Ölkə başçısının Fransua Ollandla görüşdə uğursuz manevri
Parisdə Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşündə Fransua Olland Azərbaycanda insan hüquqları məsələsini qaldırıb. Bazar ertəsi axşam Yelisey Sarayının nümayəndəsi bildirib ki, Ilham Əliyevlə söhbət zamanı Olland həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub. Ilham Əliyev Leyla Yunusun taleyi ilə maraqlanacağını deyib.
Ilham Əliyev Leyla Yunusla maraqlanacağını deməsi sadəcə özünü baş verənlərdən xəbərsiz kimi göstərməyə cəhddən başqa bir şey deyil. Leyla Yunusla bağlı baş verənlər həm yerli, həm də beynəlxalq mətbuatda kifayət qədər geniş işıqlandırılıb. Digər tərəfdən Leyla Yunus sıradan bir vətəndaş deyil. Onun Ilham Əliyevin xəbəri olmadan həbs edilməsi və işgəncələrə məruz qoyulması sadəcə inandırıcı deyil. Digər tərəfdən rəsmi mətbuatda da dəfələrlə Leyla Yunusun həbsinə haqq qazandırılıb. Onun ermənilərə işləməsi iddia edilib. Rəsmi mətbuatda Leyla Yunus barədə dərc edilən məqalələrdəki tezisləri Ilham Əliyev də dəfələrlə Leyla Yunusun adını çəkmədən dilə gətirib.
Görünür, ölkə başçısı beynəlxalq aləmin artıq onun repressiv siyasətinə sərt reaksiya verməsinin fərqindədir, ona görə də özünü baş verənlərdən xəbərsiz kimi göstərməyə cəhd edir.