PA rəhbəri icra başçıları və onların müavinlərini nəyə hazırlayır?
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri üçün nəzərdə tutulan seminar müşavirə işə başlayıb.
Maraqlıdır ki, tədbir barədə hakimiyyətin nəzarətində olan media çox xəsisliklə məlumat verir. Bu da seminar-müşavirənin gərgin atmosferdə keçdiyi qənaətini yaradır.
Verilən məlumatlardan isə tədbirin məqsədi aydın sezilir. Azərtac-ın xəbərinə görə, Ramiz Mehdiyev çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd humanitar siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarının birgə fəaliyyətinin hazırkı vəziyyətinin müzakirə edilməsi, qarşıda duran yeni vəzifələrin müəyyənləşdirilməsidir. Həmçinin tədbirdə yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də seminar-müşavirədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Aydın olur ki, Ramiz Mehdiyevin icra başçılarını və onların müavinlərini toplaması hakimiyyətin narahatlığından irəli gəlir. Iqtidar ölkədə analoqu olmayan inkişafın getdiyini bəyan etsə də, reallığın bunun əksini göstərdiyinin fərqindədir. Neftin ucuzlaşması isə sosial böhranı daha da dəriləşdirə və bu hakimiyyət üçün acı nəticələrə səbəb ola bilər. Digər tərəfdən Qərbin hakimiyyətə təzyiqləri də diqqətdən yayınmamalıdır. Hakimiyyət anlayır ki, hazırda onun üçün o qədər də xoş olmayan situasiya ilə üz-üzədir. Belə bir vəziyyətdə hər an ölkədə inqilabi proseslər baş verə bilər. Ramiz Mehdiyevin bu tədbiri də icra başçıları və onların müavinlərini indiki vəziyyətdə ayıq-sayıq olmağa, hər an gözlənilən sosial partlayışın qarşısını almaq üçün hazırlıq görməyə hesablanıb. Bunun əslində əməliyyat müşavirəsi adlandırmaq daha doğru olardı.