Başqanlığa keçmiş namizəd partiyadan çıxarıldı; iki məşhur müsavatçı etiraz olaraq istefa verdi
Arif Hacılı və Qubad İbadoğlu tərəfdarları arasındakı qarşıdurma pik həddə çatdı
Əlövsət Talışxanlı İsa Qəmbəri ittiham etdi: «Hər şey cənab İsa Qəmbərin göstərişi ilə həyata keçirildi…»
Müsavat partiyasında yeni başqan Arif Hacılı ilə başqanlığa keçmiş namizəd Qubad Ibadoğlunun tərəfdarları arasındakı qarşıdurma getdikcə daha da kəskinləşir. Müsavatın yeni rəhbərliyini tənqid edən üzvlərin simaların partiyadan uzaqlaşdırılması durumu bir qədər də gərginləşdirib. Müsavat Divanının dünənki iclasında qəbul olunan qərarların partiyadaxili ziddiyyətləri daha da dərinləşdirəcəyi şübhəsizdir.
Söhbət başqanlığa keçmiş namizəd Səxavət Əlisoy və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı ilə bağlı qərarlardan gedir.
Müsavat partiyasından Divanın toplantısı haqda yayılan məlumatda deyilir ki, partiyadaxili məsələlərin müzakirəsi zamanı Əlövsət Talışxanlı və Səxavət Əlisoyun partiyanın “Nizamnamə və Proqramına zidd davranışları” müzakirə edilib: “Hər iki partiya üzvünün partiyanın Qurultayı, Məclisi, Divanı və digər rəhbər strukturlarının qəbul etdiyi qərarların tanımadıqları, partiyanın Nizamnaməsinə zidd davranışları barədə dəfələrlə təkrar olunan konkret faktlar barədə məlumat dinlənilib. Partiya üzvlərinin bu Divanın iclasına gəlməkdən imtina etdikləri qeyd edilib. Səxavət Əlisoy Müsavatın nüfuzuna xələl gətirən fəaliyyəti, partiya strukturlarına qarşı heç bir fakta əsaslanmadan irəli sürdüyü ittihamlar, partiya strukturlarını tanımadığı barədə verdiyi bəyanatlar, Nizamnaməni kobud şəkildə pozduğu nəzərə alınaraq, Müsavat Partiyasının sıralarından xaric edilib.
Əlövsət Talışxanlının fəaliyyəti də Səxavət Əlisoyun fəaliyyəti ilə eynilik təşkil etsə də, partiyada əvvəlki fəaliyyətləri nəzərə alınmaqla, partiya Nizamnaməsinə zidd fəaliyyəti durdurmaq barədə son xəbərdarlıq edilməklə ona töhmət verilib”.
“Belə insanlarla eyni partiyada addımlamaq təhqirdir”
Divanın toplantısından dərhal sonar Əlövsət Talışxanlı orada çıxarılan qərarlara etiraz olaraq, partiyadan istefa verdiyini açıqlayıb. O bildirib ki, partiya sıralarını tərk edir, lakin daxilən müsavatçı olaraq qalır.
“Mən bu cür demokratiyaya zidd olan insanlarla birlikdə addımlaya bilmərəm. Mən belə insanlarla bir partiyada addımlamağı şərəf və ləyaqətimə təhqir hesab edirəm. Hər şey cənab Isa Qəmbərin göstərişi ilə həyata keçirildi. Buna çox təəssüf edirəm”, – deyə Əlövsət Talışxanlı “musavat.com”a açıqlamasında bildirib.
“Adını Müsavatın tarixinə ”saxtakar başqan” kimi yazdırdın”
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə partiyadan çıxarılmasıyla bağlı qərara münasibət bildirərkən deyib ki, qeyri-legitim qurumların verdiyi qərarların heç bir önəmi yoxdur. Partiyadan uzaqlaşdırılması haqda qərarın onun üçün gözlənilməz olmadığını deyən Səxavətəlisoy qeyd edib ki, o, Müsavatın üzvü olaraq qalır.
“Bu insanlar söz azadlığını həzm edə bilmirlər. Müsavatın növbədənkənar qurultayının çağırılması üçünəlimizdən gələn nə varsa, bütün potensialımızı qoyub mübarizə aparacağıq. Əminəm ki, saxtakarlıq adı Müsavatın adının üstündən götürüləcək. Bunların zehniyyəti plüralizmin nə olduğunu dərk etmir. Bunlar üçün ətrafında biət edən insanlar lazımdır, populist çıxışlar etsinlər, onları gurultulu alqışlarla qarşılasınlar və partiyanı sex və fabrik kimi idarə etsinlər. Biz bunu qəbul etmirik və buna görə də növbədənkənar qurultay çağırılmasına qədər mübarizə aparacağıq”, – deyə Səxavət Əlisoy “teleqraf”a açıqlamasında bildirib.
Qeyd edək ki, hələ Divanın toplantısından əvvəl Səxavət Əlisoy “facebook” səhifəsində başqan Arif Hacılıya müraciət ünvanlayıb:
“Qurultayın nəticələrini tanımıram və bu o deməkdir ki, nə sənin başqanlığını, nə Divanını, nə Məclisini, nə də MNTK-nı legitim hesab edirəm. Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud, şiddətli töhmət alacağı barədə qərarın kim tərəfindən verildiyini, ”Divanınızın” hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik. Sən adını Müsavat Partiyası tarixinə “saxtakar başqan” kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir. Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu o anlama gələ bilməz ki, səni (saxtakarlığı) qəbul etməyənlər susmağa vadar olacaq, əmin ol, belə bir şey baş verməyəcək, çünki hədəfin növbədənkənar qurultay olduğu mübarizəyə start verilib. “Facebook”da baş dirijoru olduğun “instrumental ansanblın” üzvlərinin sənə biət etməyənlərə qarşı təhqir və təhdidlərinə son qoydur (biz lap yaxın zamanda birtərəfli qaydada moratorium elan edəcəyik), çünki elə bir bumeranq effekti yaranar ki, utandığından başını qaldıra bilməzsən. Sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-cü ildir”.
“Bu, Səxavət Əlisoydan qisas almaq cəhdidir”
Müsavat Məclisinin üzvü Vurğun Əyyub da Səxavət Əlisoy barədə qərarı tənqidlərinə görə ondan qisas almaq cəhdi kimi qiymətləndirib. O, APA-ya açıqlamasında bildirib ki, Müsavat rəhbərliyinin bu cür qisas almaq cəhdlərinin davam edəcəyini düşünür: “Kim partiya rəhbərliyinin apardığı siyasətdən narazı olacaqsa, onlardan bu şəkildə qisas almaq istəyəcəklər.
Müsavat Divanının qərarı partiya rəhbərliyinin Səxavətəlisoydan qisas almaq cəhdidir. Çünki Səxavətəlisoy indi partiyaya rəhbərlik edənlərin legitimliyini qəbul etmir”.
Hikmət Hacızadə istefa verdi
Müsavatda yaşanan vəziyyətlə bağlı onun daha bir adlı-sanlı üzvü, tanınmış politoloq Hikmət Hacızadə də partiyadan istefa verib. Hacızadə partiyanın təşkilat şöbəsinə ünvanladığı ərazidə istefasının səbəbini belə açıqlayıb: “Yazıb sizə bildirirəm ki, partiyamızda söz azadlığının kobud və birtərəfli pozulmasına, fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram”.
“Müsavat partiyası avtoritar üsullarla idarə olunur”
Başqanlığa keçmiş namizəd Qubad Ibadoğlu da Divanın sözügedən qərarının gözlənilən olduğunu deyir: “Çünki biz bilirdik ki, belə bir sifariş Divana gəlib və Divan onu icra etməlidir”.
Qubad Ibadoğlu eyni zamanda, məlum qərarı partiyadaxili demokratiyanın olmamasının, tənqidlərə dözümsüzlüyün göstəricisi kimi qiymətləndirib: “Müsavat Partiyası hazırda daxili demokratiya böhranı yaşayır və aparılan siyasət yalnız partiyanın idarəçiliyi ilə razılaşmayanların cəzalandırılması üzərində qurulub. Bu da təbii ki, partiyanın avtoritar üsullarla idarə olunmasını göstərir. Lakin hesab edirəm ki, bu qərar partiyada bizim mövqelərimizin möhkəmlənməsinə gətirib çıxaracaq”.
Qubad Ibadoğlu bundan sonra atacağı addımlardan da danışıb: “Partiyanın hazırkı idarəçiliyindən narazı olanların sayı durmadan artır. Partiyanın Nizamnamə çərçivəsində növbədənkənar qurultayının çağırılmasını hədəfləyirik və bu hədəfə çatmaq uğrunda fəaliyyət göstərəcəyik”.
“İddialar həqiqətə uyğun deyil”
Müsavat başqanının müavini Elman Fəttah isə deyir ki, Səxavətəlisoyla bağlı verilən qərarda heç birədalətsizlikdən söhbət gedə bilməz: “Səxavət Əlisoy partiya qərarlarını qəbul etmədiyi üçün Müsavatdan kənarlaşdırılıb. Çünki, bu, Nizamnamə pozuntusudur.
Bu məsələ ilə əlaqədar qarşı tərəfdən səsləndirilən iddialar həqiqətə uyğun deyil. Çünki Müsavat Partiyasının rəhbərliyi hər bir üzvünə qarşı ədalətli davranır”.
Əlövsət Talışxanlının partiya sıralarından istefa verməsi barədə bəyanatına gəlincə, Elman Fəttah istefa ilə bağlı partiyaya rəsmi müraciət daxil olmadığından şərh vermək istəmədiyini deyib.
Informasiya şöbəsi