Müsavatın ideyası, “Yeni Müsavat”ın media dəstəyi ilə təşkil olunan “maskarad” iflasla bitdi
Dekabrın 13-də özünü müxalifət adlandıran partiya sədrləri ilə hakimiyyət arasında sövdələşmə baş tutub. Onlar bu sövdələşməni “iqtidar-müxalifət dialoqu” adlandırırlar. Onu da qeyd etmək lazımdır ki, bu “dialoq”dan dialoq tərəfdarlarının bir çoxu narazı qalıb.
Məsələn, hökumətlə dialoqa böyük önəm verən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu “möhtəşəm tədbir”dən məyusluq keçirib. Və “Facebook” səhifəsində məsələyə münasibətini “Dialoq dedilər – amma kolxoz yığıncağına döndərdilər” formasında ifadə edib. Dialoqun təşəbbüskarlarından olan Pənah Hüseyn (AXP) və Arif Hacılı (Müsavat) isə tədbirdə iştirak etməyib.
Görünür, bu dialoqdan ən çox razı qalan Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov olub. Belə ki, bizim 8 və ya 11 partiya arasında keçiriləcəyini gözlədiyimiz “dialoq yığıncağı”, Əli Həsənovun dediyinə görə, 17 partiyanın iştirakı ilə keçirilib və 3 saata yaxın müzakirə aparılıb. “Bu görüşdə Azərbaycan cəmiyyətini düşündürən, dövlətin həyata keçirdiyi daxili və xarici siyasət müzakirə olundu və burada bütün aspektlərə toxunuldu. Təbii ki, bu birinci görüş olduğu üçün heç də bütün məsələləri tam geniş formada müzakirə etmək mümükün deyildi. Amma müzakirələr çox effektli keçirildi. Hesab edirik ki, bu görüşlərin keçirilməsi zəruridir”- deyə Əli Həsənov bildirib.
Amma qarşı tərəfdən də razı qalanlar olub. Hətta KXCP sədri Mirmahmud Mirəlioğlu nəticə də gözləyir: “Görüşdə bütün məsələlər müzakirə olundu. Görüşdə əsasən siyasi məhbuslar, proporsional seçki sistemi, partiyaların maliyyələşdirilməsi və digər məsələlər müzakirə olundu. Ən əsası isə görüşün davamlı və əhatəli olması qənaətinə gəldik. Qaldırdığımız məsələlər qeydə alındı, nəticəsini gözləyirik”- deyə Mirmahmud Mirəlioğlu bildirib.
ADP sədri Sərdar Cəlaloğlu da bu tədbiri müsbət qiymətləndirdiyini bildirib: “Təbii ki, bugünkü görüşü siyasi dialoq hesab etmək olmaz. Çünki, spektrin bir sıra mühüm təşkilatları iştirak etmədilər. Lakin burada çox mühüm mövzular qaldırıldı. Müzakirə edildi. Biz hesab edirik ki, dialoq uzunmüddətli bir prosesdir və burada qaldırılan mövzuların hamısı ciddi müzakirə olunmalıdır. Buradan göründü ki, iqtidar özü də bu cür görüşlərdə maralıdır. Bizim də xüsusi marağımız var. Hakimiyyət təmsilçisinin buradakı mövqeyi ümid yaratdı ki, real siyasi dialoq başlatmaq mümkündür”.
Ümid partiyasının sədri Iqbal Ağazadə isə bildirib ki, belə situasiyanın yaranacağını gözləmirdik, amma xüsusi narahat da deyilik: “Biz mesajlarımızı və xoş niyyətimizi bildirdik, hakimiyyət nümayəndələri nə istədiyimizi bildilər. O cümlədən, predmetli dialoq istədiyimizi çatdırdıq. Dedik ki, digər partiyalar da növbəti görüşlərdə iştirak etsinlər. Burada elə təşkilatlar, partiyalar var idi ki, onlar buraya niyə gəldiklərini belə bilmirdilər. Biz bu cür görüş formatını yox, predmetli dialoqu təklif edirik. Heç bir mövqeyi olmayan təşkilatların buraya çığırılmasının mənası belə yoxdur. Bugünkü görüşü isə iqtidar-müxalifət dialoqu yox, görüş adlandırmaq mümkündür”.
“Dialoq” məsələsinə eks-spiker Rəsul Quliyev də maraqlı münasibət bildirib: “Sabahkı görüşü iqtidar-müxalifət dialoqu adlandırmağınız reallıqdan uzaqdır. Bir neçə şəxsin uzunmüddətli xahişindən sonra Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri onları qəbul edəcək və sivil dövlətin nə olduğunu, hökumətin bu istiqamətdə necə addımladığını, düşmənlərin əhatəsində necə vətəndaş cəmiyyəti yaradılmalı olduğu mövzusunda onlara mühazirə oxuyacaq. Onların içərisindən bəziləri 2015-ci ildə deputat təyin olmağa ən layiqli olduqlarını diqqətə çatdırmağa cəhd edəcəklər. Vəssalam”.
Bu “iqtidar-müxalifət” dialoqunda çox maraqlı məqamlar ortaya çıxdı. Əvvəla, dialoq arzusu ilə yaşayan Sərdar Cəlaloğlu, Iqbal Ağazadə də etiraf etdi ki, bu dialoq yox, adi görüş olub. Ikinci etiraf ondan ibarət oldu ki, bu görüşə dəvət olunanların əksəriyyəti “cib müxalifəti”ni də məmnun etməyib. Görünür, dialoq o qədər “təzyiq”li olub ki, cibin dibində ilişib qalanlar da “süfrə”yə çağırılıb.
Bu ölkədə sıravi vətəndaş da bilir ki, mövcud hakimiyyətlə səmimi dialoqun qurulması mümkünsüzdü. Ona görə də dialoq məsələsi gündəmə gəldiyi vaxtdan ictimaiyyətin ironik reaksiyası ilə qarşılaşdı. Ataya görə övladı şərləyən, ananı bala ilə şantaj edən, jurnalisti, hüquq müdafiəçisini, siyasətçini qondarma ittihamlarla həbs edən və “yaxşı eləmişəm” deyən bir hakimiyyətlə necə dialoq qurmaq olar?
Siyasi məhbuslara azadlıq, proporsional seçki tələbi ilə dialoq aparmağı müsbət qiymətləndirmək olar. Bu hər bir vicdanlı vətəndaşın arzusu və tələbidir. Amma bütün dünyanın tənqidlərini, tələblərini gözardı edən, beynəlxalq təşkilatların hesabatında adını ən pis yerə yazdıran, özünü sanksiyalarla üz-üzə qoyan bir hakimiyyət Sərdar Cəlaloğlunun, Mirmahmud Mirəlioğlunun, Iqbal Ağazadənin sözü ilə islah olunacaqmı?
Təbii ki, “dilaoq yolu” ilə addımlayan bu adamlar o qədər də sadəlövh deyillər. Bu hakimiyəti kifayət qədər yaxşı tanıyırlar. Deməli, məqsəd hansısa problemlərin həlli deyil, şəxsi maraqların təminatıdır.
Başqa bir məqam ondan ibarətdir ki, hakimiyyət “isalaholunmuşlar”ı da yüksək qiymətləndirmək fikrində deyil. Əks halda bu tədbirə 15 il əvvəldən islah olunmuş, artıq qeyri-rəsmi YAP-çıya çevrilmiş adamları dəvət etməzdilər. Hökumət demək istəyir ki, düşərgəsini dəyişənlərin yenisi-köhnəsi olmur. Onlar hamısı eyni cərgədə dayanmalıdır.
Bir sözlə, dünənə qədər “monoloq” deməklə məşğul olanlar, gözlənilən “dialoq”dan sonra daha da batdılar. İndi sadə insanlar – eyni düşərgəni təmsil edənlərin dialoquna nə ehtiyac var idi” deyə sual edirlər.
Qeyd edək ki, AXCP-nin bu məsələdə mövqeyi aydındır və partiya belə “dialoq”ları növbəti dəfə cəmiyyəti aldatmaq cəhdi kimi qiymətləndirir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da öz “Facebook” statusunda dilaoq məsələsinə münasibət bildirib: “Nə qədər pardoksal görünsə də bu gün müxalifətin iştirakı olmadan iqtidar-”müxalifət” dialoqu keçirilib. Bugünkü görüşdə müxalifət adından iştirak edənlərin heç biri müxalifəti təmsil etmirdilər. Dialoqun əhəmiyyəti və zəruriliyi o zaman olur ki, hakimiyyətlə ona müxalif olan kəsimlər arasında riskləri önləmək üçün müzakirələr aparılsın. Əgər görüşdə müxalifət adından iştirak edənlər heç bir ciddi siyasi struktura vəÿelektorota sahib deyillərsə, cəmiyyətdə müxalifətçi kimi qəbul edilmirlərsə, o zaman onlarla keçirilən görüşün də heç bir siyasi əhəmiyyəti yoxdur və bu, sadəcə dialoqun imitasiyasıdır. Bu tipli “siyasi maskardlardan” hər həftə keçirmək olar, ancaq bunun iqtidar-müxalifət münasibətlərinə heç bir təsiri olmaz. Hakimiyyət real müxalifət partiyasına qarşı repressiya və təzyiqləri davam etdirirsə, demək, iqtidarın səmimi dialoq niyyəti yoxdur. Ona görə də iqtidar real müxalifətlə deyil, “siyasi genetikası” dəyişdirilmiş saxta müxalifətlə dialoq tamaşası qurur ki, beynəlxalq aləmi və xalqı aldatsın. Bu yolla özünün konstruktiv, müzakirəyə açıq, tolerant obrazını yaratmaq istəyir. Yox, belə deyilsə, hakimiyyət siyasi məhbusları azad etməklə, repressiyalara son verməklə real müxalifətlə dialoqa hazır olduğunu göstərə bilər”.
Akif