Müzəffər Baxışov: «Avropa Məhkəməsinin qərarlarını təmin etmək Azərbaycanın borcudur»
Ölkədəki repressiv siyasət gücləndikcə Azərbaycan hakimiyyətinə qarşı olan beynəlxalq təzyiqlər də artmaqdadır. Amma hakimiyyət ona ünvanlanan mesajları yerinə yetirmək niyyətində deyil. Bundan başqa hakimiyyət heç üzərinə götürdüyü beynəlxalq öhdəlikləri də yerinə yetirmək niyyətində deyil. YAP-dan olan deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin açıqlamasını bu qəbildən saymaq olar. Ə.Hüseynlinin fikrincə, Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarlar ölkəmiz üçün mütləq sayıla bilməz: “Avropa Insan Haqları Məhkəməsi kiminsə azadlığa buraxılması ilə bağlı qərar çıxara bilməz. Buna görə də AIHM-nin Azərbaycanla bağlı qərarlarını siyasi baxımdan yozmaq düzgün deyil. Avropa Məhkəməsi növbəti instansiya məhkəməsi deyil ki, əvvəlki qərarları ləğv edib, son qərar versin. Bunu hüquqşünaslar da, bəzi siyasiləşmiş vəkillər də yaxşı bilir. Ancaq buna baxmayaraq, nədənsə belə şərh edirlər ki, AIHM qərar çıxarırsa, həmin andan kimsə azadlığa buraxılmalıdır. Əslində, Avropa Məhkəməsi milli məhkəmənin baxdığı işdə pozuntunu müəyyən edir və bundan sonra o qərarın icrası ilə bağlı yerli prosedurlar işə düşür».
Həqiqətənmi Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları inkar edə, onlardan yayına bilər? Belə bir addımın atılması Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə zidd deyilmi?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycanda daxili prosedurlara görə, vətəndaş birinci instansiya məhkəməsinə müraciət etdikdən sonra çıxarılan qərardan narazıdırsa, o zaman Apelyasiya Məhkəməsinə müraciət edir. Apelyasiya Məhkəməsindən sonra isə vətəndaşın Ali Məhkəməyə müraciət etmək hüququ var. M.Baxışovun sözlərinə görə, Azərbaycanda istər cinayət, istərsə də mülki işlər üzrə bütün bu instansiyaları keçdikdən sonra vətəndaş Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Əgər Avropa Məhkəməsi işi icraatına götürürsə, onu araşdırır: «Əgər Avropa Məhkəməsi icraatına götürdüyü işin İnsan Hüquqları və Əsas Azadlıqları Haqqında Beynəlxalq Konvesiyanın müddəalarına uyğun olmadığı barədə qərar çıxarırsa, həmin qərar Azərbaycana göndərilən zaman Ali Məhkəmənin plenumuna verilir. Plenum Avropa Məhkəməsinin qərarına baxır və Azərbaycan Respublikasının Məhkəmələrinin qərarları ləğv edilir. İş yenidən baxılmağa ya birinci instansiya məhkəməsinə, ya Apelyasiya Məhkəməsinə, ya da Ali Məhkəməyə göndərilir. Prosedur qayda belədir. Azərbaycan İnsan Haqların Haqqında Konvensiyanı 2002-ci ilin aprelin 15-də ratifikasiya edib. Azərbaycan həmin Konvensiyanın müddəalarına əməl etməyə borcludur. Avropa Məhkəməsinin qərarları Azərbaycan tərəfindən icra edilmədikdə Avropa Məhkəməsinin Nazirlər Komitəsi tərəfindən Azərbaycana qarşı sanksiyalar tətbiq oluna bilər. Avropa Məhkəməsi Azərbaycanda növbəti instansiya məhkəməsi deyil. Avropa Məhəkəməsi Azərbaycan məhkəmələrinin qərarlarını ləğv etmir. Sadəcə olaraq həmin qərarların İnsan Haqları ilə bağlı Beynəlxalq Konvensiyaya uyğun olub-olmaması haqda qərar çıxarır».
Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyaların qanunvericiliyimizin tərkib hissəsi olduğunu deyən M.Baxışov vurğuladı ki, bu Konstitusiyamızın 148-ci maddəsində təsbit edilib. Ali Qanunun 151-ci maddəsinə görə isə Azərbaycanın tərəfdaş çıxdığı müqavilələr Konstitusiya və referendumla qəbul olunmuş aktlar istisna olmaqla daha yüksək hüququ qüvvəyə malikdirlər. «Bu baxımdan Azərbaycanın borcudur ki, Avropa Məhkəməsinin qərarlarını təmin etsin. Əgər konkret olaraq İlqar Məmmədov barəsində belə bir qərar çıxıbsa, onun buraxılması təmin edilməlidir», deyə M.Baxışov vurğuladı.
Xəyal