Elçin Manaflı: «Onların nüfuzundan ehtiyat edirlər»
Islam Partiyası siyasi məhbusların azadlığa buraxılmasını tələb etmək, sosial şüarlar səsləndirmək, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirmək məqsədilə dekabrın 21-də Bakıda mitinq keçirmək istəyirdi. Lakin Bakı şəhər Icra Hakimiyyəti partiyanın bu haqda müraciətinə müsbət cavab verməyib.
Ümumiyyətlə, Azərbaycanda hökumətin inanclı kəsimə münasibəti birmənalı deyil. Bunu həm azadlıqda olan, həm də hazırda məhbəs həyatı yaşayan ilahiyyatçıların durumuna nəzərən söyləmək olar. Islam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçılar Abgül Süleymanov, Taleh Bağırzadəyə qarşı amansız davranış, nahaqdan cəzalandırmalar, təxribata çəkmək halları bəlli bir aqressiyadan xəbər verir. Bütün bu münasibətin kökündə görəsən nə dayanır? Inanclılara qarşı bu münasibətin səbəbi nədir?
Islam Partiyası sədr əvəzi Elçin Manaflı “Azadlıq”a açıqlamasında bildirib ki, Bakı şəhər Icra Hakimiyyəti mitinqə icazə verməməsini məntiqli şəkildə əsaslandıra bilməyib. Adıçəkilən qurumun cavab məktubunda göstərilib ki, milli və irqi təfriqəyə çağırışlara yol verilmir. Elçin Manaflı deyir ki, bu əsaslandırma tamamilə absurddur. Çünki onlar bu istiqamətdə hər hansı çağırış etmək niyyətində deyildilər: “Mitinqə icazə müraciətində heç bir irqi söhbət yoxdur. Mitinqin qadağan olunması fikrinə gəlincə, onların elə bir səlahiyyətləri də yoxdur. Sadəcə, biz təhlükəsizliyimizin təmin olunmasını istəyirik. Partiya və vətəndaş olaraq, səsimizi eşitməlidilər. Biz dekabrın 20-də mətbuat konfransı keçirib, bundan sonra hansı addımlar atacağımızı bildirəcəyik. Ümumiyyətlə, son hadisələr barədə geniş müzakirəyə ehtiyac var”.
Elçin Manaflı bildirir ki, inanclı kəsimə qarşı münasibət həmin insanların nüfuzundan ehtiyat edilməsinin açıq-aşkar göstəricisidir. Çünki məhbəs həyatında da həmin şəxslər insanların rəğbətini, məhəbbətini qazana bilib: “Həmin şəxslər arxasınca böyük insan sayını da aparır. Ona görə də onları cəmiyyətdən təcrid edərək fəaliyyətlərini məhdudlaşdırırlar. Son vaxtlar Mövsüm Səmədovun ailəsilə görüşə dəmir barmaqlıqlar arasından çox az vaxt verildi. Bütün bunlar isə ilahiyyatçılara qarşı qərəzli münasibətləri göstərir. Onların nüfuzundan çəkindikləri üçün belə bir davranış nümayiş etdirirlər”.
Nigar