Britaniya mətbuatının tənqidləri hakimiyyəti narahat edib
Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə nüfuzdan düşməsi hər gün aydın şəkildə hiss olunur. “Kürü diplomatiyası”nın ifşasından sonra hakimiyyətin mahiyyəti daha qabarıq şəkildə üzə çıxdı. Hətta bu hadisədən sonra beynəlxalq ekspertlər, senatorlar Azərbaycandan gələn nümayəndə heyəti ilə birlikdə görünməkdən çəkinirdilər. Çünki, adlarının korrupsiyada hallanmasından qorxurdular və demokratik ölkənin nümayəndələri üçün belə bir ittiham ölümə bərabərdir.
Sonrakı mərhələdə nəinki hansısa nümayəndə heyətinin üzvlərinə, Ilham Əliyevin özünə də açıq etirazlar ifadə olundu. Bəli, narazılıq dalğası Ilham Əliyevi də vurdu və beynəlxalq tribunalardan hakimiyyət ağır suallarla sınağa çəkildi.
Daha sonra Avropa Parlamentinin məlum qətnaməsi yayıldı, Avropa Şurasının prezidentinin tənqidi fikirləri səsləndi.
Son günlər isə Avropa Şurasının baş katibi T.Yaqland “Azərbaycanda insan haqlarının vəziyyəti: bıçaq sümüyə dirənib” başlıqlı məqalə ilə çıxış etdi.
Bu məqalədən sonra hakimiyyətin ciddi narahatlığı hiss olundu və beynəlxalq aləmin Rusiyaya qarşı münasibətinin, YAP hakimiyyətinə qarşı da sərgilənə biləcəyi qorxusu yarandı.
Bundan sonra hakimiyyət Böyük Britaniya ilə münasibətlərin istiləşməsinə start verdi və son günlər bu ölkə haqqında silsilə məqalələr yazılmağa başladı. Böyük Britaniyanın bütün sahələrdə Azərbaycana dəstək olduğu, 2 ölkənin qardaşlığı haqqında mədhiyyələr tirajlandı.
Ancaq, “Britaniya siyasəti” də uğurlu alınmadı. Belə ki, Böyük Britaniya krallığının şahzadələrindən biri, York Hersoqu Endryu Ilham Əliyevlə görüşdüyünə görə növbəti dəfə ölkə mediasının tənqid hədəfi oldu.
Bundan öncə Britaniyanın tircalı qəzetlərindən olan “The Guardian”, “The Daily Mail” və digərləri şahzadə Endryunu insan haqlarını, söz və fikir azadlığını kobudcasına pozan rejim rəhbərləriylə sıx əlaqələrinə görə hədəf seçmişdi. Nüfuzlu media qurumları şahzadə Endryunun dostluq etdiyi Ilham Əliyevi “qəddar diktator”, “neftdə çimən diktator” kimi qələmə veriblər. Bu dəfə isə nüfuzlu “The Independent” qəzeti Azərbaycanda insan haqlarının kobud şəkildə pozulduğunu yazıb və Ilham Əliyevi “despot” adlandırıb. Bir sözlə, Britaniyanın nüfuzlu media orqanları avtoritar bir rejim rəhbəri ilə görüşdüyünə görə Endryunu bağışlamaq istəmir və onu bu “adət”dən çəkindirməyə çalışırlar.
Bütün bunları ona görə xatırladırıq ki, Böyük Britaniyada Azərbaycan hakimiyyətinə qarşı mənfi fikrin formalaşması, növbəti dəfə hökuməti narahat edib. Belə ki, hökumətin nəzarətində olan saytlardan biri “Azərbaycan Böyük Britaniyanın təhlükəsizliyini necə maliyyələşdirir?” başlıqlı məqalə dərc edib və Azərbaycanın bu ölkə üçün önəmini göstərməyə çalışıb: “Azərbaycana qarşı ikili standartlar artıq heç kəs üçün yeni xəbər deyil. Bu o qədər adi haldır ki, artıq heç kimi təəccübləndirmir.
Bu mənada son nümunə Böyük Britaniya Şahzadəsi Endryunun Azərbaycanın səfərinə reaksiyadır. Bununla bağlı bəzi Britaniya KIV-ləri “zəhərli” məqalələr yaymağa başladı. Bu ayın əvvəlində Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana səfərə gəldi. Britaniyalı nazir dövlət başçısı ilə görüşündə Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Görüşdə bildirildi ki, iqtisadi inkişaf sahəsində energetika prioritetdir və Britaniyanın BP şirkəti Azərbaycanın əsas tərəfdaşıdır. Iş enerji, ticari-iqtisadi əlaqələr, Britaniya şirkətlərinin Azərbaycanda neft hasilatında iştirakına gəlincə, Bakıdan yaxşı tərəfdaş yoxdur. Niyə Britaniya KIV-ləri özlərinə belə sual vermirlər: BP hansı ölkənin layihələrindən, kimin neftindən sonradan ölkənin büdcəsinə köçürülən və səhiyyə, təhsil sahələrində sosial xərclərin qarşılanmasına, təhlükəsizliyin təmin edilməsinə, terrorizmlə mübarizəyə yönəldilən vəsaitlər qazanır?”- deyə məqalədə bildirilir.
Göründüyü kimi, hakimiyyət bu nüfuzlu qəzetlərin yazdığını ikili standart kimi qiymətlənidirir və BP-nin ən çox Azərbaycan hesabına maliyyələşdiyini qabartmağa çalışır. Hökuməti narahat edən budur ki, Britaniyaya bu qədər pul qazandırdıqları halda, niyə bunlara qarşı aqressivdilər? Bu hakimiyyətin düşüncəsinə görə, bütün problemlərin açarı puldur və pula görə prinsiplərdən vaz keçilməlidir.
Hökumət anlamır ki, Britaniyanın təhlükəsizliyini maliyyələşdirməyə iddia etmək biabırçılıqdır. Bu ölkədə ÜDM 2.4 trilyon dollardı. Dövlət büdcəsi Azərbaycanın büdcəsindən 100 dəfələrlə çox olan bir ölkəni pulla şantaj etmək, çox uğursuz addımdı.
Sadəcə olaraq, hakimiyyət bu kimi arqumentlərlə Britaniyanın mövqeyini yumşaltmaq istəyir. Çünki, Qərbin Rusiyaya qarşı münasibətini hər gün görürlər və Əliyev Putinin taleyini yaşamaq istəmir.
Təbii ki, Rusiyaya qarşı sanksiyalar, G20 sammitində Rusiyaya qarşı münasibət yaxşı nümunə deyil. Hakimiyyət belə münasibətlə qarşılaşmamaq üçün bəzi ölkələrlə “fərdi əməkdaşlıq” siyasəti həyata keçirməyə üstünlük verir.
Ümumi mənzərə isə göstərir ki, belə gedişlər effekt vermir və həmin ölkələrdəki ictimai rəy amansızdır. Yeganə çıxış yolu demokratiya və insan haqlarına qucaq açmaqdır.
Akif