələrdən yeganə Azərbaycan Avropa Birliyi ilə münasibətlərinə aydınlıq gətirməyib. Postsovet məkanında Qərbin maraqlarını təmsil edən ölkələr birliyi olan GUAM-dan yalnız Azərbaycan AB ilə Assosiasiya Sazişini imzalamayıb.
Vilnüs sammitinə qatılmayan I.Əliyev bəs bu dəfə Riqa sammitində iştirak edəcəkmi? Çünki AB ölkələri Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasını istəyir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin necə inkişaf edəcəyi məhz Riqa sammitində müəyyənləşəcək. F.Qəhrəmanlının sözlərinə görə, AB-nin bu məsələdə ifadə olunan mövqeyi ondan ibarətdir ki, təşkilat Azərbaycanla Assosiasiya Sazişini imzalamaqda maraqlıdır. Lakin Azərbaycan tərəfi bu yanaşma ilə bağlı birmənalı mövqeyini ifadə edib: “Ilham Əliyev açıq mətnlə bildirib ki, Azərbaycan Assosiasiya Sazişinə qoşulmaq niyyətində deyil. Ancaq Ilham Əliyev bunu o zaman bildirmişdi ki, Ukrayna böhranı olmamışdı və Qərb Rusiya münasibətləri indiki kimi deyildi. Bu müddət ərzində postsovet məkanındakı geosiyasi tarazlıq xeyli dərəcədə dəyişib. Rusiyanın postsovet məkanına təsir imkanları əvvəlkindən xeyli fərqlidir. Belə bir şəraitdə Azərbaycanın ifadə olunmuş mövqeyinə yenidən baxmağa ehtiyac var. Bir müddət əvvəl Azərbaycan Assosiasiya Sazişi əvəzinə ”strateji əməkdaşlıqÿ və modernləşdirmə” lahiyəsini təklif etmişdi. Ancaq açıq görünürdü ki, Azərbaycan çalışır ki, Avropa Birliyi ilə münasibətlər hər hansı hüquqi çərçivəyə salınmasın. Eyni zamanda Avropa Birliyinin də yanaşması o idi ki, Azərbaycan Assosiasiya Sazişini imzalamaqdan boyun qaçırırsa, onun Avropanın nüfuz dairəsindən çıxıb Rusiyanın təsiri altına düşməsinə imkan verilməməlidir. Ona görə də Avropa Birliyi də müvəqqəti olaraq “strateji əməkdaşlıqÿ və modernləşdirmə” lahiyəsi ilə razılaşmağa məcbur idi”.
F.Qəhrəmanlının sözlərinə görə, indiki mərhələdə bir qədər vəziyyət dəyişib. Və dəyişkən vəziyyət I.Əliyevin Almaniyaya səfərində, Merkel ilə görüşməsində özünü göstərir. Bu baxımdan çox böyük ehtimalla bu məsələlər görüşdə müzakirə olunub. F.Qəhrəmanlı bildirdi ki, Merkel mətbuat konfransında da bu məsələlərə toxunduqlarını açıq deyib: “Merkel mətbuat konfransında bəyan etdi ki, o, Azərbaycanın Riqa sammitinə öz töhfəsini verəcəyinə inanır. Görüşdən sonra Merkelin bu ifadəni işlətməsi o deməkdir ki, müzakirələr zamanı Azərbaycanın üzərinə Riqa sammitində hansısa addımlar atmaqla bağlı öhdəlik qoyulub. Bu əslində onu deməyə əsas verir ki, Riqa sammitində münasibətləri tənzimləyəcək müəyyən sənədin imzalanması mümkündür. Bununla bağlı bir razılaşma var. Bu, pozitiv bir məsələdir”.
F.Qəhrəmanlı hesab edir ki, əgər Azərbaycan üzərinə belə bir öhdəlik götürürsə, ölkəmiz strateji inkişaf seçimində Avropadan imtina edə bilmədi: “Rusiyanın getdikcə zəifləməsi Qərbin təsir imkanlarının artması Azərbaycanın birdəfəlik şəkildə Qərbdən üz döndərmək imkanlarının qarşısını aldı. Bu, Azərbaycanın iradəsi ilə olan məsələ deyil. Rusiya ilə bağlı məsələlər hazırda daha böyük önəm daşıdığına görə Azərbaycanla bağlı məsələ növbəti mərhələyə saxlanılır. Yəni indiki mərhələ üçün Avropanın marağı ondan ibarətdir ki, ölkəmiz Avropa Birliyindən biryolluq ayrılmasın”.
F.Qəhrəmanlı hesab edir ki, müəyyən zaman içində Azərbaycanın Almaniyada Riqa sammiti ilə bağlı üzərinə hansı öhdəlikləri götürəcəyi məlum olacaq.
Xəyal