İnvestisiyaların Rusiyadan qaçdığı bir dövrdə orada zavod tikdirmək iqtisadi yox, siyasi layihədir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın Novorossiysk şəhəri yaxınlığında Kuban Neft Emalı Zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək haqqında danışıqlar aparır. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev açıqlama verib.
“Rosneft”in rəhbəri Iqor Seçinin bu yaxınlarda Bakıya səfəri zamanı ARDNŞ-lə danışıqlar apardığını xatırladan N.Əliyev danışıqların nəticəsi barədə məlumatsız olduğunu deyib.
Məlumata görə, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən sammitində Azərbaycanın Kuban NEZ-in tikintisində investisiya iştirakı müzakirə olunub. Məqsəd Azərbaycan neftinin NEZ-ə vurulması və sonra neft məhsullarının Rusiya treyderləri vasitəsilə satışıdır.
Rusiyada belə bir zavodun tikintisi Azərbaycana nə vəd edir? Qərb və ABŞ şimal qonşumuzu sanksiyalar vasitəsilə zəiflətməyə çalışdığı bir vaxtda Azərbaycan hökumətinin investor kimi çıxış etməsi nəylə nəticələnə bilər?
ReAL Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu, Rusiyaya dəstək layihəsidir: “Əslində, bu məsələnin iqtisadi tərəfindən daha çox siyasi tərəfi önə çıxır. Avropa Birliyi ölkələri, Kanada, ABŞ, Avstraliya kimi ölkələr Rusiyaya qarşı embarqolar tətbiq edir. Bu embarqolar həm də investisiya layihələrini əhatə edir. Bunun nəticəsində rubl dəyərdən düşür, valyuta ehtiyatları hər gün kəskin şəkildə azalır. Investisiyalar gəlmədiyi, Rusiyadan ciddi şəkildə kapitalın qaçmağa başladığı bir zamanda bu ölkədə iri miqyaslı layihələrə kapital qoyulması risklidir. Azərbaycan kimi ölkələrdən isə Rusiyanın bu cür layihələrdə iştirakı istəməyə ərki çatır. Azərbaycan da öz vəsaiti hesabına Novorossiyskdə neft emalı zavodu tikməyə razılıq verir”.
Ekspert onu da qeyd edir ki, Rusiya ətrafında yaranmış hazırkı vəziyyət, o cümlədən son proseslər olmasaydı, bu tip investisiyalara normal yanaşmaq olardı. Çünki nefti xammal kimi satmaqdansa, emal edib satmaq daha artıq qazanc gətirir: “Risklərin yüksək olmasının səbəblərindən biri də Azərbaycanın neftayırma zavodlarının hazırkı vəziyyətidir. Hətta ”Premium” markalı benzinin də xaricdən alındığı haqda əhaliyə məlumat verirlər. Belə olan şəraitdə bu investisiyaları elə ölkəyə qoyub, Azərbaycanda zavod tikmək daha məqsədəuyğundur. Rusiyada neftayırma tikintisində başqa bir çətinlik də var. Zavodda mütləq Qərb dövlətlərinin əlində olan yüksək texnologiyalardan istifadə olunmalıdır. Bu texnologiyaların hələ ki, Rusiyaya girişi qadağandır. Belə bir investisiya layihəsi hazırlanarkən və həyata keçirilərkən nəzərə alınmalıydı ki, embarqolar uzunmüddətli olsa, avadanlıqları gətirmək mümkün olmayacaq. Məcbur olub həmin zavodun tikintisində Rusiya istehsalı olan 70-80-ci illərin texnologiyalarından istifadə edəcəklər. Həmin zavodun malları isə rəqabətə davamsız olacaq, dünya bazarına çıxarmaqda çətinlik yaranacaq. Sadaladıqlarımı nəzərə alaraq, demək olar ki, bu, iqtisadi yox, Rusiyaya dəstək layihəsidir. Investisiyaların Rusiyadan qaçdığı bir dövrdə Azərbaycanın investor kimi çıxış etməsi bir mesajdır. Əslində, Rusiyanın istədiyi də budur. Dünyaya demək istəyir ki, məni tam təcrid etmək mümkün deyil. Mən öz ətrafımda olan ölkələr vasitəsilə investisiya məsələlərini həll edərək müəyyən işləri həyata keçirəcəm”.
Ramin DEKO