Elxan Şahinoğlu: «Gülən şəbəkəsinin Azərbaycandakı biznes strukturları fəaliyyətdədir və Türkiyə hökuməti növbəti dəfə Azərbaycana müəyyən tələblər irəli sürə bilər»
Türkiyədə baş verənlər gündəmin əsas mövzusuna çevrildi. Belə ki, ötən gün səhər saatlarında Türkiyədə Fətullah Gülən camaatına qarşı yeni həbs dalğası başlayıb. Polis və təhlükəsizlik əməkdaşları Istanbul və başqa bölgələrdə aralarında jurnalist və serial rejissorları, ssenaristlər də olan 32 nəfəri saxlayıb. Əməliyyat Istanbulda “Zaman” qəzetinin ofisindən başlayıb. Polislər burada gecədən qəzetə dəstək üçün toplanmış minlərlə adamın “Azad mətbuatı susdurmaq olmaz!”, “Zaman”a sahib çıxmanın zamanı!”, “Tarix, bunları da yaz!” şüarları ilə qarşılanıblar.
Türkiyədəki həbslərə Avropa Birliyi də sərt reaksiya verib. Təşkilat adından yayılan bəyanatda bildirilir ki, Avropa Birliyinə üzv olmaq istəyən ölkədə demokratiyanın təməl prinsipi olan söz azadlığına hücum yolverilməzdir: “Avropa Birliyinə üzvlük üçün təməl prinsiplər hüququn aliliyi və insan haqlarına hörmətdir”.
“Bu əməliyyat Avropa dəyərlərinə və standartlarına qarşı yönəlib”,- deyə Avropa Birliyinin xarici əlaqələr xidmətinin rəhbəri Federika Mogerini və Genişlənmə siyasəti üzrə komissar Yohannes Xanın birgə bəyanatında vurğulanıb.
Qeyd edək ki, Ərdoğan hökumətinin Gülən şəbəkəsinə qarşı mübarizəsi uzun müddətdi davam edir və AKP hakimiyyəti bu şəbəkəni ölkədə çevriliş hazırlamaqda ittiham edir. Hətta Ərdoğan bir neçə dəfə Fətullah Güləni ABŞ-dan istəsə də ABŞ hökuməti bundan imtina etdi.
Indiki mərhələdə isə Türkiyə hakimiyyəti daxildəki Gülən şəbəkəsini zərərsizləşdirməyə davam edir və eyni zamanda Qərblə də münasibətlərdə çatlar böyüyür.
Bəs, proselərin nəticəsini necə qiymətləndirmək olar? Baş verənlərin Azərbaycana hansı təsiri ola bilər?
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Türkiyədəki həbslərə Qərbin təpkisi müşahidə edilsə də, Ərdoğanı dayandırmaq üçün hər hansı alət mövcud deyil: “Onsuz da Türkiyənin ABŞ-la münasibətləri gərgindi. Avropa Birliyinə üzvlük isə yaxın perspektivdə görünmür. Türkiyədəki həbslərə təkcə Avropa və ABŞ-dan deyil, ölkə jurnaslistləri, intellektuallar da etiraz edir. Amma seçki öncəsi meydana çıxan korrupsiya əməliyyatlarında da eyni təpkilər olmuşdu. Nəticədə isə Ərdoğan nə istefa verdi, nə də səs itirdi. Indi də Qərbin hər hansı bəyanatları, tənqidləri ola bilər. Amma Ərdoğanın addımlarını dayandırmaq üçün konkret təzyiq aləti yoxdur”.
Ekspert onu da əlavə etdi ki, Ərdoğan Gülən şəbəkəsinin əsas strukturlarını zədələyə bilib: “Ötən seçkilər göstərdi ki, Ərdoğan Gülən şəbəkəsinin dəstəyi olmadan da seçkidə qalib gələ bilər. Yəni Gülən şəbəkəsi Ərdoğana sarsıdıcı zərbə vura bilmədi. Sadəcə olaraq Gülənin məlum addımından sonra, Ərdoğan indi cavab verir. Belə ki, ”Zaman” qəzeti və “STV” Gülənin əsas dayaqlarından biridir və Türkiyədə böyük nüfuza sahibdir. Ərdoğan da məhz bu halqaları dağıtmaqla Gülənə zərbə vurur”.
Baş verənlərin Azərbaycana təsirinə gəlincə, ekspert hesab edir ki, Türkiyə hökumətinin Azərbaycandan tələbləri ola bilər: “Bundan əvvəlki dönəmdə də Türkiyə hökuməti Azərbaycandakı Gülən şəbəkəsinin zərərsizləşdirilməsi üçün addımlar atmışdı. Ərdoğan Bakıya səfər etdi və ”nurçu dosye”sini Azərbaycan hakimiyyətinə təqdim elədi. Azərbaycan tərəfi də müəyyən addımlar atdı, bəzi simalar həbs olundu, bu işdə adı keçən vəzifəlilər işdən uzaqlaşdırıldı və s.
Ancaq Gülən şəbəkəsinin Azərbaycandakı biznes strukturları hələ də ayaqdadır, nəşriyyatları fəaliyyət göstərir və yığılan vəsait ümumi kassaya gedir. Ona görə növbəti mərhələdə Azərbaycan hökuməti ilə bu məsələ müzakirə oluna bilər. Ya hansısa diplomatik vasitələrlə, ya da yüksək səviyyəli səfərlərlə Azərbaycana müəyyən tələblər irəli sürülə bilər”.