Əlayif Həsənov: «Bizə bu barədə heç bir bildiriş təqdim olunmayıb»
Mehman Əliyev: «Leyla Yunusun saxlanıldığı yerin dəyişdirilməsi ona qarşı beynəlxalq diqqətin artmasının nəticəsi kimi dəyərləndirilə bilər»
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus Kürdəxanı Istintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı Istintaq Təcridxanasına köçürülüb. SDI-nin eksperti Azad Isazadə Turan-a bildirib ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama vermək üçün Kürdəxanı Istintaq Təcridxanasına gedib, lakin administrasiya onun MTN-nin təcridxanasına köçürüldüyünü deyib.
L.Yunus Kürdəxanı Istintaq Təcridxanasında 2,5 ay qalıb və müntəzən olaraq özünə qarşı psixoloji və fiziki təzyiqlərdən şikayətlənib.
L.Yunusun həyat yoldaşı Arif Yunus avqustun əvvəlindən MTN təcridxanasında saxlanılır. Onların hər ikisi vətənə xəyanətdə ittiham olunurlar. Beynəlxaq birlik onları siyasi məhbus hesab edir.
L.Yunusun saxlanma yerinin dəyişdirilməsi səbəblərinə aydınlıq gətirmək üçün vəkili Əlayif Həsənov bildirdi ki, ona bu barədə heç bir bildiriş təqdim olunmayıb. Qanunda Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı Istintaq Təcridxanasının nəzərdə tutulmadığını deyən Ə.Həsənov vurğuladı ki, yaxın günlərdə L.Yunusla görüşülərək ona münasibətin necə olduğu ilə bağlı maraqlanacaqlar. “Leyla Yunusla görüşərək köçürmənin ona münasibətdə hər hansı dəyişikliyə gətirib çıxarıb-çıxarmadığı ilə bağlı maraqlanacağıq”, deyə Ə.Həsənov vurğuladı.
Amma bu dəyişiklik eyni zamanda L.Yunusla bağlı məlumatların ictimaiyyətə yayılmasının qarşısının alınması məqsədi də daşıya bilər. Çünki istər L.Yunusun səhhəti ilə bağlı məlumatlar, istərsə də onun həbsxanadan yazdığı məktublar mətbuatın bir nömrəli xəbərinə çevrilir.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, L.Yunusun saxlanıldığı yerin dəyişdirilməsi hüquq müdafiəçisinə qarşı beynəlxalq diqqətin artmasının nəticəsi kimi dəyərləndirilə bilər. M.Əliyev eyni zamanda hesab edir ki, bu addım L.Yunusun bir müddət sonra ev dustaqlığı ilə əvəzlənməsi ilə nəticələnə bilər.
Xəyal