Beynəlxalq Bankla bağlı Rusiya Mərkəzi Bankının açıqlaması müxtəlif mülahizələrə səbəb olub
Xəbər verildiyi kimi Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskva filialını (“MBA-Moskva”) çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib.
Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda bildirilir ki, ABB-nin Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozub.
Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankının müvafiq qərarı noyabrın 7-də qüvvəyə minib.
Rusiyanın bu addımı bəzi mülahizələrə səbəb olub. Qeyd edək ki, bir müddət əvvəl Bakıda keçirilən MDB iştirakçı ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində ABB-nin Islam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə maraqlı açıqlama ilə çıxış etmişdi. O, bildirmişdi ki, ABB Islam Inkişaf Bankından Rusiyaya investisiyaların cəlb olunmasına yardım edə bilər.
Hələ o zaman bu, Azərbaycan iqtidarının sanksiyalarla üzləşən Rusiyaya jesti kimi qiymətləndirilmişdi. Bildirilirdi ki, Qərbin ciddi təzyiqlərilə üzləşən Azərbaycan hakimiyyəti bu cür addımlarla Rusiya ilə münasibətləri qaydasına salmaq və şimal qonşumuzdan gözlənilən təhlükələri neytrallaşdırmağa çalışır.
Rusiya Mərkəzi Bankının ABB ilə bağlı məlum açıqlamasında sonra belə ehtimallar səsləndirilir ki, hakimiyyət sonradan vədini yeritməkdən boyun qaçırıb.
Qeyd edək ki, bundan əvvəl isə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koyun (Damon McCoy) araşdırmasında Azərbaycanda 3 nüfuzlu bankın çirkli pulların yuyulması ilə məşğul olduğunu üzə çıxmışdı.
Araşdırmaların nəticəsində bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Araşdırma zamanı həmçinin daha 3 aktiv “tərəfdaşlıq” proqramı da müəyyən olunub. Bəlli olub ki, belə proqramlar çərçivəsində saxta antivirusların satışı Bank Standard və Azərbaycan Beynəlxalq Bankı üzərindən baş tutub. Bu zaman dövriyyədə 10 milyonlarla dollar olub.