“Zərbə”ni AXCP-yə yönəltmək üçün uğursuz cəhd və Fuad Qəhrəmanlının sərt cavabı
Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin övladının toyundan çəkilən bir neçə fotonun facebook-da yayılması siyasi gündəmdə yeni qalmaqal yaradıb. Belə ki, fotolrada İkran İsrafilin YAP-çı deputat Aydın Mirzəzadəni əziz qonaq kimi toya dəvət etdiyi görünür. Başqa bir fotoda isə Müsavatın keçmiş başqanı İsa Qəmbərin deputat Fazil Mustafa ilə eyni masada oturub.
Fotoları, başda narazı müsavatçılar olmaqla, bir neçə facebook istifadəçisi tənqidi notlarla paylaşıblar. Belə tənqidi paylaşımlardan birini də AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədliov edib. O, öz statusunda yazıb: “Toyu olan gəncləri təbrik edirəm. Xoşbəxt olsunlar. Fotolara baxanda isə ürəyim bulandı. Həm də özümüzü də qınadım. Gör, bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb. Bunların fazillərdən, aydınlardan ötrü ürəyi gedirmiş ki. İsa bəy deyirdi axı, maskalar cırılacaq. Cırıldı artıq maskalar. Həqiqətən də maskalar cırıq-cırıq oldu”.
Onun bu statusu böyük maraq doğurub. Müzakirələrdə isə İkram İsrafilin YAP-çı deputatı da övladının toyuna çağırmasına haqq qazandırmaq istəyən bəziləri “zərbəni” AXCP-nin özünə yönəltməyə çalışıblar. Yazıblar ki, guya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Daşkəsənin icra başçısı Əhəd Abıyevin kürəkənidir və o da övladlarına toy edəndə Əli Kərimli eyni məclisdə Əhəd Abıyevlə bir masada otura bilər.
Fuad Qəhrəmanlı bununla bağlı ayrıca status yazaraq, bu iddiaya sərt cavab verib:
“Natiq Ədilov İkram İsrafilin oğlunun toyundan çəkilmiş şəkli paylaşaraq bir status yazmışdı. Sitat: “Fotolara baxanda isə ürəyim bulandı. Həm də özümüzü də qınadım. Gör bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb”.
Natiq bəy düz yazıb, ona görə də neçə illər çalışsaq da, bu adamlardan bizə müttəfiq olmadı, həmişə yarıda qoyub qaçdılar.
Ancaq onun bu haqlı iradına cavab verməyə sözü olmayanlar arqument tapa bilmədikləri üçün yalana əl atıblar. Yalan yazan şəxslər iddia edirlər ki, Əhəd Abıyev mənim qaynatamdır və mən də Əli Kərimlinin müavini olduğum üçün sabah övladlarımın toyunda Əli bəy əhəd abıyevlə birgə otura bilərmiş.
1) Əvvəla, əhəd abıyev mənim qayınatam deyil, rəhmətə getmiş qayınatamın qardaşdır.
2) 2010-cu ilin parlament seçkilərində efirdə iqtidarın sifarişi ilə əhəd özünə aid olan sözlərlə AXCP liderinə qarşı təhqir səsləndirdiyi üçün bütün xalqın gözü qarşısında mən ona layiq olduğu ağır cavabı verdim. Bununla da göstərdim ki, məndən ötrü formal qohumluq bağının heç bir dəyəri və anlamı yoxdur.
3) Nəinki mən əhəd kimi insanlığa ləkə birini övladlarımın xeyir işinə çağırmaram, mənimlə bərabər həyat yoldaşım Zümmrüd Yağmur da onun salamını belə almaz.
Görünür, əqidə sahibi olmayanlar və ya ailəlikcə ideya sahibi olmağın nə demək olduğunu anlamayanlar üçün əhəd kimisini toya dəvət etməkdə qəbahət bir şey yoxdur ki, bizi də bu cür görürlər. Zatən yayılan şəkillərdən görünür ki, YAP-çılarla badə qaldırıb sağlıq vurmaqda bu adamlar qəbahət heç nə görmürlər. Yox, bəylər biz sizdən fərqliyik və ona görə də sizlər cəbhəçi əxlaqı, cəbhəçi prinsipiallığı nədir bunu anlaya bilməzsiniz. Sizin kimilər biz cəbhəçilərin əxlaqsız rejimə xidmət etdiyi üçün adam saymadığı birisi ilə qohum olmağı özünüzə şans, elələri ilə bir masada oturmağı taleyin xoş anı saydığınız üçün bizi anlaya bilməzsiniz. Əgər elə olmasa idi bu foto meydana çıxmazdı və sizlər də bunu müdafiə etməzdiniz.
4) Mən ona görə Əli Kərimlinin müaviniyəm ki, lider dediyim şəxsin heç vaxt bu rejimin yalan və əxlaqsızlığını müdafiə edən YAP-çılarla bir masa arxasında oturmasını ona və müavini olaraq özümə rəva görmərəm. Mən Əli bəyi həm də ona görə lider sayıram ki, o da fotodakı şəxslər kimi YAP-çılarla duz-çörək kəsməz. Görünür sizlər bu cür olmadığınız üçün liderləriniz də sizə layiqdirlər. Bu da sizin seçiminizdir, istədiyiniz qədər “Aydın”lanın, nə deyə bilərik. Ancaq heç olmasa ayıbınıza kor olub mənən sizdən uca olanlara dil uzatmayın. Bu artıq siyasət deyil, daha çox həya məsələsidir. Bizlər siyasətdə necəyiksə, gündəlik həyatımızda da eləyik. Ona görə də indi meydanda biz, iqtidarın ətəyində isə sizsiniz”.
Mövzu ətrafında diskussiyalarda qarşılıqlı sərt sözlərə də yer verilib və bir çox hallrada Natiq Ədilovun öz paylaşımında vurduğuladığı məqamdan uzaqlaşmalar olub.
Natiq Ədilov isə özünün arayışında təkrarlayır ki, onun sual etdiyi özünü gerçək müxalifət təşkilatı adlandıran Müsavatın rəhbər şəxslərindən birinin hansı meyar, prinsip və əlaqələrə görə müxalifətə qarşı çıxışlar edən, YAP rəhbərliyində yer alan Aydın Mirzəzadəni övladının toyuna dəvət etməsi barədədir. Lakin onun paylaşımına etiraz edənlər bunun üzərindən keçərək, guya toyda kimin kimlə oturmasını irad tutmasını iddia ediblər.
Fuad Qəhrəmanlının cavab statusu ilə bağlı açılan müzakirələrdə də istifadəçilərdən biri məsələnin bu tərəfinə vurğu edərək sual verib ki, İkram İsrafillə Aydın Mirzəzadəni hansı qohumluq əlaqələri birləşdirir.